
Yeni elmi araşdırma göstərib ki, yaşlanma prosesi kişilər və qadınların immun sisteminə fərqli şəkildə təsir edir və bu dəyişikliklər qadınlarda daha qabarıq şəkildə müşahidə olunur.
Yeniavaz.comxəbər verir ki, tədqiqatın nəticələri “Nature Aging” jurnalında dərc olunub.
Araşdırma Barselona Superkompüter Mərkəzi (BSC-CNS) alimləri tərəfindən aparılıb.
Alimlər bildirirlər ki, ümumilikdə qadınların immun sistemi daha aktivdir. Bu, infeksiyalara və peyvəndlərə qarşı daha güclü cavab verməyə kömək etsə də, eyni zamanda autoimmun xəstəliklərin riskini artırır. Məlumata görə, bu tip xəstəliklərin təxminən 80 faizi qadınlarda qeydə alınır.
Araşdırma çərçivəsində müəyyən edilib ki, qadınlarda yaş artdıqca iltihabla əlaqəli immun hüceyrələrinin sayı daha çox artır. Bu isə xüsusilə menopauzadan sonra iltihabi xəstəliklərin güclənməsini və autoimmun problemlərin daha geniş yayılmasını izah edə bilər.
Kişilərdə isə immun sistemində yaşla bağlı dəyişikliklər ümumilikdə daha zəif ifadə olunur. Bununla belə, tədqiqat zamanı onların qanında preleykemik dəyişikliklərə malik hüceyrələrin sayında artım müşahidə edilib. Bu hal yaşlı kişilərdə bəzi qan xərçəngi növlərinin daha çox rast gəlinməsini izah edə bilər.
Tədqiqat çərçivəsində müxtəlif yaş qruplarından olan təxminən 1000 nəfərin qan nümunələri analiz edilib. Alimlər bir milyondan çox qan hüceyrəsini və təxminən 20 min genin aktivliyini tədqiq edərək immun sisteminin həyat boyu necə dəyişdiyini izləyiblər.
Məlumatların emalı üçün “MareNostrum” 5 superkompüterindən istifadə olunub ki, bu da geniş həcmli məlumatların analizində mühüm rol oynayıb.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, əvvəlki elmi işlərdə qadınlar kifayət qədər təmsil olunmadığı üçün bu cür fərqləri aşkar etmək çətin idi. Yeni araşdırmada isə balanslaşdırılmış məlumat bazasından istifadə daha dəqiq nəticələr əldə etməyə imkan verib.