AZ

Orbanın şok ittihamı – Facebook seçkilərdə onun əleyhinə işləyir

Macarıstanda seçkilər ərəfəsində hakimiyyətlə sosial media platformaları arasında gərginlik artıb.

Musavat.com xəbər verir ki, bu barədə nüfuzlu Politico saytında dərc olunan müəllif yazısında jurnalist Maks Qriera yazıb

Macarıstanın baş naziri Viktor Orbanın hökuməti onun seçki kampaniyasının Facebook platformasının daxili alqoritmləri tərəfindən zəiflədildiyini iddia edir. Hökumət sözçüsü Zoltan Kovaç bildirib ki, “alqoritm faktiki olaraq hökumət partiyalarının əleyhinə işləyir”.

Facebook-un ana şirkəti olan Meta isə bu iddiaları rədd edir.

Yazıda qeyd olunur ki, Orban 16 illik hakimiyyəti dövründə ən ciddi siyasi rəqiblə üz-üzədir. Onun əsas rəqibi Peter Maqar sosial şəbəkələrdə aktivliyi ilə seçilir və seçkilər öncəsi sorğularda irəlidədir. Maqar xüsusilə Facebook paylaşımları vasitəsilə hökumətdə korrupsiya və nepotizmi tənqid etməklə diqqət çəkib.

Statistikaya görə, Orbanın 1,6 milyon izləyicisi olduğu halda, Maqar daha az izləyici ilə daha yüksək interaksiya əldə edir. Mart ayında Maqarın 287 paylaşımı 14 milyondan çox reaksiya topladığı halda, Orbanın 342 paylaşımı təxminən 7,8 milyon reaksiya yığıb .

Maqarın partiyası “Tisza”nın nümayəndəsi Marton Haydu onun uğurunu “alqoritmin dilini bilməsi” və xəbərlərin ritminə uyğun hərəkət etməsi ilə izah edib.

Kovaç isə fərqin səbəbini Meta-nın istifadə etdiyi fərqli profil sistemlərində görür. Onun sözlərinə görə, Orban “siyasətçi səhifəsi” ilə fəaliyyət göstərir və bu səhifə daha çox məhdudiyyətlərə məruz qalır, Maqar isə “ictimai fiqur” kateqoriyasında şəxsi profil istifadə edir və bu, daha geniş auditoriyaya çıxış imkanı verir.

Orbanın komandası mart ayında Facebook-un onun paylaşımlarını məhdudlaşdırdığını iddia etmiş, həmçinin bəzi istifadəçilərin bir neçə gün ərzində baş nazirin paylaşımlarını “like” edə bilmədiyini bildirmişdi. Lakin Meta nümayəndəsi bu iddiaları təkzib edərək qeyd edib ki, platformada “siyasətçi səhifələri” ilə digər profillər arasında yayım baxımından fərq yoxdur .

Yazıda vurğulanır ki, sosial media artıq Avropada seçki kampaniyalarının əsas platformalarından birinə çevrilib. Macarıstanda xüsusilə Facebook ən geniş istifadə olunan şəbəkədir və 2026-cı ilin fevral ayında ölkədə 4 milyon ziyarət qeydə alınıb.

Bundan əlavə, Meta-nın 2025-ci ilin oktyabrında Avropa İttifaqı qanunvericiliyinə uyğun olaraq siyasi reklamları qadağan etməsi Orbanın partiyası Fidesz üçün ciddi problem yaradıb. Çünki partiya əvvəlki seçki kampaniyalarında məhz rəqəmsal reklamlara geniş şəkildə güvənirdi.

Araşdırmalara görə, 2024-cü il Avropa Parlamenti seçkiləri zamanı Fidesz və ona bağlı qurumlar Meta və Google platformalarında 5,4 milyon avro reklam xərclədiyi halda, müxalifət qüvvələri cəmi 1,4 milyon avro xərcləyib .

Buna baxmayaraq, Maqar daha şəxsi və birbaşa video üslubu ilə auditoriya ilə daha effektiv əlaqə quraraq üstünlük əldə edib. Bu, ona Orbanın nəzarət etdiyi ənənəvi media sistemini də qismən kənardan keçməyə imkan verib.

POLITICO-nun təhlilinə görə, sosial medianın təsiri artdıqca seçicilərin informasiya mənbələri də dəyişir və siyasi mübarizə getdikcə daha çox rəqəmsal platformalar üzərindən aparılır.

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr