AZ

İCLAS VƏ CƏRİMƏ İQTİSADİYYATI... Baş nazir iclas, sahibkarsa infarkt keçirir

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ən yeni tariximizdə ölkə iqtisadiyyatının vəziyyətilə bağlı ən yüksək səviyyələrdə - Baş nazirdən, onun müavinlərindən, nazirlərdən tutmuş Milli Məclisin komitə sədrlərinə qədər vəzifəli şəxslərin qatıldığı xeyli sayda iclasların, toplantıların şahidi olmuşuq. Ancaq əsas hissəsi şablon tərif və “inkişaf” nitqlərindən, manipulyasiya xarakterli rəqəmlərdən ibarət olan bu iclasların ölkə iqtisadiyyatına real təsirlərini, orada hansısa önəmli qərarlar qəbul edilərək, onların iqtisadiyyata tətbiq edilməsini görməmişik...

Belə iclaslardan biri də 10 apreldə Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilib. Rəsmi məlumatda deyilir ki, İqtisadi Şuranın iclasının gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub. Gündəlikdə olan məsələlər üzrə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun, eləcə də müxtəlif nazir və digər yüksək vəzifəli şəxslərin məruzəsi dinlənilib.

Çox gözəl... Amma bu iclaslar, onlardan çıxan nəticələr və müvafiq orqanlara verilən tapşırıqlar effektivdirmi, nəticə verirmi? Təəssüf ki, əsas etibarilə yox! Nə yazıq ki, iqtisadiyyatda, xüsusilə qeyri-neft sektorundakı, biznes mühitindəki problemlərin əsas səbəbkarlarının çoxu elə həmin iclaslara qatılanlardır.

Ölkədə qeyri-neft sektorunu tormozlayan inhisarçılıqdan tutmuş vergi-gömrük inzibatçılığına, yerli-yersiz yoxlamalara, cərimələrə, vergi-rüsum artımlarına qədər hər şey məhz yüksək rütbəli məmurların, nazirlərin, məmur-oliqarxların “əsəridir”. Məhz onların sayəsində Azərbaycanın biznes mühiti hələ də bir çox hallarda cəngəllik qanunları ilə işləyir. Xüsusilə kiçik biznes sahibi olan sahbsiz sahibkarlar saysız-hesabsız dövlət qurumlarının və “pubilk şəxs” statusu daşıyan, əslində isə sahibkarın qəniminə, zəlisinə çevrilən AQTA tipli agentliklərin qapazaltısıdır, girovudur. Bunun nəticəsidir ki, Azərbaycan sahibkara az qala cinayətkar münasibəti göstərilən azsaylı məmləkətlərdən biridir...

Bu ölkədə sahibkar(bəzi kənd təsərrüfatı sahələrinə subsidiyaları çıxmaq şərtilə) dövlət orqanından cərimədən, qadağadan, problemdən, süründürməçilikdən, haqsızlıqdan başqa heç nə gözləmir...

Görəsən, yuxarıda qeyd etdiyimiz son iclasda məmurlardan hansısa biri çıxıb dedimi ki, yumşaq desək, mükəmməllikdən çox-çox uzaq gömrük-vergi sistemi, çıxılmaz labirintə dönən vergi qanunvericiliyi, sayı hesabı olmayan cərimə və yoxlama növləri, mağazaların, obyektlərin qapısını döyənək edən “uçaskovı”dan, ”fövqəladə”dən, icra hakimiyyətindən tutmuş “sanepidemstansiya”ya qədər ayrı-ayrı orqanların “təşrifləri”, ölkə biznesinin rentabelliyi ilə heç cür üst-üstə düşməyən yüksək bank faizləri, kreditlərin əlçatmazlığı və s. kimi süni problemlər sahibkarın boğazına sabunlu kəndir kimi keçib!

Deyən oldumu ki, vergi orqanı sahibkları “ilişdirmək” üçün “kameral yoxlama” adı altında olmazın “əməliyyatlar” qurub- quraşdırır, sahibkarın ən xırda səhvini böyük cinayətə çevirib onu cərimələyir, hesabını bağlayır, pulunu silir, bu da alınmayanda məhkəmələrə salıb, dizin-dizin süründürür. Sahibkar hər dəfə vergidəki öz elektron şəxsi hesab vərəqəsinə girib baxmağa qorxur ki, gördüklərindən, “kameral” adı ilə kəsilən haqsız cərimələrdən, hesablamalardan infarkt, yaxud insult keçirəcək. Sahibkar bilmir öz problemilə, istehsalı, ticarəti, xidmətilə məşğul olsun, yoxsa haqlı-haqsız cərimələrə görə vergi və məhkəmələrin qapılarını dolaşsın...

Az qala 10 ildir ki, bütün mütəxəssislər, iqtisadçılar yalvarır ki, kiçik sahibkarlar üçün sadələşdirilmiş vergi limitini artırın, heç olmasa 1 milyona çatdırın. Bütün qonşu dövlətlər bunu etdiyi üçün kiçik sahibkar rahat nəfəs alır, kiçik biznes inkişaf edir. Özü də qazanır, dövləti də qazandırır. Bizdə isə yox ki yox! Əksinə, hər cür hoqqa çıxarırlar ki, bu limiti artırmasınlar, gah qeyr-nağd dövriyyə şərtini qoyurlar, gah başqa nəsə fikirləşirlər ki, insanlar məcburən ƏDV ödəyicisi olsun, bununla da həm hesabat, mühasibat və s. xərcləri, çək-çevirləri artsın, həm də daim yüksək cərimə, yoxlama, qorxusu başlarının üzərindən “domokl qılıncı” kimi asılı vəziyyətdə qalsın.

Hələ bankların sahibkardan nağdlaşdırma üçün aldıqları yüksək faizləri, post-terminal xidməti, kassa xidməti ödənişlərini, yaxud DSMF ödənişlərilə bağlı sahibkarı soymaq üçün yeni “ideyaları” demirik...

Ümumiyyətlə, hökumətin iqtisadi blokunun fəaliyyətinin yarıtmaz olduğunu görmək, anlamaq üçün mütəxəssis olmağa da ehtiyac yoxdur. Hər şey göz önündədir – xarici banklarda, qiymətli kağızlarda, mülklərdə ölkənin 10 milyardlarla dollar vəsaiti yatırılır, ölkənin neft-qaz kimi Allahdan verilən sərvətləri, turizm üçün əlverişli təbiəti, işlək, zəhmətkeş, bacarıqlı əhalisi var. Amma bütün bunlardan normal, səviyyəli, peşəkarlıqla istifadə edərək mütərəqqi iqtisadi sistem qurmaq əvəzinə, işləmək istəyənə də min cür əngəl yaradılır, ayrı-ayrı məmur-oliqarxlar, inhisraçılar, vəzifəli dələduzlardan və onların ətrafındakılardan başqa heç bir iş adamı ciddi nailiyyət əldə edə bilmir, ölkənin makroiqtisadi göstəriciləri real potensialından qat-qat geri qalır, kiçik və orta sahibkarlığın vəziyyətindən isə heç danışmağa dəymir. Çünki iqtisadi bloku idarə edənlərin strateji iqtisadi düçüncəsi, fəlsəfəsi, ən əsası isə məramı, istəyi yoxdur. Yalnız dar mühasib düşüncəsinə, statistik rəqəmlərlə “oynamaq”, yuxarılara manipulyasiya edilmiş hesabatlar vermək, bir də özlərinə “gün ağlamaq” bacarığına malikdirlər...

Dövlət qurumlarının sahibkarlıq fəaliyyətinə yaratdıqları süni maneələr o qədər geniş və sistemli xarakter alıb ki, bunları sayıb bitirmək və bir yazıya yerləşdirmək mümkünsüzdür! Azərbaycanın bu gün bir çox makroiqtisadi göstəricilərinə, məsələn, adambaşına düşən ÜDM göstəricisinə görə hətta Ermənistandan da geri qalmasının əsas səbəblərindən biri də məhz budur – dövlət qurumlarının sahibkara saymaz, barmaqarası, bəzənsə soyğunçu və düşmən münasibəti! Bu münasibət dəyişməyincə, iqtisadiyyatımız kasıb-kusub üçün cərimə, qadağa, məmur-oliqarxlar üçünsə özbaşınalıq iqtisadiyyatı olaraq qaldıqca, heç bir “İqtisadi Şura iclası”nın mənası, nəticəsi olmayacaq – yalandan yığışıb, danışıb, sontra da lyuks xidməti maşınlarına minib dağılaşacaqlar!

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr