AZ

"Satınalma müqavilələrinin təxminən 30%-i tam icra olunmayıb"- Hesablama Palatası

Satınalmaların vaxtında keçirilməməsi ilə bağlı təhlil göstərir ki, 2025-ci ildə də satınalmalar rüblər üzrə qeyri-bərabər paylanıb, xüsusilə ilin son rüblərində (III və IV rüblər) cəmləşmə meyli müşahidə olunub.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

O bildirib ki, 2024-cü illə müqayisədə 2025-ci ildə nisbətən balanslaşma müşahidə edilsə də, satınalmaların əsas hissəsi (təxminən 60%-i, o cümlədən 4-cü rüb 31,2%) yenə də ilin ikinci yarısında həyata keçirilib:

“2025-ci il ərzində müsabiqə əsaslı dövlət satınalmaları həyata keçirmiş 1400-dən çox təşkilatın 900-dən çoxu (təxminən 64%-i) satınalma fəaliyyətinə yalnız ikinci rübdən etibarən başlayıb. Bununla yanaşı, təxminən 130 təşkilatın ilk satınalması 6-cı ayda, 70-dən çox təşkilatın isə ilk satınalması 9-cu ayda baş verib.

Bağlanmış müqavilələrin tam icra olunmaması halı müəyyən edilib. Belə ki, qurumlar tərəfindən təqdim edilmiş məlumatların (müvafiq informasiya sisteminə daxil edilən) ilkin təhlili göstərir ki, hesabat ilində təxminən müqavilələrin 30%-i tam icra icra olunmayıb”.

“Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıra islahatlar həyata keçirilib. Əvvəlki illərə nisbətən satınalma mədəniyyəti qismən formalaşıb. Elektron satınalmaların həcmində əhəmiyyətli dəyişikliklər var.

Lakin audit nəticələri göstərir ki, yalnız proseslərin elektronlaşması problemi tam həll etmir. Satınalan təşkilatın fəaliyyəti də mövcud problemlərin həllinə kömək etməlidir”, - sədr qeyd edib. (Trend)

Seçilən
0
2
fed.az

3Mənbələr