Ötən gün Tərtərdə törədilən qətlin səbəbi və əlavə təfərrüat məlum olub.
Musavat.com "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmkəndlisi, 1995-ci təvəllüdlü Səfixan Nağıyevin satışa çıxardığı "Niva" markalı avtomobili bir ay sonra pulunu ödəmək şərti ilə almaq istədiyini bildirib. S.Nağıyev isə avtomaşını nisyə satacağı halda pulunu ala bilməyəcəyini əsas gətirərək etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və N.Aslanov S.Nağıyevə bıçaqla xəsarət yetirib.
Həbs edilən N.Aslanov iki ay əvvəl azadlığa çıxıb.
Onlar aralarında yaranmış mübahisəyə son qoymaq məqsədilə rayon ərazisindəki kafelərdən birində görüşüblər. Bu zaman S.Nağıyev keçmiş mübahisəni əsas gətirərək N.Aslanova çoxsaylı bıçaq zərbələri vurub.
Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Polis hadisəni törətməkdə şübhəli bilinən S.Nağıyevi saxlayaraq istintaqa təhvil verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
***
Tərtərdə baş verən qətl hadisəsinin yeni təfərrüatı məlum olub.
Musavat.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə tərəflər arasında əvvəlcədən mövcud olan münaqişənin davamı kimi baş verib.
Belə ki, bir il əvvəl baş verən insident zamanı, 1999-cu il təvəllüdlü Nabil Aslanov həmyerlisi, 1995-ci il təvəllüdlü Səfixan Nağıyevə bıçaqla xəsarət yetiribmiş.
Ötən gün tərəflər arasında yenidən mübahisə yaranıb. Mübahisə zamanı Səfixan Nağıyev əvvəlki hadisəni xatırladaraq Nabil Aslanova çoxsaylı bıçaq zərbələri endirib. Ağır xəsarətlər alan Nabil Aslanov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.