AZ

İranda ABŞ-ın maraqlarına uyğun hakimiyyət formalaşdırılır- Tural İrfan yazır

İrandakı etiraz aksiyalarından sonra xalqın narazılığı hakimiyyəti ciddi şəkildə narahat edirdi. Kifayət qədər yaşlı və operativ qərarlar qəbul etməkdə çətinlik çəkən ali dini liderin fəaliyyətindən hətta rejim daxilindəki siyasi dairələr də narazı idi. Gizli qalmayan məlumatlara görə de-fakto SEPAH-ın idarəçiliyini ələ almış Müctəba Xamenei ilə atası arsında da ziddiyətlər vardı. Etirazlar və etirazçılar hakimiyyəti köklü dəyişikliklərə, islahatlara məcbur edirdi. Prezident Pezeşkiyanın çıxışları, dini lideri müəyyən islahatların, yumşalmaların qaçılmaz labüdlüyünə inandırması, xüsusən Türkiyə, Azərbaycan və ümumiyyətlə qonşularla, müsəlman ölkələri ilə münasibətləri yaxşılaşdırmağa çalışması hakimiyyətin siyasi kursunda yeniliklər olacağını aydın göstərirdi. Hətta Prezident etirazlardan əvvəl əhaliyə bəyan etmişdi ki, onun xalqa verdiyi vədləri gerçəkləşdirməyə siyasi sistemin mahiyyəti imkan vermir. Belə bir narahat zəmində ali dini lider seçkisinə də getmək olmazdı. Hakimiyyətdən dəyişiklik gözləyən xalqın iqtisadi, sosial problemlərini həll etmək əvəzinə atanın öz yerini birbaşa oğluna təhvil verməsi xalqı daha da qıcıqlandırar, açıq üsyana təşviq edə bilərdi. Ali dini lider dəyişikliyi olmadan isə köhnə lider siyasi kursunu dəyişə, yumşalda bilməzdi. Əks halda qatı şüubiyyə ideolojisi üzərində bərqərar olan SEPAH, mühafizəkarlar dini lideri 2-ci Şah İsmayıl, Nadir Şah kimi elə özləri aradan götürə bilərdi ki, bu da xaosa gətirib çıxaracaqdı. Prezidentin türk olması, sivil xalqı təmsil etməsi, beynəlxalq aləmdə islahatçı obrazında təqdim olunması səbəbi ilə hakimiyyət, siyasi sistem dəyişə, əsas liderlik türk əsilli Pezeşkiyana da keçə bilərdi. Beləcə regionda İranda islah olunmuş normal hakimiyyətin mövcudluğu ABŞ və İsrailin bəhanələrini kəsər, Türkiyə və türk dövlətləri ilə birliyə qoşulan dünyəvi, sekulyar idarəetmə üsulu meydana gələ bilərdi. Nəticədə Livanda Hizbullah, Yəməndə Ənsarullahın fəaliyyətinin dayandırılması, nüvə silahından imtina müqabilində Türkiyə və Pakistan vasitəçiliyi ilə İsrail - Fələstin məsələsinin həllinə doğru əhəmiyyətli addımlar atıla bilərdi. Amma bu, ABŞ və İsrailə sərf etmirdi. Çünki müsəlman vəhdəti, türk birliyi reallaşa bilər, Yaxın Şərqdəki işğalçı siyasət "Böyük Orta Doğu projesi" (Əslində isə "vəd edilmiş torpaqlarda Böyük İsrail" planı) iflasa uğrayardı.
Odur ki, ABŞ dərhal hərəkətə keçərək İranda 40 gün ərzində 40 illik bütün problemləri demək olar ki, həll etdi. Bomba yağdırıb ilk gündən qızlar məktəbini vurmaqla öncə xalqı hakimiyyət ətrafında heç zaman olmadığı dərəcədə birləşdirdi. Eyni zamanda ali dini lideri vuraraq ona şəhid statusu qazandırmaqla fanat dindar fədailəri səfərbər edərək SEPAH üzvlərini rejim uğrunda şəhadətə sövq etdi. Xalqın sosial etirazlarının həlledici məqama çatmasına fürsət vermədən, adi şəraitdə bəlkə də mümkün görünməyən ali dini lider dəyişikliyini fövqəladə durum yaradaraq çevik formada həyata keçirdi. Hakimiyyət üçün gizli qalan bütün agentləri, rejim əleyhdarlarını aşkar etidirib ya ölümə ya da zindanlara göndərdi. Orduya yeni müharibə təcrübəsi keçərək zəif yerlərini göstərdi ki, bərpa etsinlər. Hakimiyyət üçün təhdid yarada biləcək, alternativ güc oluşduran generalları, yeni dini - siyasi liderə rəqabət qabiliyyətli siyasi fiqurları tamamilə sıradan çıxarıb rejim üzvlərini gənc və daha çevik kadrlarla əvəzlədi. Nəticədə isə 1979-cu ildən pozulmuş diplomatik əlaqələr bərpa olundu, ilkin şərtlər şifahi şəkildən yazılı hala keçdi və ABŞ və İran 47 ildən sonra eyni masada razılaşma, münasibət, diplomatik əlaqələr niyyəti ilə üz-üzə oturdu...
Bunları nə üçün etdilər? Əgər İranda hakimiyyət ABŞ-ın istədiyi kimi deyil də xalqın, region ölkələrinin və müsəlman, türk dövlətlərinin arzu etdikləri formada dəyişsə yaxud islahata getsə idi bu Vaşinqtonun ümumi maraqlarına cavab verməz, əksinə normallaşma prosesi İranın Körfəz ölkələri də daxil olmaqla münasibətlərin sıxlaşmasına gətirib çıxara bilərdi. Beləcə ABŞ-a daha sərt, daha qatı və daha çevik teokratik İran rejimi gərəkdir ki, Körfəz ölkələrini daha ciddi təhdid edə bilsin. Bu müharibədə İranın Körfəz ölkələrinə atdığı raketlərin qarşısını almağa cəhd etməyən, bu səhnəni sevinclə izləyən, hətta ərəb kralları təhqir edən Vaşinqton əyani şəkildə onlara qandırdı ki, hətta mənim də "öhdəsindən gələ bilmədiyim" bir İran təhlükəsi ilə üz-üzəsiniz. Eyni zamanda ABŞ-a, İsrailin daha geniş əraziləri ələ keçirməsi üçün ona savaş başlatmağa daimi bəhanə verən Hizbullah, Həmas, Ənsarullahın daha sərfəli istiqamətdə fəaliyyətini koordinasiya etmək üçün çevik addımlar atan hakimiyyət lazım idi. ABŞ və İsrail siyasilərinin də mütəmadi olaraq bəyan etdikləri kimi onların hədəfi İslamdır. Yəni, müsəlman birliyi onlar üçün qorxu dolu bir kabusdur. Hətta sünni-şiə mövzusunu belə dilə gətirməkdən çəkinməyən ABŞ - İsrail liderləri xüsusən Suriyada sünni-müsəlman hakimiyyətin qurulmasından sonra İrana qarşı daha qərarlı davranış göstərdilər və illərlə təxirə salınan bu müharibə məhz indi reallaşdı. Çünki onların qurmuş olduğu balansı Türkiyə pozdu. Əsəd Suriyasının sünni ərəb ölkələri ilə ixtilafı İsrailə qarşı müttəfiq cəbhənin yaranmasının qarşısını alırdı. Hətta bu ixtilaf sünni Səddamın devrilməsi zamanı da ABŞ və İsrailə sərf etmişdi. Əsəd rejimi və İran isə ABŞ-a ciddi dəstək vermişdi. Eyni zamanda Əfqanıstanın işğalına şərait yaradıb Vaşinqtona açıq dəstək vermişdi. Bu həqiqəti sabiq prezident Əhmədinejad dəfələrlə dilə gətirib ABŞ-a minnət qoymuşdu ki, biz sizə Əfqanıstan və İraqda kömək etdik. Hətta dini lider Sistani ABŞ əsgərlərinə silah çəkməyin haram olması barədə fətva verib işğala zəmin yaratmışdı.
Demək ABŞ sünni - şiə balansını, daha doğrusu qütbləşməsini qorumaq, lazım gəldikcə məzhəb problemini qabartmaqla iki qütbü üz-üzə qoymaq üçün mütləq İran rejimini saxlamalıdır. Əks halda gərək haradasa mütləq başqa bir radikal müsəlman-şiə dövləti qura. Bu da xeyli zaman və zəhmət tələb edir. Odur ki, hazır mövcud olan İranı əsla əldən verməz. Həm də İranda sekulyar sistem türklərə azadlıq verə bilər ki, bu da Türkiyə və Azərbaycanın daha da güclənməsi və türk birliyinin inkişafı deməkdir. Təbii ki, buna da qəti olaraq qarşıdırlar. Netanyahu davamlı olaraq İranı fars dövləti adlandırıb, farslara müraciət edir, qədim dostluqlarını xatırladır, ABŞ isə fars şahın oğlunu namizəd kimi təqdim edir. Demək, İranda dünyəvi dövlət qurulsa həm radikal məzhəbçi rejimin getməsi nəticəsində bu ölkə digər məzhəbdən olan müsəlman ölkələri ilə həm də fars təmayüllü buxovdan xilas olmaqla türk dövlətləri ilə yaxınlaşa, ittifaqa daxil ola bilər.
Odur ki, ABŞ İranın ideoloji siyasi sistemini nəinki qorumaqda hətta daha da radikallaşdırmaqda maraqlıdır. Əsəd Suriyasını müsəlman hakimiyyətə tərk etdiyini həm İsrail həm də ABŞ İrana bağışlaya bilmir. Druzları, Ələviləri, Nuseyriləri İsrail və İran birlikdə yeni Suriya hakimiyyətinə qarşı qaldırmağa bir neçə uğursuz cəhd göstərdilər, lakin Türkiyə buna imkan vermədi.
İran və ABŞ uzun illərdən sonra birbaşa açıq təmas qurdu, ali səviyyədə rəsmilər görüşdü. Bu, eyni zamanda təkcə əvvəllər gizli keçirilən görüşlərin izhar edilməsi deyil, atəşkəs, sülh danışıqları görüntüsü adı altında regionda geosiyasi balansın ikisi tərəfindən tənzimlənməsidir. Bunun üçün müharibə olmadan oturmaq olmazdı. İran müsəlman aləmində imicini qeyb edər, ABŞ isə ifşa olunardı. Öncə ABŞ İranda hakimiyyəti sağlamlaşdırdı, xalqı hakimiyyət ətrafında sıx birləşdirdi və lazım olan adamları masaya dəvət etdi. Təbii ki, nümayəndə heyətinin başçıları fars olmaq şərti ilə. İranın dondurulmuş hesabları, 6 milyardın özünə iadə edilməsi müqabilində Hörmüz boğazının nəzarətinin ABŞ-a verilməsi... Sadəcə İranla ABŞ arasındakı ittifaqın, siyasi alverin formatı və istiqamətləri dəyişir bu proseslərdə. İranı qorumaqla onun ABŞ maraqlarına daha çox sərf edən hakimiyyət formatını formalaşdırırlar hazırda. Pakistan görüşü görünən tərəfdir. Bu tip danışıqların bir də görünməyən, ictimaiyyətə məlum olmayan tərəfləri olur. Hələ ki, görünən tərəfi məlumdur. Lakin görünməyən tərəfi isə məlum deyil. Onu nəticələr göstərəcək.
Tural İrfan, politoloq
Seçilən
16
2
news365.az

3Mənbələr