AZ

Lirik nanay ninay şeirlər müəllifi Nəriman Həsənzadə Orxan Saffari yazır...

ain.az bildirir, Gununsesi portalına istinadən.

Düzünü desəm, insanların Nəriman Həsənzadəyə qarşı olan “böyük şair” sevgisi məni düşündürüb. Düşünmüşəm ki, görəsən, doğrudanmı Nəriman Həsənzadə böyük şairdir və mən bunu bilmirəm? Doğrudanmı insanlar kütləvi şəkildə artıq yaxşı şeiri ayırd edə bilmirlər? Doğrudanmı şeir zövqümüz bu səviyyəyə çatıb, daha lirik nanay-ninaylar da böyük ədəbiyyat nümunəsi hesab olunur?

Əlbəttə, Nəriman Həsənzadənin xüsusilə sevgi mövzusunda ortabab şeirləri var. Yəni ona tam da istedadsız adam demək olmaz. Ancaq burada vacib bir qeyd edilməli məqam var ki, o da məsələn, Nəriman Həsənzadə poeziyasının Nüsrət Kəsəmənlinin suyunun suyunun suyu olmasıdır. Təyinat bu cür olsaydı, problem yox idi. Ancaq heç bir əlahittə misrası olmayan adama böyük şair deyib şər atmaq, düzü, yaxşı şey deyil.

Nəriman Həsənzadənin ortabab sevgi şeirləri daha çox nakam sevgi yaşayanların ürəyini dağlayan şeirlərdir. Elə bilirəm, onun sevgi şeirlərinin vurğunu olan adamlar hələ sevginin nə olduğunu bilmirlər.

Nəriman Həsənzadə Azərbaycan poeziyasına heç bir yenilik gətirə bilməyən şairdir. Yəni o, poeziyada kəşf edən yox, təsdiq edəndir. Bir gənc şair onun şeirlərini oxuyub heç nə öyrənə bilməz. Çünki o şeirlərdə böyük ədəbiyyat adına heç nə yoxdur, yeni fikir gətirmir, köhnə hissləri də “təkrar istifadə”yə verir. Onun da yazdığı şeirləri bir neçə dəfə daha yaxşı formada yazıblar.

Bu səbəbdir ki, Nəriman Həsənzadə həm də ustad ola bilmədi, heç bir gənc şairin kumirinə çevrilmədi.

Üstəlik, şair kimi heç vaxt xalqa yaxın belə olsa, mövqeyi olmayıb, həyatını daim öz gün-güzəranını düzəltməyə sərf edib. Həmyaşıdları olan Anarlar, Ramiz Rövşənlər vaxtında yenə bir-iki dəfə qımıldansalar da, Nəriman Həsənzadə də heç bir qımıldanma müşahidə olunmayıb.

Onun şeirləri məndə “paket kofe” effekti yaradır. Paket kofelər yaxşı kofelərin artığı, dibidir. Belə içmək olur, ancaq içməsən daha yaxşıdır, çünki həqiqi kofe deyil.

Nəriman Həsənzadə şeirlərinin sevilməyinə bir neçə səbəb var. Əsas səbəb odur ki, bu şeirlər oxucudan heç nə tələb etmir. Nə düşünmək, nə analiz etmək, nə də narahat olmaq. Oxuyursan, başını yelləyirsən və deyirsən: “hə, mən də belə hiss etmişəm”.

Hətta bəzən bu şeirlərdə sevgi də yox, sadəcə sevginin imitasiyası var.

Bu mənada, Nəriman Həsənzadə şeirlərində göz yaşı var, amma səbəbi yoxdur. Ağrı var, mənbəyi yoxdur.

Belə şeirləri çox vaxt “səmimi” də adlandırırlar.

Əslində isə, bu, səmimiyyət deyil, tanışlıqdır. İnsanlar tanıdıqları hissi sevirlər, həqiqi hissi yox.

Çox ciddi şeir mütaliəsi olan adamların Nəriman Həsənzadə şeirləri sevməsi mümkün deyil.

Bütün bunlardan əlavə, Nəriman Həsənzadə şeirlərində heç bir bəşərilik də yoxdur, məhəlli xarakterlidir. Bir qəsəbədə bir-birini sevən iki növcahanın ötəri hisslərindən oyana bir şey deyil.

Onun şeirləri daha çox yaşı 30-u, 40-ı keçib, ancaq evlənməyən, bütün günü qardaşı arvadı ilə dalaşan baldızların ruhuna xitab edə bilər.

Yox, əgər ciddi oxucular da o şeirlərə möhtəşəm, Nəriman Həsənzadəyə böyük şair deyirsə, gəlininə gün verməyən baldızlardan əlavə üç başı kəlağayılı, böyrəkləri ədyalla bağlı arvad da lazımdır ki, oturub Azərbaycan poeziyasına ağlasın.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
92
13
icma.az

10Mənbələr