AZ

Şəmsi Qoca: “Öz fikrini iki cümlə ilə ifadə edə bilməyən şagird, başqasının on səhifəlik mətni qarşısında aciz qalacaq”

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son günlər keçirilən imtahanlar bir daha göstərir ki, abituriyentlər açıq sualları cavablandırmaqda çətinlik çəkirlər. Mətnləri oxuyarkən çox vaxt sərf etmələri də bu problemin əsas göstəricilərindəndir. Problem budur ki, uşaqlar oxuyub anlamağa deyil, əzbərləməyə öyrədilib. Şagird mətni oxuyub anlamaqda çətinlik çəkirsə, təbii ki, həm oxumağa, həm də məzmunu dərk etməyə daha çox vaxt sərf edəcək. Bu da açıq suallarda verilən fikrin mahiyyətini tutmağı çətinləşdirir.Şagirdlər mətnləri oxuyub anlamaqda niyə çətinlik çəkirlər?Uşaqların analiz və düşünmə bacarıqlarını inkişaf etdirmək üçün hansı yanaşmalar daha effektivdir?

Təhsil eksperti, publisist Şəmsi Qoca Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, uşaqlara hazır cavabları əzbərlətməkdən vaz keçib, onları sual verməyə alışdırmalıyıq: “Müasir təhsilin ən böyük ağrısı elə budur ki, biz uşaqlara meşənin gözəlliyini deyil, sadəcə ağacları saymağı öyrətmişik. Şagird mətni oxuyanda sanki bir divarı kərpic-kərpic sökür, amma o divarın arxasındakı mənzərəni görə bilmir. Bu, illərlə formalaşan mexaniki oxu vərdişinin acı meyvəsidir. Uşaq sözü tələffüz edir, səsləndirir, amma o sözün ürəyinə nüfuz etmir. Sürətli oxumaq yarışı dərketməni kölgədə qoyub; beyin informasiyanı sadəcə "keçid" kimi qəbul edir, onu analiz edib özününküləşdirməyə macal tapmır. Söz ehtiyatının kasıblığı isə mətni bir tapmacaya çevirir; şagird mətndəki bir məcazı, bir bədii təsviri anlamayanda sanki qaranlıq bir tunelə girir və çıxış yolunu — yəni o açıq sualın cavabını tapa bilmir.

Bu düyünü açmaq üçün uşağı "nəyi" deyil, "necə" düşünməyə hazırlamaq lazımdır. Onu mətnlə bir dost, bəzən də bir rəqib kimi davranmağa öyrətməliyik. Oxuduğu hər cümlədə dayanmalı, "Müəllif burada nə demək istəyir?" deyə sual verməlidir. Bu, sadəcə oxu deyil, həm də bir kəşfiyyatdır. Vizuallaşdırma, yəni oxuduqlarını zehnində bir xəritəyə, bir şəklə çevirmək bacarığı beynin ən böyük köməkçisidir. Ən əsası isə, uşaq yazmağa həvəsləndirilməlidir; çünki yazı düşüncənin ən ali və ən nizamlı formasıdır. Öz fikrini iki cümlə ilə ifadə edə bilməyən şagird, başqasının on səhifəlik mətni qarşısında aciz qalacaq. Biz uşaqlara hazır cavabları əzbərlətməkdən vaz keçib, onları sual verməyin sonsuz həzzinə alışdırmalıyıq ki, açıq suallar onlar üçün qorxu yox, özlərini ifadə etmək üçün bir fürsət olsun”

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
bizimyol.info

1Mənbələr