ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 11 aprel, AZƏRTAC
Kür çayının ortasından axıb getdiyi Tbilisi şəhəri dağlarla əhatə olunub. Çay üzərindəki körpülər, qədim qala divarları, müasir memarlıq nümunələri Gürcüstan paytaxtının hüsnünə özgə yaraşıq verir. Köhnə şəhərin dar küçələri, bir-birinə söykənən evlər, taxta eyvanlar romantik mənzərə yaradır.
Şəhərə açılan mənzərəni seyr etmək üçün ən yaxşı yol kanat yolu ilə Mtatsminda dağına qalxmaqdır. Həmin mənzərəni funikulyora minərək də seyr etmək mümkündür. Yeri gəlmişkən, həmin nəqliyyat vasitəsi dünyanın ən gözəl funikulyorlarından hesab edilir. Təxminən on beş il əvvəl müasir üslubda inşa edilən Sülh körpüsü üzərindən də şəhərin həm köhnə, həm də yeni arxitektura nümunələrinə tamaşa etmək olar.
Hər iki tərəfdən çinarların boy-boya verdiyi Rustaveli prospekti Tbilisinin ən qaynar ünvanlarından biridir. Paytaxtda ən yaxşı restoranları, maraqlı muzeyləri, teatrları, dəbdəbəli butikləri və suvenir mağazalarını məhz həmin ünvanda tapmaq olar. Parlament binası, Milli muzey və Şota Rustaveli adına Dövlət Akademik Teatrı da həmin prospektdədir.
Şəhərin ən simvolik yerlərindən olan Nariqala qalası qədim tarixi ilə diqqəti cəlb edir. Kür sahilindəki Ablebari şəhərin ən koloritli məkanlarından sayılır. Köhnə şəhərdəki Metex kilsəsi kimi tarixi məkan və kükürd hamamları da paytaxtın özünəməxsus gözəlliklərindəndir. Burada istirahət və müalicə üçün yuyunma zalları, sauna, hovuz, masaj və həkim xidmətləri var.
Mtatsminda və Vake parkları yaşıl təbiət qoynunda, Kürdə qayıq turları isə çayda istirahət üçün əla fürsət yaradır. Müxtəlif kafelər, açıq havadakı iaşə obyektləri gürcü mətbəxinin ən ləzzətli nümunələrini dadmaq, gürcü kababları və lobio kimi lobyadan hazırlanan xörəklər, eləcə də əridilmiş pendir və yumurtadan ibarət xəmir yeməyi Acaruli xaçapurinin təamını hiss etmək üçün əla məkandır.
AZƏRTAC-ın fotomüxbirinin Tbilisidən lentə aldığı füsunkar mənzərələri təqdim edirik.
Fotoqraf - Orxan Kərimov



























Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.