İranın Məclis sədri Məhəmməd Baqir Qalibaf ABŞ ilə aparılacaq danışıqlara dair "Xoş niyyətimiz var, amma etibarımız yoxdur", - deyib.
"Cebheinfo.az" xəbər verir ki, bunu "Təsnim" xəbər agentliyi yazıb. Məlumata görə, İranın danışıqlar heyətinin rəhbəri Qalibaf İslamabad hava limanında mətbuat nümayəndələrinin ABŞ vitse-prezidenti Cey Di Vensin son açıqlamaları ilə bağlı suallarını cavablandırıb.
Qalibaf "Təəssüf ki, ABŞ ilə danışıqlar təcrübəmiz hər zaman uğursuzluq və onların vədlərinə əməl etməmələri ilə nəticələnib. Bir ildən az müddətdə iki dəfə danışıqlar davam edərkən, İran tərəfinin xoş niyyətinə baxmayaraq, bizə hücum etdilər və çox sayda müharibə cinayəti törətdilər. Xoş niyyətimiz var, amma etibarımız yoxdur", - deyib.
İslamabaddakı danışıqlarda ABŞ tərəfinin real bir razılaşmaya hazır olması və İran xalqının haqlarını verməsi vəziyyətində İran tərəfinin də razılığa hazır olduğunu dilə gətirən Qalibaf "Mövcud müharibədə onlara bunu göstərdik, əgər danışıqlardan nəticəsiz bir şou və aldatma əməliyyatı üçün istifadə etmək istəsələr, biz də Allaha iman edərək və xalqımızın gücünə söykənərək haqlarımızı əldə etməyə hazırıq", - ifadələrini işlədib.
Xatırladaq ki, ABŞ vitse-prezidenti Cey Di Vens İran ilə Pakistanda keçiriləcək danışıqlar üçün yola düşməzdən əvvəl verdiyi açıqlamada "İran xoş niyyətlə danışıqlar aparmaq istəyirsə, əlimizi uzadacağıq, bizimlə oyun oynamaq istəyirlərsə, bu, yaxşı nəticələnməyəcək" demişdi.