AZ

Heyvanlar da sevir və yas tutur -

Təbiət yalnız instinktlərdən ibarət deyil. Bəzi heyvanlar davranışları ilə insanlara xas hesab etdiyimiz duyğuları da nümayiş etdirirlər. Metbuat.az xəbər verir ki, alimlərin apardığı müşahidələr maraqlı nəticələr üzə çıxarıb. Məlum olub ki, sevgi, sədaqət, hətta kədər kimi hisslər heyvanlar aləmində düşündüyümüzdən daha geniş yayılıb. Bu səbəbdən son illərdə “heyvan emosiyaları” mövzusu həm elmi, həm də ictimai baxımdan daha çox diqqət çəkir. Məsələn, itlər sədaqətin ən bariz simvolu sayılır. Onlar sahibləri ilə güclü emosional bağ qurur, ayrılıq zamanı narahatlıq keçirir, qovuşanda isə sevincini açıq şəkildə büruzə verirlər. Hətta bunu görmək, hiss etmək də mümkündür. Fillər daha çox yaddaşları və sosial bağları ilə seçilir. Sürüdə bir üzv öldükdə, digər fillərin uzun müddət onun sümüklərinin yanında qalması və sanki yas tutması alimləri təəccübləndirir. Sevgi və bağlılıq yalnız quru heyvanlarına xas deyil. Məsələn, pinqvinlər arasında ömürlük cütlük quran növlər var. Onlar hər mövsüm eyni tərəfdaşlarını tapır, birlikdə yuva qurur və balalarını böyüdürlər.

Bu nümunələr göstərir ki, heyvanlar sadəcə instinktlərlə hərəkət edən canlılar deyil. Onlar da əlaqə qurur, itirir və reaksiyalar verir. Bəlkə də ən böyük fərq ondadır ki, heyvanlar bu hissləri daha saf və təmənnasız şəkildə yaşayır. Bu isə bir daha sübut edir ki, təbiətdə sevgi və sədaqət yalnız insanlara xas olan nəcib keyfiyyət deyil.

Seçilən
23
metbuat.az

1Mənbələr