“Çox açıq söhbətimiz oldu, məhbusların və saxlanılanların məsələlərini qaldırdıq”.
Musavat.com erməni mediasına istinadla xəbər verir ki, bu sözləri Demokratiyanın İnkişafı Fondunun direktoru Naira Sultanyan bu gün keçirilən mətbuat konfransında bildirib.
Azərbaycanda keçirilən “Sülh körpüsü” müzakirəsində iştirak etmiş QHT rəhbərinin sözlərinə görə, “Biz bu məsələlərlə bağlı suallarımızı qaldırdıq, onlar da öz suallarını qaldırdılar. Biz məhbuslar və saxlanılanlar haqqında danışdıq, nümayəndə heyətinin bir çox üzvü bu məsələni çıxışlarında qeyd etdi”.
Sultanyanın sözlərinə görə, “Bir daha vurğuladıq ki, bu məsələ sülh prosesinin məntiqinə uyğun gəlmir, sülh prosesi daha da irəliləyib və prosesin irəliləyişini daha yaxşı təmin etmək üçün bu məsələlər həll olunmalıdır”.
QHT rəhbəri bildirib ki, həmçinin itkin düşmüş şəxslər məsələsi də qaldırılıb: “Təbii ki, onlar da özlərini maraqlandıran məsələləri, mina partlayışları nəticəsində yaralanan və həlak olan insanların məsələlərini, eləcə də 1990-cı illərdə itkin düşmüş Azərbaycan vətəndaşlarının sayını qaldırdılar”.
Xatırladaq ki, Qəbələdə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüş baş tutub. Görüş zamanı Hikmət Hacıyev iştirakçılarla fikir mübadiləsi aparıb, həmçinin erməni nümayəndə heyətinin suallarını cavablandırıb. Görüşdə Azərbaycan hökumətinin sülh gündəliyinə sadiqliyi vurğulanıb. Görüşdə ölkəmizin Vaşinqtonda Ermənistanla Azərbaycan arasında razılaşdırılmış sülh gündəliyinə və Vaşinqton Sammitinin ruhuna sadiqliyi bir daha diqqətə çatdırılıb.

Həmçinin iki ölkə arasında ticarət münasibətlərinin yaranması və Azərbaycan ərazisindən Ermənistana məhsulların tranzit keçidinin təmin olunduğu qeyd edilib, TRIPP layihəsinin həyata keçirilməsi və bunun bölgədə ab-havanın, bütün bir regionun nəqliyyat mənzərəsinin dəyişəcəyinə xidmət göstərəcəyi bildirilib. H.Hacıyev qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh gündəliyi üzrə danışıqların ikitərəfli xarakter daşıdığı kimi, vətəndaş cəmiyyətləri arasındakı bu mübadilələrin və etimad quruculuğu tədbirlərinin də ikitərəfli xarakter daşıması vacibdir.
Lakin erməni vətəndaş cəmiyyəti üzvlərinin həbsdə olan hərbi canilərin məsələsini qaldırması daxili auditoriyaya hesablanmış manevrdir. Erməni cəmiyyətinə mesaj verilir ki, məhbuslar mövzusuna da toxunulub. Halbuki həmin şəxslərin Ermənistana aidiyyatı yoxdur və Qarabağda mövcud olmuş xunta rejiminə rəhbərlik ediblər.
Yada salaq ki, onlardan Araik Aryutunyan ömürlük, Ruben Vardanyan 20 il, digərləri isə 16-20 il həbs cəzasına məhkum olunublar.
Emil Salamoğlu
Musavat.com