AZ

Əldən gedən çempionluq – “Qarabağ”ın yanlış transferləri

“Qarabağ” Premyer Liqanın 27-ci turunda “Şamaxı”nın qapısına yol tapa bilməyib heç-heçə ilə razılaşmalı oldu. Halbuki bu tur “Sabah” “Zirə” ilə bərabərə qaldı. Ağdam klubu səfərdə qalib gələcəyi halda, xal fərqi 8-ə düşəcəkdi, üstəlik ehtiyatda bir təxirə salınmış oyun da var. Lakin Qurban Qurbanovun komandası bu şansı dəyərləndirə bilmədi.

Ümumiyyətlə, “Qarabağ” bu mövsüm ikinci dəfədir ki, “Şamaxı” ilə görüşlərdə xal itirir. 9-cu turda “Azərsun Arena”da keçirilən görüş qolsuz bərabərliklə yekunlaşmışdı. Bundan başqa, “Qarabağ” “Kəpəz”ə iki dəfə uduzdu və 6 xal da belə getdi.

Bəs niyə “köhlən atlar” bu cür rəqiblərlə oyunlarda xallar itirir? Əgər əvvəl bunu komandanın Çempionlar Liqasında iştirakı ilə əlaqələndirirdiksə, indi bu da yoxdur. Ötən mövsümlərdə “Qarabağ” avrokuboklarda çıxış edəndə ikinci heyət Premyer Liqada məsələni həll edə bilirdi. Etiraf etmək lazımdır ki, bu dəfə “Qarabağ”ın transferlərinin əksəriyyəti uğursuz çıxdı.

“Dinamo Zaqreb”dən gəlmiş Sami Mmaenin, “AEK Larnaka”dan transfer olunmuş Jeremi Qnalinin, yenidən komandaya dönmüş Ramil Şeydayevin, mövsümün gedişində “Sarpsborq”a yollanan Kris Kuakunun bu mövsüm “Qarabağ”a xeyir verdiyini gördüz? Vaxtilə ikinci heyətdə olan futbolçular Azərbaycan çempionatında istənilən oyunun taleyini həll edə bilirdilər. İndi vəziyyət dəyişib. Legioner limitinin ləğv olunması ilə “Sabah” çox gücləndi. “Qarabağ” isə iki cəbhədə demək olar ki, eyni heyətlə mübarizə aparmalı oldu.

“Şamaxı” ilə son matçdan sonra Qurban Qurbanovun mətbuat konfransında dediklərindən belə başa düşdük ki, o da vəziyyətlə barışıb. Artıq “Sabah”ın çempion olacağı Qurbanovda  belə şübhə doğurmur. Ağdam klubu bundan sonra bütün diqqətini kuboka yönəltməlidir. Kuboku götürüb, Avropa Liqasına getmək və orada artıq liqa mərhələsinə kimi irəliləmək.

Seçilən
23
msport.az

1Mənbələr