AZ

Asiya İnkişaf Bankının yeni ssenariləri

Neft qiymətləri 2026-cı ildə dünya iqtisadiyyatı üçün əsas təsiredici amil olacaq

Asiya İnkişaf Bankı (AİB) “Asiyanın İnkişaf Perspektivləri” adlı aprel icmalında qlobal iqtisadiyyatın vəziyyətinə dair açıqladığı yeni hesabatında enerji amilinin region ölkələri üçün təsiredici ehtimallarını təqdim edib. Bank Yaxın Şərqdəki münaqişə və onun dünyada neftin qiymətlərinə mümkün təsiri fonunda vəziyyətin necə inkişaf edə biləcəyi ilə bağlı üç ssenari gözləyir.

Birinci ssenaridə, qısamüddətli təchizat fasilələri bir rüb davam etsə, “Brent” markalı neftin qiyməti 2026-cı ilin ikinci rübündə təxminən 105 dollara çata bilər. İkinci ssenariyə əsasən, fasilələrin qarşıdakı ikinci və üçüncü rübdə davam edəcəyi təqdirdə, neftin qiyməti 130 dollara qədər yüksələ bilər və nəticədə qlobal artım daha da azala bilər. Üçüncü, ən mənfi ssenari isə il ərzində ciddi fasilələrin olacağı ehtimalıdır ki, bu halda, qiymətlər 2026-cı ilin ikinci yarısında 155 dollara çata və 2027-ci ilə qədər yüksək səviyyədə qala bilər. Bütün bu ssenarilər qlobal iqtisadiyyatın vəziyyətini ciddi şəkildə müəyyənləşdirəcək.

Yaxın Şərqdəki münaqişə qeyri-müəyyənlik riskləri yaradır

AİB-nin baş iqtisadçısı Albert Park vurğulayıb ki, Yaxın Şərqdə uzanan münaqişə region üçün əsas risk olaraq qalır, çünki bu, enerji və ərzaq qiymətlərinin artmasına və maliyyə şəraitinin daha da sərtləşməsinə səbəb ola bilər. Qeyd olunur ki, region mövcud çətin qlobal dövrə nisbətən davamlı daxili amillər - güclü daxili tələbat, sabit əmək bazarları və infrastruktura artan dövlət investisiyaları ilə daxil olur, xarici maliyyə aktivləri isə azalır. Çində iqtisadi artımın zəifləməsi daşınmaz əmlak bazarı və ixrac fəaliyyətinin azalması fonunda 2026-cı ildə 4,6 faizə, 2027-ci ildə isə 4,5 faizə qədər enəcək. Hindistanda isə güclü daxili tələbat səbəbindən artımın 2027-ci ildə 7,3 faizə qədər sürətlənməzdən əvvəl 6,9 faizə qədər azalacağı fərz edilir. Sakit okean regionu ölkələrində də zəif inkişaf indikatorları gözlənilir.

AİB qeyd edir ki, Yaxın Şərqdəki münaqişə və qlobal ticarətdə davam edən qeyri-müəyyənlik əsas təzyiq amilləridir və enerji daşıyıcılarının qiymətlərinin artması və gübrə bazarlarında potensial fasilələr qlobal ərzaq qiymətlərinə inflyasiya təzyiqini artıracaq. Energetika resurslarının təchizatında daha uzun müddətli fasilələr və logistika nasazlıqları qlobal maliyyə vəziyyətinin daha da sərtləşməsinə səbəb olur. Bu səbəbdən regionda inflyasiyanın 2026-cı ildə 3,6 faizə, 2027-ci ildə isə əvvəlki gözləntilərə nisbətən bir qədər artaraq 3,4 faizə yüksələcəyi gözlənilir.

Azərbaycan iqtisadiyyatı mülayim artım templəri nümayiş etdirir

Asiya Bankının Azərbaycanla bağlı proqnozlarına əsasən, ölkəmizdə iqtisadi artım 2026-cı il üzrə 2 faiz, 2027-ci ildə isə 1,8 faiz səviyyəsində gözlənilir. Bu, AİB-in əvvəlki hesabatındakı eyni göstərcilərə uyğundur. Bank iqtisadiyyatın dəyər yaradan əsas sahələrindən biri olan sənaye sektorunda istehsalın cari ildə 0,2 faiz, gələn il isə 0,1 faiz artacağını fərz edir. Aqrar sektorun inkişaf gözləntiləri isə 2026-cı ildə 1,4 faiz, 2027-ci ildə isə 1 faiz təxmin olunur.

Azərbaycanın maliyyə sektorunda vəziyyətə gəlincə, AİB hesab edir ki, Azərbaycan iqtisadiyyatı mülayim artım templəri nümayiş etdirir və fiskal dayanıqlılıq saxlanılmaqdadır. Əsas dəyər yaradan sahə - qeyri-neft mənbələrinin üzərində inkişaf templəri ümumi iqtisadi artımı təmin edir. Hökumətin stimullaşdırıcı büdcə və kredit siyasətləri çərçivəsində qeyri-neft dinamikası əlavə dəyərin formalaşmasında üstünlük təşkil etməkdədir.  Xarici ticarət və tədiyyə balansında müsbət saldonun qeydə alınması makrosabitliyin möhkəm sütunlarda dayandığını göstərir. Büdcə ÜDM-in 2,6 faiz səviyyəsində qeydə alınan profisiti maliyyə-fiskal yığımların əvvəlki fiskal hərarətinin davam etməsini təsdiqləyir. Dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2 faiz, 2027-ci ildə isə 2,1 faiz təşkil edəcəyini gözləyir. Vurğulanır ki, 2026-cı ildə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) transfertlər ÜDM-in 9,3 faizini təşkil edəcək. Dövlət büdcəsinin xərcləri isə ÜDM-in 30,3 faizinə bərabər olacaq ki, xərc portfelinin 10,2 faizi dövlət əsaslı vəsait qoyuluşlarının payına düşəcək.

Azərbaycanda monetar amil də ümidvericidir, yürüdülən uçot siyasəti faiz dərəcələrinin yumşalmasından xəbər verir. Belə ki, Mərkəzi Bank uçot dərəcəsini 7 faizə endirib, sentyabrda da eyni dərəcədə saxlaması sərt pul siyasətindən daha konservativ olduğunu şərtləndirmklə bank sektoru üçün əlverişli faiz tətbiq etməsinə imkan yaradır. Bu tendensiya ölkənin maliyyə dayanıqlığına da işarə edir, Azərbaycan manatının sabitliyinin bir göstəricisi olaraq çıxış edir. Manat ABŞ dollarına nisbətdə 1,7 səviyyəsində sabit olaraq qalır və bu sabitliyin 2026-2027-ci ilərdə qüvvədə qalacağı gözlənilir.

İnflyasiya gözləntiləri sabitdir

Asiya Bankının qiymətləndirmələrinə görə, Azərbaycanda orta illik inflyasiyanın həcmi 2026-cı ildə 5,7 faiz, 2027-ci ildə isə 4,9 faiz təşkil edəcək. Bank ötən ilin sentyabr ayındakı proqnozuna nisbətən istehlak qiymətləri indeksi cari il üzrə 2,2 faiz-bənd artırıb. Bunun əsas səbəbi kimi qlobal karbohidrogen qiymətlərinin yüksək qalması səbəbindən idxal xərclərinin artması fonunda inflyasiyanın yüksəlmək ehtimalıdır. 2027-ci ildə isə yenidən idxal riskləri aşağı düşəcək ki, bu da gələn il üzrə təqdim edilən proqnozun azalmasına səbəb olacaq.

Yeri gəlmişkən, dünyanın digər nüfuzlu institutlarının da aprel hesabatlarında Azərbaycanla bağlı inflyasiya ehtimal AİB-in göstəricilərinə yaxındır. Beynəlxalq Valyuta Fondunun (BVF) qlobal iqtisadiyyata dair proqnoz baxışlarına əsasən,  Azərbaycan üzrə inflyasiya 4,8 faiz nisbətində müşayiət olunacaq. Fondun qlobal əmtəə bazarlarına dair son hesabatına əsasən, 2026-cı ilin birinci yarısı ərzində  enerji məhsullarının bahalaşması qiymət indeksini artıra bilər. Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda orta illik inflyasiyanı 2026-cı ildə 5,3 faiz, 2027-ci ildə isə 5,8, faiz səviyyəsində proqnozlaşdırır. Dünya Bankının yenilənmiş nəşrində isə ölkəmizdə istehlak qiyməti inkdeksi üzrə proqnoz 2026-cı və 2027-ci illərdə 5-6 faiz səviyyəsində proqnozlaşdırılır.

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanda cari ildə orta illik inflyasiyanın 4,5 faiz, “Fitch Ratings” 4,6 faiz, “Fitch Solutions” 5,5 faiz səviyyəsində olacağını gözləyir.

Ölkə Tərəfdaşlıq Strategiyası üzrə AİB-in maliyyə baxışı

AİB Azərbaycanda əlverişli investisiya mühitinin təmin edildiyinə diqqət çəkərək təsdiq olunmuş yeni Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) sənədinə əsasən, ölkəmizdə dayanıqlı iqtisadiyyatın təmin olunması, özəl sektorun təşviqi, maliyyə sektorunun gücləndirilməsinə dəstək verəcəyini bəyan edir. Azərbaycanda yeni investisiyayönümlü sahə kimi ön plana keçən texnologiyalar, rəqəmsal və “yaşıl iqtisadiyyat”a yönələn sərmayələrin axını bu istiqamətdə növbəti illərdə iqtisadi stimul yaradacaq. Bank özü də bu sahədə maliyyələşmədə maraqlı donor kimi Azərbaycanın etibarlı maliyyə təchicatçısı olmaq niyyətindədir.

Qeyd edək ki, Asiya Bankı 27 ilə yaxındır ki, ölkəmizdə infrastruktur, nəqliyyat, su təchizatı və enerji, maliyyə, təhsil və səhiyyə sektorlarında müxtəlif layihələrin maliyyələşdirilməsində ən yaxın tətəfdaş kimi təmsil olunmaqdadır. Bank Azərbaycan hökumətinin prioritetləri əsasında ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarda, infrastruktur layihələrinin maliyyələşdirilməsində yaxından iştirak edib. İndiyə qədər  Asiya İnkişaf Bankı ilə Azərbaycan Respublikası arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində 4,5 milyard dollara yaxın maliyyələşdirmə proqramları həyata keçirilib.

E.CƏFƏRLİ

Seçilən
32
1
yeniazerbaycan.com

2Mənbələr