Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
London, 13 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkə qanunvericiliyində dəyişiklik edərək hökumətə Avropa İttifaqının vahid bazar qaydalarını adi parlament səsverməsi olmadan tətbiq etməyə imkan verəcək yeni qanun hazırlayır.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu təşəbbüs qida standartları kimi sahələrdə Böyük Britaniyanın Avropa qaydalarına uyğunlaşdırılmasını nəzərdə tutan qanun layihəsinin bir hissəsidir.
Leyboristlərdən olan mənbə bildirib ki, bu addım bizneslər üçün xərcləri azaldacaq və “Brexit”dən sonra yaranmış əlavə bürokratik yükü aradan qaldıraraq gündəlik alış-verişin qiymətinə müsbət təsir göstərəcək.
Mühafizəkarlar Partiyası və Reform UK isə bu planı kəskin tənqid edilib.
Avropa İttifaqının vahid bazarı üzv ölkələr arasında malların, xidmətlərin və insanların sərbəst hərəkətini təmin edən razılaşmadır və bu çərçivədə ölkələr bir sıra ortaq qayda və standartları tətbiq edir. Hazırda Böyük Britaniya ilə Avropa İttifaqı arasında bir neçə istiqamətdə danışıqlar aparılır. Bunlara qida təhlükəsizliyi, həmçinin heyvan və bitki sağlamlığı standartları ilə bağlı razılaşmalar da daxildir.
Bu razılaşmaları müşayiət edəcək qanunvericilik paketinin ilin sonuna doğru parlamentə təqdim olunacağı gözlənilir. Paketə artıq imzalanmış sazişlər üzrə Avropa qaydalarına dinamik uyğunlaşma imkanı verən yeni səlahiyyətlərin daxil ediləcəyi bildirilir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.