AZ

Əliyev, Paşinyan və Kobaxidze GÖRÜŞƏ bilər – Qafqazda TARİXİ zirvə

“Üç Cənubi Qafqaz respublikası liderlərinin məşvərət xarakterli yüksəksəviyyəli sammitini hazırlamaq olar”.

Musavat.com
xəbər verir ki, bunu "Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan, təşəbbüs çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətindən olan ekspertlərin görüşünə dair keçirilən mətbuat konfransında deyib.

Bu ideya regionda sabitliyin davamlı olması üçün cəlbedici görünür. Prezident İlham Əliyev “Qafqaz Evi” ideyasını bir neçə il əvvəl gündəmə gətirib. Ona görə də Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin Tiflisdə görüşü istisna deyil. Region ətrafında mürəkkəb bir durumun hökm sürdüyü vaxtda niyə də Əliyev- Paşinyan-Kobaxidze sammiti reallaşmasın? Əgər liderlərin ayrı-ayrılıqda, ikilikdə görüşləri olubsa, birgə zirvə də mümkündür.

Hikmət

Deputat Elşad Musayevin sözlərinə görə, belə bir görüş gələcəkdə mümkündür. Prezident İlham Əliyevin Qafqazda sülh ideyasının elə bunu ehtiva etdiyini deyən millət vəkili vurğulayıb ki, liderlərin görüşü regionda dayanıqlı təhlükəsizlik, iqtisadi inkişaf və yeni əməkdaşlıq formatı vəd edir:

"Keçmiş Qarabağ münaqişəsi 30 ildən çox bölgədə bu əməkdaşlıq formatına imkan verməyib. Ermənistan işğalçılıq siyasəti ucbatından bu fürsəti itirib. Halbuki Bakı-Ceyhan-Tiflis kəmərindən və digər regional layihələrdən yararlana bilərdi. Necə ki bu gün yaranan sülh şəraitində Azərbaycanın enerji məhsulları Ermənistana ixrac olunur, həmçinin ölkəmizdən keçməklə Rusiya və Qazaxıstan taxılı çatdırılır. Amma Ermənistanın ozamankı rəhbərləri ölkəni belə bir iqtisadi perspektivdən məhrum ediblər. İndi yeni reallıqda Azərbaycan, Gürcüstan və Ermənistan yeni əməkdaşlıq modeli qura bilər. Bu da həm siyasi-iqtisadi, həm təhlükəsizlik üçün vacibdir. Hətta "3+3" formatı da aktual olaraq qalmaqdadır". Deputat əlavə edib ki, liderlər müxtəlif platformalarda ikitərəfli görüşlər keçirir, üçtərəfli danışıqlar da mümkündür, hətta bunun üçün vasitəçiyə ehtiyac da yoxdur.

Tbilisidə

Siyasi ekspert Ramiyə Məmmədova isə Cənubi Qafqaz ölkələrinin yeni dövrə qədəm qoyduğunu bildirərək təklif olunan formatda görüşü istisna etmir. Onun fikrincə, tərəflər sülh mətnini paraflayıb, Bakı tranzit embarqosunu götürüb, yekun sülh müqaviləsi üçün İrəvandan son addımın atılması gözlənilir ki, bu da reallaşacaq:

"O halda Tiflisdə üç liderin tarixi görüşü niyə də olmasın?! Azərbaycan və Ermənistan liderlərinin görüşmək problemi yoxdur və bir çox tədbirlərdə danışıqlar aparılıb. Məncə, gürcü tərəfi bu təşəbbüslə çıxış edə bilər. Bu gün Gürcüstan Zəngəzur dəhlizindən yararlanmaq və digər məsələlərdə iştirak şansı əldə edə bilər. Eyni zamanda, liderlər təhlükəsizliyin dayanıqlı olması üçün müzakirələr apara bilər. Yəni heç zaman olmadığı qədər tarixi fürsət yaranıb. Hətta cənab Prezident bu yaxınlarda Tiflisdə bəyan edib ki, Cənubi Qafqaz ölkələri bu şansı əldən verməməlidir. Nəzərə alaq ki, ətrafımızda gərginliklər var, bununla yanaşı üç Qafqaz ölkəsi bölgədə sülhü daimi edə bilər”.

Emil Salamoğlu
Musavat.com 

Seçilən
14
musavat.com

1Mənbələr