Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 10 aprel – İnşaatçılar Günü münasibətilə təşkil olunan “İnşaatçılar həftəsi” silsilə tədbirlərlə başa çatıb.
"Unikal" xəbər verir ki, həftə ərzində keçirilən seminarlar, ustad dərsləri, istehsalat ekskursiyaları, intellektual yarışlar və tələbə müsabiqələri gələcəyin inşaat mühəndislərinin həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafına xidmət edib.
Tədbirlər çərçivəsində tələbələr inşaat sahəsinin tarixi və müasir inkişaf tendensiyaları ilə tanış olub, BIM texnologiyaları, beton və armatur işləri kimi aktual mövzularda praktik biliklər əldə ediblər. Eyni zamanda tikinti sahələrinə təşkil olunan ekskursiyalar vasitəsilə real istehsalat mühiti ilə yaxından tanışlıq imkanı qazanıblar. Bu isə universitet-istehsalat əlaqələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Həftə çərçivəsində keçirilən “Makaron konstruksiyalarla mühəndis qurğularının hazırlanması” müsabiqəsi tələbələrin mühəndis düşüncəsini, komanda işini və yaradıcılıq bacarıqlarını nümayiş etdirmək üçün uğurlu platforma olub. Müsabiqənin qaliblərinə AzMİU-nun tərəfdaş inşaat şirkətləri tərəfindən pul mükafatı və dədiyyələr təqdim olunub.
Silsilə tədbirlər çərçivəsində, həmçinin tikinti şirkətlərinin nümayəndələri ilə görüşlər təşkil olunub, tələbələr real iş imkanları və karyera perspektivləri ilə bağlı ətraflı məlumat əldə ediblər.
Qeyd olunmalıdır ki, AzMİU ölkəmizdə inşaat mühəndisliyi üzrə ali təhsil ənənələrini özündə birləşdirən və bu sahəni müasir çağırışlara uyğun şəkildə inkişaf etdirən aparıcı ali təhsil müəssisəsidir. Universitetin inşaat mühəndisliyi ixtisası beynəlxalq akreditasiyadan keçib ki, bu da məzunların yalnız ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində də peşəkar inşaat mühəndisi kimi fəaliyyət göstərmək imkanlarını genişləndirir.
AzMİU-da təhsil alan tələbələr iri tikinti şirkətləri ilə qurulan sıx əməkdaşlıq çərçivəsində mütəmadi olaraq istehsalat təcrübələrinə cəlb olunur, real layihələrdə iştirak edir və məzun olduqdan sonra əmək bazarında rəqabətqabiliyyətli kadr kimi formalaşırlar.
Bu gün Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri də azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti və quruculuq işlərinin həyata keçirilməsidir. Bu prosesdə peşəkar inşaat mühəndislərinin rolu xüsusi əhəmiyyət daşıyır. AzMİU məhz bu strateji istiqamətdə ölkə üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə verən əsas təhsil ocaqlarından biridir.
“İnşaatçılar həftəsi” çərçivəsində keçirilən tədbirlər bir daha göstərdi ki, AzMİU yalnız nəzəri biliklərin verildiyi ali təhsil müəssisəsi deyil, eyni zamanda gələcəyin mühəndislərinin yetişdirildiyi, onların praktiki bacarıqlarının formalaşdırıldığı və peşəkar inkişaflarının təmin edildiyi mühüm platformadır.