AZ

Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri Videokonfrans

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 10 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi (TTNDA) tərəfindən “Müasir dövrdə tikinti obyektlərinin layihələndirilməsinin əsas prinsipləri” mövzusunda videokonfrans təşkil olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən tədbirdə tikinti fəaliyyətinin subyektləri – nazirliklərin, dövlət komitə və agentliklərinin, yerli icra hakimiyyəti orqanlarının Memarlıq və tikinti şöbələrinin nümayəndələri, aparıcı layihə təşkilatlarının mütəxəssisləri, tikinti materialları istehsalçıları, Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərinin məsul şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən FHN TTNDA-nın rəis müavini Bəxtiyar Tağıyev tikinti sahəsində əldə olunan uğurların kökündə Ümummilli Lider Heydər Əliyevin konseptual yanaşması, gərgin əməyi və uzaqgörən siyasətinin dayandığını, Prezident İlham Əliyevin qayğısı nəticəsində ölkə ərazisində tikinti-quruculuq və abadlaşdırma işlərinin geniş vüsət aldığını və bu sahənin prioritet sahələrdən birinə çevrildiyini bildirib. O, agentlik tərəfindən həyata keçirilən tikintiyə nəzarət tədbirləri, ekspertizası aparılmış layihə-smeta sənədlərinə bilavasitə tikinti prosesində əməl olunması, tikintidə yol verilən nöqsanlar və onların aradan qaldırılması yolları barədə məlumat və tövsiyələr verib.

FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən infrastruktur layihələri, Ekspertiza İdarəsində baxılan tikinti layihələri barədə məlumatları diqqətə çatdırıb. O, tikinti layihələrinin ümumi tərtibat səviyyəsinə toxunub, layihələndirmədə müsbət təcrübəni və məqbul texniki həlləri, layihə-smeta sənədlərinin tərtibatında buraxılan qüsurları və onların tikinti obyektlərinin gələcək istismarına gözlənilən mənfi təsirlərini qeyd edib.

Videokonfransda Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin şöbə müdirləri və aparıcı mütəxəssisləri layihələndirmə fəaliyyətinin hüquqi və normativ bazası, baş plan və memarlıq həlləri, konstruksiyaların hesablanmasında proqram təminatı məhsulları, yol tikintisi, enerji effektivliyi, sağlamlıq, təhlükəsizlik və ətraf mühitin qorunması, tikintidə qiymətqoyma və smeta normalaşdırılması, ekspertiza prosesində sənəd dövriyyəsi və digər əlaqəli mövzularda təqdimatlar ediblər. Həmçinin ölkənin tikinti sektorunun inkişaf templərini və Ekspertiza İdarəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirdə suallar cavablandırılıb, mövzu ətrafında geniş müzakirə aparılıb, təkliflər səsləndirilib.

Sonda videokonfrans iştirakçılarına 10 Aprel – İnşaatçılar Günü ilə əlaqədar təbrik ünvanlanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
4
azertag.az

7Mənbələr