AZ

“Orban Avropa İttifaqı daxilində ən problemli liderlərdən biri hesab olunurdu”

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Orban seçkiləri uduzdu. Bu nəticə Macarıstan daxilində siyasi dəyişiklikdən çox geniş geosiyasi balansın göstəricisidir. Orban Donald Trump üçün Avropada uyğun siyasi fiqur idi və açıq şəkildə dəstəklənirdi. Eyni zamanda onun siyasəti Rusiya və Çin üçün də əlverişli idi. Bu baxımdan Orban Qərb daxilində alternativ xəttin daşıyıcısı idi”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. 

Onun sözlərinə görə, Azərbaycan üçün isə Orban fərqli mənada əhəmiyyətli idi:

“O, Azərbaycanı Macarıstanın iqtisadi siyasətində prioritet tərəfdaşlardan biri kimi qiymətləndirirdi. Enerji əməkdaşlığında Bakını Avropa üçün mühüm təminatçı kimi təqdim edir, strateji tərəfdaşlıq xəttini ardıcıl şəkildə dəstəkləyirdi. Yüksək səviyyəli təmaslar və siyasi dəstək bu münasibətləri daha da gücləndirirdi. Amma eyni zamanda Orban Avropa İttifaqı daxilində ən problemli liderlərdən biri hesab olunurdu. Bir çox qərarların qəbulunda maneə yaradır, birlik daxilində parçalanma riskini artırırdı. Bu səbəbdən onun hakimiyyətdə qalması Aİ üçün arzuolunan deyildi. Nəticə göstərdi ki, Aİ qlobal miqyasda təsir imkanlarını tam gücləndirə bilməsə də, öz daxilində siyasi nəzarəti hələ də saxlaya bilir və strateji maraqlarını qorumaq qabiliyyətinə malikdir.Orbanın məğlubiyyəti ilk növbədə Avropada Rusiyaya yaxın xəttin zəifləməsi kimi oxunmalıdır”. 

İqtisadçı bildirib ki, Macarıstan iqtisadiyyatına gəlincə isə, o, Avropa ölkələri ilə müqayisədə orta səviyyədə qiymətləndirilir:

“Amma iqtisadiyyat xarici investisiyalardan və Aİ-dən gələn maliyyə dəstəyindən çox asılıdır.Yeni hökumət Aİ ilə münasibətləri normallaşdırsa, bu, ölkəyə daha çox maliyyə və investisiya cəlb edə bilər və iqtisadi sabitliyi gücləndirə bilər. Azərbaycana gəldikdə isə vəziyyət daha praqmatikdir. Ölkənin balanslı və strateji xarici-iqtisadi siyasəti, xüsusilə enerji resursları və etibarlı tərəfdaş imici Macarıstanda hakimiyyətə gələcək yeni komanda ilə də yüksək səviyyəli əməkdaşlığı davam etdirməyə imkan verəcək.Çünki bu əməkdaşlıq şəxslərə yox, maraqlara əsaslanır. Macarıstanla birgə həyata keçirilən strateji layihələr, o cümlədən yaşıl enerji dəhlizi üzrə təşəbbüslər (Rumıniya və Macarıstanla imzalanmış memorandum çərçivəsində) bu münasibətlərin davamlı xarakter daşıdığını göstərir. Əlqərəz, Orban getdi, amma Azərbaycan və Macarıstan əməkdaşlığı qalacaq”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
adalet.az

2Mənbələr