AZ

Binalarımızı korlayan saqqallı uşaq lar So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Həm İran, həm də ABŞ geriyə addım atdı. "Sivilizasiyanın məhvi", "daş dövrünə qayıdış" baş tutmadı.

Hər iki tərəf özünü qalib hesab edir.

Amma hələlik görünən odur ki, əldə olunan atəşkəsin detallarına görə bu müharibənin sonunda İran masaya şərt diktə edə bilən tərəf kimi çıxıb.

Hətta dəymiş zərərin ödənilməsi, hətta İsrailin Livana hücumlarının dayandırılması, hətta uranın zənginləşdirilməsinə razılıq məsələlərinin də gündəmə gəlməsi qeyd olunur.

Ağlasığmaz görünsə də, hələlik ortaya çıxan mənzərə budur.

Görünən odur ki, Amerika İran rejimini nə qədər sarsıtsa da, kaputilyasiyaya məcbur edə bilmədi.

İran buna necə nail ola bildi?

Yəqin ki, qarşıdakı dövrdə məhz bu sual daha çox müzakirə olunacaq.

Düşünürəm ki, İran rejimi buna hərbi qələbə ilə yox, dirəşə bilməsi, böyük itkilərə baxmayaraq, siyasi idarəetməni saxlaması, Hörmüz faktoru və uzun illər hərbi potensialını yerin altına daşımaqla  hazırlaşdığı müqavimət strategiyası hesabına nail oldu.

Görünür ki, ABŞ və İsrail hücumdan əvvəl bəzi hesablamalarda yanılıblar.

Maraqlı və bizim üçün düşündürücü məqam odur ki, nəticə etibarilə İran bu müharibədən regionda çəkisi artmış, ABŞ kimi supergüc qarşısında tab gətirmiş ölkə kimi çıxa biləcək.

Maraqlıdır, görəsən, müharibənin belə sonluqla başa çata biləcəyini hansı yerli, regional və qlobal siyasətçilər və ekspertlər proqnozlaşdıra biliblər.

Yeri gəlmişkən, Azərbaycanla dost münasibətdə olan Pakistanın atəşkəslə bağlı səyləri də təqdirəlayiqdir.

lll

- Qraffiti edən yeniyetmələrə "xain əl" demək olarmı?

Xatırlayıram ki, təxminən 20-25 il öncə Almaniyada keçirilən təlimlər çərçivəsində bizim bu ölkənin bir şəhərinin polis bölməsində görüşümüz olmuşdu.

Maraqlıdır ki, oranın polisinin əsas şikayətləri, mübarizə apardığı sahələr həm də qraffiti (divarlarda sprey və ya boya ilə çəkilən yazı və rəsmlər) ilə bağlıydı.

Bakıda da belə bir hadisə baş verib.

Bir neçə gün öncə qorunan bir memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin divarlarına da müxtəlif cızma-qaraların, müxtəlif sözlərin yazıldığı ilə bağlı məlumat yayılmışdı.

Tarixi binanın divarına yazı yazmaq düzgün deyil - bu, mədəni irsə hörmətsizlikdir və qanunla da məsuliyyət yaradır. ATV də bu istiqamətdə bir reportaj hazırlayıb.

Amma baxıram ki, baş verən hadisənin təqdimatında ifrata varıb, necə deyərlər "barıtını" hədsiz çox edib.

Yeniyetmələrin bu məsuliyyətsiz hərəkətini  "xain əl", "milli dəyərlərə hücum" kimi təqdim edib.

Yeniyetmələrin etdiyi şübhəsiz ki,  məsuliyyətsizlikdir, amma xəyanət deyil.

Qraffiti dünyanın bir çox şəhərlərində mövcuddur və bəzən problem kimi, bəzən də idarə olunan küçə sənəti kimi tənzimlənir. Avropada bu məsələ polisin gündəlik problemlərindən biridir, amma onu milli təhlükə kimi təqdim etmirlər.

Düşünürəm ki, hadisənin ATV tərəfindən ictimailəşdirilməsi təqdirəlayiq olsa da, onu şişirdib emosional terminlərlə təqdim etmək doğru yanaşma deyil. 

Bir neçə yeniyetmənin səhvini "xəyanət" səviyyəsinə qaldırmaq nə hüquqi, nə də ictimai baxımdan sağlam mövqedir.

Yeniyetmələri bu cür ağır ifadələrlə damğalamaq onlarda psixoloji gərginlik yarada, özünəinamı azalda və cəmiyyətə qarşı da aqressiv reaksiyalara səbəb ola bilər. Bu yanaşma həm də məktəb mühitində də bullinq riski və təhsilə motivasiyanın zəifləməsi ilə nəticələnə bilər.

Daha doğru yanaşma bu ola bilərdi ki, tarixi abidə qorunmalıdır, gənclərə izah edilməlidir, maarifləndirmə aparılmalıdır, məktəb rəhbərliyinin nəzərinə çatdırılmalıdır, valideynləri də artıqlamasıyla zərəri bərpa etməlidirlər.

Arzu Qazıyeva, jurnalist:

- Deyirlər ki, dindar qadınların başlarını örtməsi üçün milli örtük təklif olunur. Milli örtük nədir? Kələğayıdır, kələğayı!

Ortada hələ əməli proses başlamayıb, amma etirazlar aşıb-daşır.

Niyə?

Kələğayının nəyi pisdir?

Əsas məsələ başın örtülməsidirsə, onda nə fərqi var, hicab, yoxsa kələğayı?

Kələğayı söhbəti niyə bu qədər ajiotaj doğurur ki?

60-70-ci illərədək rayonlarda, kəndlərdə qadınlarımız kələğayı ilə başlarını örtüblər.

Həm yüngüldür, həm zərif, təmiz ipək, həm də əlvan rənglərdə, naxışları ilə. Dindar qadınlara əlavə yaraşıqdır. Hicab kimi altından xeyli başqa örtüklər bağlayıb sancaqlamağa ehtiyac yoxdur. Ən əsası özümüzündür!

Evimizdə hələ də o vaxtın kələğayıları qalır. Dindar deyiləm, amma başımı örtmək istəyəndə, məsələn, küləkli havada, böyük məmnuniyyətlə istifadə edirəm. Heç bir problem yaratmır.

Azərbaycan kələğayılarının keçdiyi tarixi yolu var. Məncə, onu yalnız turistlər üçün toxunan suvenirlikdən çıxarıb dindar xanımlarımızın geniş istifadəsinə buraxmaq lazımdır.

"Aran" qəzeti:

- Ağcabədidə yas mərasimlərinin sadələşdirilməsi təşəbbüsü genişlənir.

Son dövrlər Ağcabədi rayonunda yas mərasimlərinin daha sadə şəkildə keçirilməsi istiqamətində irəli sürülən təşəbbüslər getdikcə daha geniş vüsət alır. Bu sahədə növbəti nümunə rayonun Yeni Qaradolaq kəndində qeydə alınıb.

Kənd sakini Allahverdi Səfərovun vəfatından sonra onun övladları ənənəvi ehsan süfrəsi təşkil etmək əvəzinə fərqli və nümunəvi addım atıblar. Belə ki, mərhumun yas mərasimindən sonra heyvan kəsilərək kənd icra nümayəndəliyindən əldə olunan siyahı əsasında otuza yaxın aztəminatlı ailəyə, hər birinə iki kiloqram olmaqla ət paylanıb.

Bu humanist təşəbbüs kənd sakinləri tərəfindən yüksək qiymətləndirilib və digər ailələr üçün də örnək kimi təqdim olunması tövsiyə edilib.

Qeyd edək ki, mərhumun övladları müxtəlif sahələrdə fəaliyyət göstərir və onların geniş ehsan süfrəsi təşkil etmək imkanları olsa da, mövcud çağırışlara qoşularaq daha faydalı və sosial yönümlü addım atmağa üstünlük veriblər. Bu yanaşma yas mərasimlərinin mahiyyətinə uyğun olaraq ehtiyacı olanlara dəstək göstərilməsinin vacibliyini bir daha nümayiş etdirir.

Vüsal Məmmədov, jurnalist:

- Süni İntellekt böyük həcmdə enerji udub, böyük həcmdə zibil qusan konveyerə çevrilib.

Yazdığı mətnləri oxumağa dəymir - duzsuz, hissiz, quru, bəzən də yalan.

Yaratdığı şəkillər - rəng yığını.

Generasiya etdiyi videolar - süni, saxta, mənasız.

"Bəstələdiyi" musiqilər - boş kakofoniya.

Heç birindən zövq almaq olmur. Əvvəl-əvvəl bir az təəccüblü gəlirdi, bir az maraq doğururdu, indi o da yoxdur.

Mətn, musiqi, rəsm insanın hisslərini ifadə edəndə maraqlıdır. Fotonun, videonun mənası reallığı əks etdirməsindədir. Reallığı əks etdirmirsə, foto-video nəyə lazımdır?

Bir musiqiçinin ustalığından zövq almayacağamsa, nə edirəm o "musiqini"?

Bir misranı oxuyanda necə doğulduğuna heyrətlənməyəcəyəmsə, niyə oxuyuram ki?!

Maraqlı o deyil ki, kran neçə ton yük qaldırır; maraqlı odur ki, atlet insanın imkanlarının yeni sərhədinə çatmaq üçün neçə kilo qaldıracaq?!

Tonlarla "generated" zibil internetin hər küncünü doldurub - sosial şəbəkələri, yutubu, saytları... Adam iyrənir, baxmaq da olmur!

Zibil az idimi, bu da bu yandan gəldi?

Məğrur Əli Polad, jurnalist:

- Paytaxtı Bakıdan köçürmək lazımdı. Və təkcə subasmaya görə yox. 1990-cı illərdən - Bakı sürətlə böyüməyə başlayandan bu yana zaman-zaman ciddi problemlərin şahidi olmuşuq, yenə də olacağıq. Təbii fəlakətlərdən, kommunal problemlərdən tutmuş, tıxaclaradək və s. Bu halında Bakıya nə qədər pul qoyulsa da, nəticə problemləri həll etmək yox, müvəqqəti yola vermək olacaq. Məsələyə dərindən və məntiqli yanaşmaq vaxtı çoxdan çatıb.

Hələ bir neçə il öncə öz fikrimi yazmışdım, indi də aktualdı: mənə görə, ən yaxşı variant sıfırdan qurulan Ağdam şəhəridir.

Ülviyyə Həmzəyeva, Əməkdar rəssam:

- Sosial şəbəkədən öyrəndiyim məlumata dair, Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən Belarus vətəndaşı, ADA-nın 20 yaşlı ikinci kurs tələbəsi barədə həbs qətimkan tədbiri seçilmişdir.

Başqa növ cəza vermək olardı... Divarı təmizləyə bilərdi, məsələn... Bilmirəm bu məlumat doğrudur və ya yanlış... Iakin bir gəncin həyatı bu hadisə ilə qaralanmamalı idi... 20 yaş az deyil, düşünən gəncdir və səhvini başa düşərdi - başa düşməli idi!..

Fikrimdə qalıram və qraffiti üçün məkanlarımız olsaydı, gənclər orada özlərini ifadə edə bilərdi deyə düşünürəm... Binalarımızı korlayan o qədər "SAQQALLI UŞAQ"lar var ki...

Şəhərlərimiz isə yazısız, pozusuz gözəldir...

Qulu Məhərrəmli, professor:

- ABŞ-nin İranda vurulan F-15 təyyarəsinin ikinci pilotunun dünən bir növ macəra kimi xilas edilməsi lap Hollivud filmlərinin fantastik süjetini xatırladır. Həmin pilotun əsir götürülməsi Trampa və Pentaqona ciddi əzablar yaşadacaqdı. Bəs pilotu İranın dərinliklərindən - İsfahan yaxınlığından necə tapıb döyüş vertolyotu ilə çıxarıblar?

Əslində F-15 döyüş təyyarəsi vurulduqdan sonra, iki pilotun xilas edilməsi üçün ABŞ xüsusi hazırlıqlı 200 əsgər göndərib. Təyyarənin birinci pilotu daha tez - gündüz vaxtı və İran qüvvələrinin ağır atəşi altında xilas edilib.

İkinci pilot isə yaralı olmasına baxmayaraq, dağlıq ərazidə 24 saatdan çox sağ qalıb. "Fox News" yazıb ki, hər iki pilot qəzadan sonra ABŞ qüvvələri fövqəladə kommunikasiya qurğuları ilə əlaqə yarada biliblər. ABŞ rəsmilərinin dediklərinə görə, pilotların arxasınca SEPAH və "Bəsic"in xüsusi birlikləri də düşüblər. Bunun üçün ABŞ-nin xilasetmə komandasına maneə yaratmağa cəhd edilib, amma İran birlikləri zərərsizləşdirilib.

Atışma zamanı İran qüvvələri arasında itkilərin olduğu iddia edilir. Bununla belə, xilasetmə zamanı ABŞ-nin iki xilasetmə təyyarəsinin İran tərəfindən vurulduğu, onun heyəti arasında yaralıların olduğu, amma onların da İrandan sağ-salamat çıxarıldığı bildirilib. 

Pentaqon bu xilasetmə planını tarixə düşəcək fövqəladə hərbi əməliyyat kimi qiymətləndirib.

Xaqani Səfəroğlu, jurnalist:

- Məşhur gitara ifaçısı Rəmişin vəfatından 5 il ötür.

Rəmiş 77 il yaşadı. Yarıəfsanə adam idi. Onun apardığı toylar gur və yaddaqalan olurdu. Məclislərdə Rəmişlə tanışlığı olanların danışdığı əhvalatlara xüsusi diqqətlə qulaq asardılar.

Xalq zövqünü oxşayanlardan idi.

Azərbaycanda gitara "kult"unu yaradan idi Rəmiş... Uzun saçlı, qara eynəkli, əlində gitara tutmuş Rafiqin fotoları maşın salonlarını, bərbərxana divarlarını bəzəyirdi.

"Lap Rəmiş kimi çalır", "Rəmişin xallarını vurur" - Təzə gitara ifaçılarının eşitmək istədiyi təriflərdən biri idi bu kəlmələr.

Özü bunun fərqində deyildi. Müsahibələrində kələ-kötür danışığı ilə ifa etdiyi musiqinin ruhunu sözlərlə aça bilmirdi. Yalnız barmaqları ürəyindən keçən sözlərini melodiyaları ilə üzə çıxarırdı.

İmprovizələri ilə fərqlənirdi.

İfa etdiyi "gözüm yaşla dolmasınmı?" mahnısında imporvizələri gözəldir.

Çexlərin 40 il əvvəl arxivə atdıqları "Jolana" gitarasını Azərbaycanda "diri saxlayan" sonuncu mogikan idi.

Rəmiş öldü.

Gitarası qaldı. Melodiyaları ilə birgə...

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
525.az

1Mənbələr