AZ

ABŞ-İran danışıqları kölgəsində Çin Tayvan kartını açdı - SON DƏQİQƏ

ABŞ-İran danışıqları fonunda Çin Tayvan siyasətini fəallaşdırıb. Çin lideri Si Cinpinin Pekində Tayvanın müxalifət partiyası olan Qomindanın lideri Çjen Livenlə görüşü də bundan xəbər verir. Liven bu səfərini "sülh səyahəti" adlandırıb.

Çin Tayvan siyasətində son nöqtəni qoymaq üçün hərəkətə keçib?

Məsələ ilə bağlı Musavat.com-a danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra keçirilən ilk görüşdür:

"Halbuki, Tayvan prezidenti Lay Çinq-te Pekinlə danışıqların əleyhinədir. Pekin onu demokratik yolla seçilmiş prezident saymır və separatçı adlandırır. Bunun əksinə olaraq Çin Tayvan müxalifətinin lideri ilə dialoqu davam etdirməkdə maraqlı görünür. Bunun iki səbəbi var. Birincisi, Pekin bununla göstərir ki, Tayvanı Çinə birləşdirmək üçün hərbi yol əvəzinə "yumşaq gücdən" istifadə etməyə hazırdır. İkincisi, Tayvanı dəstəkləyən Vaşinqtona da mesaj göndərib ki, əgər adanın müxalifət lideri Çinə səfər edirsə, bu o deməkdir ki, ada xalqının bir hissəsi Çinə birləşməyin tərəfdarıdır.

elxan.jpg

Qomindan lideri Pekində verdiyi açıqlamada Çinlə ada arasında gərginliyin aradan qaldırılmasının vacibliyini belə izah edib ki, boğazın hər iki tərəfində çinlilər yaşayır və onlar bir ailənin üzvləridir. Si Cinpin isə yenə açıq ifadə edib ki, Pekin Tayvanın müstəqilliyinin əleyhinədir. Cinpin Tayvanın müxalifət liderindən gözləntilərini belə əsaslandırıb ki, Qomindan və Çin Kommunist Partiyası "siyasi qarşılıqlı etimadı" gücləndirməli və "boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidirlər"".

Müsahibimiz onu da diqqətə çatdırıb ki, Qomindan liderinin Pekinə səfərinin mahiyyəti mümkün müharibənin qarşısının alınması məqsədi daşıyır:

"1992-ci ildə Qomindan Tayvanda hakimiyyətdə olan Pekinlə saziş imzalamışdı. Həmin sazişə görə, tərəflər müharibədən qaçmalı, sülhün bərqərarı məqsədilə birlikdə işləməli idilər. Pekin bu sazişi "vahid Çin" konsepsiyasının tərkib hissəsi kimi qiymətləndirirdi. Ancaq sonrakı illərdə Tayvanda hakimiyyət dəyişdiyindən danışıqların davamı gəlmədi və Çinin ritorikası sərtləşdi. Buna baxmayaraq, Pekin Tayvan adasının güc yolu ilə ələ keçirilməsinin risklərini hesablamaq məcburiyyətindədir".

Politoloq qeyd edib ki, müharibə sanksiyalar, enerji daşıyıcılarının qiymətlərinin artması və regional gərginlik deməkdir:

"Çünki Çin Tayvan adasını güc yolu ilə ələ keçirərsə, bu, Yaponiya və digər bölgə ölkələrinin də təhlükəsizlik maraqlarına təsir edəcək. Vaşinqton da Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir".

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
19
2
musavat.com

3Mənbələr