ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Pakistanda baş tutan ABŞ-İran danışıqlarındakı bəzi fikir ayrılıqları Tehranın Hörmüz boğazına nəzarət etməkdə israr etməsindən və zənginləşdirilmiş uran ehtiyatlarından imtina etmək istəməməsindən irəli gəlir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” nəşrinin öz mənbələrinə istinadla yaydığı məlumata görə, danışıqlarda yaranan çıxılmaz vəziyyət ötən həftə əldə edilən iki həftəlik atəşkəsi təhlükə altına salıb.
İran danışıqlar qrupuna yaxın bir mənbə “Fars” Xəbər Agentliyinə bildirib ki, İranın ümumiyyətlə, ABŞ ilə növbəti danışıqlar raundu keçirmək planı yoxdur.
"Amerikalılar danışıqlara yalnız zədələnmiş beynəlxalq imiclərini bərpa etmək üçün ehtiyac duyurdular və onlar döyüş meydanında məğlub olmalarına baxmayaraq, tələblərini azaltmaqdan imtina etdilər", - deyə mənbə iddia edib və əlavə edib ki, "İran komandası döyüş meydanındakı nailiyyətlərini müdafiə etdi".

“Fars” Agentliyi də təsdiqləyib ki, İran ABŞ-nin Hörmüz boğazı və nüvə enerjisi ilə bağlı şərtlərini qəbul etməyib: "Amerikalılar müharibə yolu ilə əldə edə bilmədikləri hər şeyi danışıqlar zamanı tələb ediblər".
Mənbə iddia edib ki, Amerika tərəfi danışıqlar masasından çıxmaq üçün bəhanə axtarıb.
“Tasnim” Agentliyi isə razılaşmanın olmamasını Vaşinqtonun "həddini aşan tələbləri" ilə əlaqələndirib. Məlumatlı bir mənbə agentliyə bildirib ki, ABŞ "ağlabatan razılaşma"ya razılaşmadığı təqdirdə Hörmüz boğazındakı vəziyyət dəyişməyəcək. Qeyd olunur ki, həmçinin, Tehranla danışıqlar zamanı Vaşinqton İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılmasında israr edib. İran isə bu tələbi qəbul etməkdən imtina edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqei İran və ABŞ-nin "bir sıra məsələlərdə anlaşma əldə etdiklərini", lakin "iki və ya üç vacib məsələdə fikir ayrılıqlarının olduğunu" bildirib.
"Bu danışıqlar 40 günlük müharibədən sonra baş tutub və inamsızlıq və şübhə atmosferində keçib. Əvvəldən bir görüşdə tam razılığa gələcəyimizi gözləməməyimiz təbiidir. Bunu da heç kim gözləmirdi", - deyə Baqei qeyd edib.
Pakistanın Xarici İşlər naziri və Baş nazirin müavini Məhəmməd İshaq Dar ABŞ və İranı atəşkəsi pozmamağa çağırıb. O, hər iki tərəfin öhdəliklərinə əməl etməsinin vacib olduğunu qeyd edib. Pakistan mediasının məlumatına görə, Dar deyib: "Pakistan qarşıdakı günlərdə İran və ABŞ arasında qarşılıqlı əlaqənin və dialoqun asanlaşdırılmasında öz rolunu oynayıb və oynamağa davam edəcək".
Bundan öncə ABŞ Prezidenti Donald Tramp Pakistanda keçirilən ABŞ-İran danışıqlarının nəticəsindən narahat olmadığını bildirmiş, Vaşinqtonun bu müharibədən “artıq qalib çıxdığını” iddia etmişdi: "Razılaşma əldə edib-etməməyimizin mənim üçün fərqi yoxdur. Əslində, biz qalib gəldik. Biz bu ölkəni tamamilə darmadağın etdik".
Tramp əvvəlki iddialarını təkrarlayıb və deyib ki, ABŞ İranın hava qüvvələrini, donanmasını və rəhbərliyini məhv edib. İndi isə Hörmüz boğazından sərbəst keçidi təmin etmək üçün çalışır. Lakin göründüyü kimi, Trampın iddiasının əksinə olaraq, Hörmüz boğazı İranın nəzarətində qalır. Üstəlik, Tehran uranın zənginləşdirilməsini dayandırmaqdan və onun ölkədən çıxarılmasından imtina edir. Bu iki vacib şərt yerinə yetirilmədən ABŞ-nin özünü qalib elan etməsi isə absurd və gülüncdür…
C.Məmmədli
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.