AZ

Netanyahu İsrail ordusunu “dünyanın ən yüksək mənəviyyatlı ordusu” adlandırıb

İsrailin Baş naziri bildirib ki, Təl-Əvivə qarşı siyasi müharibə aparan heç bir ölkə bunun bədəlini ödəmədən qalmayacaq, İspaniya nümayəndələrinin isə koordinasiya mərkəzindən çıxarılması barədə göstəriş verilib...

Poliqon xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu açıqlama verib.

Netanyahu İsrail Ordusunu dünyanın ən yüksək mənəviyyata malik ordusu adlandıraraq, İspaniyanı sərt şəkildə qınayıb. O bildirib ki, İsrail dövləti özünə qarşı yönəlmiş hücumlar və ittihamlar qarşısında susmaq niyyətində deyil.

İsrail hökumət başçısının sözlərinə görə, İspaniya İsrail Müdafiə Ordusunun əsgərlərini böhtanla hədəf alıb. Netanyahu qeyd edib ki, məhz buna görə o, İspaniya nümayəndələrinin Kiryat-Qatda yerləşən koordinasiya mərkəzindən çıxarılması barədə göstəriş verib. Onun sözlərinə görə, Madrid daha əvvəl dəfələrlə İsrailə qarşı mövqe sərgiləyib.

Baş nazir vurğulayıb ki, İsrail dövlətinə qarşı çıxıb terrorçu rejimlərə qarşı dayanmaq istəməyən heç bir tərəf regionun gələcəyi ilə bağlı məsələlərdə Təl-Əviv üçün tərəfdaş sayıla bilməz. Netanyahu bunu həm ikiüzlülük, həm də açıq düşmənçilik kimi qiymətləndirib.

O əlavə edib ki, İsrailə qarşı siyasi müharibə aparan istənilən ölkə bunun nəticələri ilə üzləşəcək. Netanyahu bildirib ki, heç bir dövlətə İsrailə qarşı düşmən xətt yürütməyə və buna görə dərhal cavab almadan davam etməyə imkan verilməyəcək.

Bu bəyanat İsrail ilə bəzi Avropa ölkələri arasında münasibətlərin daha da gərginləşdiyi bir dövrdə səslənib. Xüsusilə Qəzza zolağı və regiondakı hərbi-siyasi proseslər fonunda Təl-Əvivin beynəlxalq tənqidlərə cavabı daha sərt və açıq xarakter almağa başlayıb.

Poliqon.info

Seçilən
38
poliqon.info

1Mənbələr