AZ

Yevlaxda daşınmaz əmlak bazarında BAHALAŞMA – Qiymətlər rekord həddə YÜKSƏLDİ

Ölkədə daşınmaz əmlak bazarında Bakının lider mövqeyi hər kəsə məlumdur. Paytaxtda mənzil qiymətləri ənənəvi olaraq regionlarla müqayisədə daha yüksək olub.

Lakin son illərdə fərqli mənzərə formalaşır. Artıq bölgələrdə də həm torpaq, həm də ev qiymətlərində ciddi artım müşahidə olunur. Bəzi rayonlarda qiymətlər hətta Bakı səviyyəsinə yaxınlaşıb.

Bu rayonlardan biri də aran bölgəsində yerləşən Yevlaxdır. Yerli sakinlərin sözlərinə görə, son beş ildə burada mənzil qiymətləri kəskin şəkildə bahalaşıb.

Rayon sakini Esmira Məmmədovanın sözlərinə görə, Aran rayonu olmasına baxmayaraq Yevlaxda həm kirayə həm də satışda olan evlərin qiyməti kəskin artıb:
 

"Son illərdə rayonumuzda  həm kirayə qiymətlərində, həm də mənzil alqı-satqısında ciddi artım müşahidə olunur. Əgər 2021–2022-ci illərdə ikiotaqlı mənzili 21–22 min manat civarında almaq mümkün idisə, hazırda həmin mənzillərin qiyməti demək olar ki, iki-üç dəfə artaraq 55–60 min manat səviyyəsinə çatıb.


Bu artım təkcə alqı-satqı bazarında deyil, eyni zamanda kirayə qiymətlərində də özünü açıq şəkildə göstərir.

Xüsusilə qiymət artımı daha çox həyət evlərində müşahidə olunur. Hazırda həyət evlərinin qiyməti 100–150 min manat arasında dəyişir və bu da əvvəlki illərlə müqayisədə ciddi bahalaşmanın göstəricisidir.

Eyni zamanda kirayə bazarında da artım müşahidə olunur. Hazırda ən sadə mənzillərin kirayə qiyməti 250–300 manatdan başlayaraq 800 manata qədər yüksəlir.

Mənzil bazarında baş verən bu dəyişikliklər vətəndaşların sosial vəziyyətinə birbaşa təsir edir və xüsusilə gənc ailələrin ev sahibi olmasını daha da çətinləşdirir".

Məsələ ilə bağlı ev alqı-satqısı sahəsində fəaliyyət göstərən İsa Quliyevin də münasibətini  öyrəndik.

Bölgə turizm zonası olmasa da, ev qiymətlərinin bu qədər artmasının səbəblərini araşdırmağa çalışdıq.

İsa Quliyev bildirdi ki, bunun bir neçə əsas səbəbi var.

Onun sözlərinə görə əsas səbəb bu dövrdə bir neçə region idarəsinin bölgədə yerləşməsidir:

"Son dövrlərdə rayonumuzda təbii olaraq həm kirayə qiymətləri, həm də mənzil alqı-satqısı kəskin şəkildə artıb. Bunun bir neçə səbəbi var. Hətta Mingəçevirə nisbətdə burada mənzillərin qiyməti  bahadır.
 

Yevlaxda dörd böyük hərbi hissə və səkkizdən artıq regional idarə  və müəssisələr yerləşir. Həmin müəssisələrdə və hərbi hissədə çalışan yüzlərlə insan burada ev kirayə edərək və yaxud mənzil alaraq məskunlaşıblar. Bu da əmlak bazarında qiymətlərin kəskin artmasına səbəb olub. Eyni zamanda son bir neçə ayda Yevlaxda yeni mənzillərin satışa çıxarılması da buna təkan verib. Çünki bir çox insanlar buradan ev alıb yüksək qiymətə kirayə verməyə üstünlük verirlər.


Bir sözlə, belə gedərsə  günü-gündən inkişaf edən Yevlaxda evlərin qiyməti paytaxtdakı evlərin qiymətini də ötəcək".

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Seçilən
19
1
bizim.media

2Mənbələr