AZ

Qaxda müəllimlərin 3x3 basketbol turnirinin qalibləri müəyyənləşib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Qax, 13 aprel, AZƏRTAC

Qax rayonunda ümumtəhsil məktəblərinin müəllimlərdən ibarət komandaları arasında 3x3 basketbol üzrə turnir keçirilib. Yarış Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Qax rayonu üzrə gənclər və idman sektoru, rayon Təhsil sektoru və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon Komitəsinin birgə təşkilatçılığı ilə şəhər 2 nömrəli məktəb-liseyin idman zalında təşkil edilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax rayonu üzrə gənclər və idman sektorundan məlumat verilib.

Bildirilib ki, yarışın əsas məqsədi müəllimlər arasında sağlam həyat tərzini təbliğ etmək, onların fiziki aktivliyini artırmaq, komanda ruhunu gücləndirmək, həmçinin 3x3 basketbol idman növünün inkişafına dəstək olmaqdır.

Yarışın yekun nəticələrinə əsasən, kişilərdən ibarət komandaların yarışında şəhər 2 nömrəli məktəb-liseyin komandası turnirin qalibi olub. Şəhər 3 nömrəli tam orta və Əmircan kənd ümumi orta ümumtəhsil məktəblərinin komandaları müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

Qadınlardan ibarət komandaların yarışında isə şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası birinci yeri tutub. Şəhər 2 nömrəli məktəb-liseyin və 3 nömrəli tam orta məktəbin komandaları yarışı ikinci və üçüncü yerdə başa vurublar.

Qalib komandaların üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıblar.

Müxbir – Mustafa Dadaşov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
azertag.az

1Mənbələr