AZ

Bu gün Dünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12-də Dünya Aviasiya və Kosmonavtika Günü qeyd olunur.
 
Moderator.az xəbər verir ki, bu günün keçirilməsi 65 il əvvəl, 1961-ci il aprelin 12-də SSRİ kosmonavtı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır.
 
Qaqarin həmin gün "Vostok-1" kosmik gəmisində Moskva vaxtı ilə saat 09:07-də "Baykonur" kosmodromundan ayrılıb. 108 dəqiqəlik uçuşdan sonra isə sağ-salamat geri dönüb.
 
Yuri Qaqarinin uçuş zamanı kod adı "Kedr", Yerdən onun uçuşunu koordinasiya edən SSRİ Kosmik Sənayesinin baş mühəndisi Sergey Korolyovun kod adı isə "Zarya-1" olub.
 
Sistemdə baş verən bir nasazlığa görə Qaqarin geriyə qayıdarkən əvvəlcədən təyin olunmuş yerə yox, Moskva vaxtı ilə saat 10:55-də Saratov vilayətinin kiçik bir kəndinin ətrafında eniş edib. Buna görə də onu nəzərdə tutulan kimi onminlərlə insan əvəzinə, həmin ərazidə yaşayan cəmi iki nəfər qarşılayıb.
 
SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə 12 aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.
 
Qeyd edək ki, son onilliklərdə Azərbaycanın da kosmik sənayedə rolu artıb. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla ölkədə kosmik sənayenin yaradılması prosesi rəsmi olaraq başlanılıb. Bu məqsədlə 2010-cu ildə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis olunub və Azərbaycanın ilk telekommunikasiya peyki -"Azerspace-1" 2013-cü ildə orbitə buraxılıb. Bu hadisə Azərbaycanın "kosmik klub" adlandırılan peyk sahibi ölkələr sırasına qoşulmasını təmin edib.
 
2014-cü ildə "Azersky" adlı Yerin müşahidə peyki orbitə buraxılıb. 2018-ci ildə isə daha güclü və texnoloji imkanlara malik "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxıb. Bu peyklər Azərbaycanın beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi və kommunikasiya xidmətlərinin müstəqil təminatçısına çevrilməsinə şərait yaradıb.
 
Hazırda bu peyklər vasitəsilə teleradio yayımı, yüksəksürətli internet, fövqəladə hallarda rabitə dəstəyi və bir çox digər xidmətlər həyata keçirilir.
 
Seçilən
31
8
moderator.az

10Mənbələr