Hesablama Palatası 2025-ci ildə Azərbaycanda büdcə icrası və layihəsi üzrə 299,1 milyon manatlıq uyğunsuzluq aşkarlayıb.
Bu barədə “Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat”da bildirilir.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Hesabat əsasən, 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy üzrə uyğunsuzluqlar arasında dövlət büdcəsi gəlirlərinin iki uçotu üzrə fərq 6,8 milyon manat təşkil edib. Xərclərin funksional təsnifatında uyğunsuzluqlar 290 milyon manat, tanınmayan gəlirlər isə 2,4 milyon manat olub.
Eyni zamanda, ləğv edilmiş hüquqi aktlara görə tutulmuş dövlət rüsumlarının məbləği 5,3 milyon manat göstərilib, bölgüsü aparılmamış xərclərin təyinatı üzrə istifadə edilməməsi və ya uyğun olmayan istiqamətlərə yönəldilməsi isə 45 milyon manat təşkil edib.
2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy üzrə hesablamalarda da uyğunsuzluqlar müəyyən edilib. Belə ki, xərclərin VBT-yə uyğun nəzərdə tutulmaması ilə bağlı uyğunsuzluqlar 236,3 milyon manat olub. Bundan əlavə, layihəyə təsir edən uyğunsuzluq məbləği 160,4 milyon manat təşkil edib.
İqtisadi təsnifat üzrə icmal büdcə xərclərində uçota alınan ümumi uyğunsuzluq məbləği isə 299,1 milyon manat göstərilib.
Hesabata əsasən, büdcə prosesi üzrə ümumilikdə 136 tövsiyə verilib. Onlardan 60-ı 2024-cü ilin dövlət büdcəsinin icrasına rəy, 7-si Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrasına rəy, 38-i 2026-cı ilin dövlət büdcəsinin layihəsinə rəy, 11-i İşsizlikdən Sığorta Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy, 12-si DSMF-nin 2026-cı il büdcəsinin layihəsinə rəy, 8-i isə Dövlət Neft Fondunun 2026-cı il büdcəsinin layihəsinə rəy üzrə təqdim edilib.