“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 27-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Neftçi Arena”da baş tutmuş görüşündə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə həqiqətən “Neftçi”nin performansı çox yaxşı idi. Bizim çox yaxşı qol epizodlarımız var idi. Ən azından 6-7 epizodumuz oldu, amma hamısını dəyərləndirə bilmədik. 60-cı dəqiqəyə qədər də yaxşı oynadıq. Ondan sonra əsas rolu psixologiya oynadı. Hesab 2:0 oldu, futbolçularımız bir az sakitləşdilər. 60 dəqiqə ərzində rəqibə maksimum pressinq etmək istəyirdik. 60 dəqiqə ərzində qapımız qarşısında cəmi 1 epizod oldu, qapıçımız da bizi xilas etdi. Biz isə 4-cü dəqiqəyə qədər 2 epizod yaratmışdıq. Futboldur, belə şeylər olur. Biz daha çox işləməliyik, çalışmalıyıq ki, oyunçuların fiziki durumları daha yaxşı olsun. Mən də baş məşqçi kimi analiz etməliyəm. Şadam ki, kapitanımız geri döndü. Möhkəm insandır, bu cür zədə ilə geri qayıtdı. Emin Mahmudov bizim üçün açar oyunçudur. Ümid edirəm ki, onunla bağlı hər şey yaxşı olacaq.
Mən təzyiq hiss etmirəm. Bundan sonrakı bütün oyunlar kubok finalı kimidir. Ona görə xallarımızı qazanmalı, irəli getməliyik. Bu ay ərzində oynayacağımız komandalar – “Zirə” və “Qarabağ” da bunu istəyirlər. Ona görə bu oyunlardan çox şey asılı olacaq. Uşaqlar bunu başa düşürlər. Rəqiblərimizin hər birinə hörmətlə yanaşırıq. Çıxıb oynayacağıq.
Mən mətbuatı oxuyanda bəzən gülümsəyirəm. Çünki elə şeylər olur ki, onlar haqda ümumiyyətlə heç nə deməmişəm. Vensan Abubakar komanda oyunçusudur, “Neftçi”nin futbolçusudur. Onun zədəsi var idi. Üç həftə məşq etmədi. Müalicə alırdı. Beş gün məşq etməklə əvvəlki fiziki vəziyyəti qaytarmaq mümkün deyil. Eyni söz Bassala Sambuya da aiddir. O, məşqlərə başlayıb, amma fərdi məşqlər edir. Yəqin ki, bərpasına 2-3 həftə gedəcək. Hər şey yaxşı getsə, “Qarabağ”la 2-ci oyuna çıxa bilər. Amma bu da şübhəlidir. Hər birini gözləyirəm. Böyük ümidlər var”.
Yuri Vernidub Ukrayna millisindən dəvət alıb?
Yuri Vernidub Ukrayna yığmasına rəhbərlik edəcəyinə dair ölkəsinin mətbuatında yayılmış xəbərlərə də münasibət bildirib:
“Son aylarda Ukraynadan heç bir jurnalistlə danışmamışam. Nə yazırlarsa, mənimlə əlaqəsi yoxdur. Yazırlar ki, Kənan Piriç qol buraxdıqdan sonra Vernidub onunla yollarını ayırmaq istəyir. Necə bunu yazmaq olar? Qol da buraxacaq, seyv də edəcək. Belə çıxır ki, buraxılan qoldan sonra hər qapıçı ilə yolları ayırmaq lazımdır? Elə suallarınız olarsa, mətbuat xidməti ilə danışa bilərsiniz, mən də müsahibəyə hər zaman hazıram. Ən azından doğru olanı deyəcəyəm. Milliyə gəldikdə, bununla bağlı söz-söhbət çoxdan gedir. Mənə heç kim zəng etməyib. Orada 8-10 nəfər yazırlar, bəlkə kimsə mənim də adımı ora daxil edib. Ciddi bir şey olsaydı, zəng edərdilər. İndi mənim bir məqsədim var, o da “Neftçi”dir. Kluba və mənim qarşıma qoyulan hədəflərə çatmağı düşünürəm. Alınar-alınmaz, həyat göstərəcək. Bu öhdəliyi üzərimə götürmüşəmsə, sona qədər gedəcəyik. Görürsünüz ki, nə qədər məsafə qət etmişik. Futbolçulara təşəkkür edirəm ki, üzərlərində işləyirlər, məşqlərdə çox peşəkardırlar. Klubun rəhbərliyinə də təşəkkür edirəm. Onlar da oyunçulara böyük motivasiya verirlər, dəstək göstərirlər. Ortada belə nəticə var. Komanda ilə rəhbərlik bir olanda, bu böyük gücdür”.
