AZ

Mənalı və şərəfli ömürdən səhifələr

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 10 aprel, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Milli Məclisin Elm və təhsil komitəsi ilə birgə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən tədbir keçirilib.

Tədbir çərçivəsində, həmçinin 1990-cı illərin əvvəllərində Ulu Öndərin rəhbərliyi altında çalışmış Mehrac Əliyevin fəaliyyəti haqqında “Mənalı və şərəfli ömürdən səhifələr” kitabı təqdim olunub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

BMU-nun rektoru Yaqub Piriyev çıxışında Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçiliyimizin memarı, milli ideologiyanın və ölkəmizin hərtərəfli inkişaf strategiyasının banisi kimi tarixi xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ciddi tarixi sınaqlardan uğurla çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoyub, ölkədə hüquqi dövlət quruculuğu istiqamətində fundamental addımlar atılıb, iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm baza formalaşdırılıb. Eyni zamanda, milli təhsil strategiyasının müəyyənləşdirilməsi, elm və mədəniyyətin inkişafı, gənclərin savadlı və vətənpərvər ruhda yetişdirilməsi onun fəaliyyətinin prioritetlərindən olub. 1990-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün Azərbaycanda yaratdığı ağır siyasi böhran, idarəetmədəki zəiflik, iqtisadi tənəzzül və sosial gərginlikdən danışan rektor bildirib ki, bütün sferalarda uğursuzluqlar ölkənin suverenliyi üçün ciddi təhlükə yaratmışdı. Belə bir mürəkkəb tarixi mərhələdə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin xilasında həlledici rol oynayıb.

Vurğulanıb ki, tədbir çərçivəsində Mehrac Əliyevlə bağlı kitabın təqdim olunması təsadüfi xarakter daşımır. Mehrac Əliyev 1990-cı illərin əvvəllərində ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, siyasi mübarizənin önündə dayanıb, Yeni Azərbaycan Partiyasının Ordubad rayonunda formalaşmasında mühüm rol oynayıb.

Sonra Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü İmran Əbilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, BMU-nun professoru Şikar Qasımov və digərləri çıxış ediblər. Onlar çıxışlarında Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, müstəqil dövlət quruculuğunun formalaşdırılmasında və milli inkişaf strategiyasının müəyyənləşdirilməsində misilsiz xidmətlərindən bəhs edib, onun siyasi irsinin bu gün də ölkənin hərtərəfli inkişafına xidmət etdiyini diqqətə çatdırıblar. Vurğulanıb ki, Heydər Əliyevin müəyyən etdiyi strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək qalib ölkəmizin daha da güclənməsinə xidmət göstərir.

Çıxış edənlər Mehrac Əliyevin ictimai-siyasi fəaliyyəti və dövlətçilik prinsiplərinə sadiqliyindən danışıblar. Bildirilib ki, o, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun müdafiəçisi kimi 1990-cı illərin əvvəllərində mühüm xidmətlər göstərib, ona edilən hücumlara, yaralanmasına baxmayaraq, öz yolundan dönməyib. Mehrac Əliyevin, həmçinin bölgənin sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi işlər, habelə uzun illər müəllim kimi çalışarkən gənc nəslin yetişməsinə verdiyi töhfələr, müxtəlif nazirliklərdə məsul vəzifələrdəki səmərəli fəaliyyəti diqqətə çatdırılıb.

Sonda Mehrac Əliyev ona göstərilən yüksək diqqət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirib. O, Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb, onunla görüşlərinin həyat və fəaliyyətində xüsusi yer tutduğunu vurğulayıb. Gənc nəslə dəyərli tövsiyələrini çatdıran Mehrac Əliyev, onları milli-mənəvi dəyərlərə sadiq qalmağa, vətənə və xalqa xidmət etməyi əsas məqsəd kimi müəyyənləşdirməyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr