AZ

"Əgər İranın nüvə silahı olsaydı, bu qarşıdurmada ondan da istifadə edə bilərdi" - Akif Nağı

"Amerika-İran danışıqlarından heç kəs ciddi bir nəticə gözləmirdi. Çünki bu münaqişə başlayanda hər tərəfin qarşısında öz məqsədləri vardı. Amerika Birləşmiş Ştatlarının məqsədi ondan ibarətdir ki, İranı tam şəkildə nəzarətə götürsün, orada rejimi dəyişsin, siyasi sistemi dəyişsin, özünə uyğun hakimiyyət formalaşdırsın, İranın neftini və qazını nəzarətə götürsün".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Akif Nağı İslamabadda keçirilən ABŞ-İran danışıqlarının nəticəsiz yekunlaşmasını şərh edərkən bildirdi.

Müsahibimiz əlavə etdi ki, hazırda müzakirə olunan məsələlər də nüvə tədqiqatları ilə bağlıdır:

"Belə səsləndirildi ki, guya razılaşmaya xeyli yaxın idilər, amma Hörmüz boğazı və nüvə tədqiqatları ilə bağlı razılıq əldə olunmadı. Amerikanın istəyi ondan ibarətdir ki, İran qəti şəkildə öhdəlik götürsün və heç vaxt nüvə silahına sahib olmayacağını təsdiqləsin. Belə görünür ki, İran tərəfi bununla razılaşmadı. Hörmüz boğazı ilə bağlı İranın iddiası var ki, onun bu boğaz üzərində suverenliyi tanınsın. Bu isə o deməkdir ki, boğazdan keçən gəmilərdən böyük gəlir əldə etmək istəyir. Bir rəqəm də səsləndirildi ki, hər barreldən bir dollar alınması ildə milyardlarla vəsait deməkdir. Bu səbəbdən mövqelər məhz bu istiqamətdə parçalanır. Nüvə silahı məsələsində Amerika geri çəkilmir, xüsusilə də İsrail narahatlıq keçirir. Aydındır ki, İran nüvə silahına sahib olarsa, ciddi təhlükə mənbəyinə çevrilər. Obyektiv reallıq bundan ibarətdir. Bu gün kimlərinsə İrana və ya Amerikaya simpatiyasından asılı olmayaraq, İranın əlində belə bir silahın olması region və dünya üçün böyük təhlükədir. Çünki bu müharibə zamanı da göründü ki, İran özünü müdafiə etmək və ya müəyyən hədəflərə çatmaq üçün istənilən vasitələrdən istifadə etməyə hazırdır. Əgər nüvə silahı olsaydı, bu qarşıdurmada ondan da istifadə edə bilərdi. Ona görə İranın belə bir silaha sahib olması ciddi təhlükəli perspektivlər yaradır".

Politoloq vurğuladı ki, ABŞ təkqütblü dünyaya doğru irəliləmək, hökmranlıq etmək və qlobal güc olmaq istəyir:

"Bu istiqamətdə ən ciddi müqavimət göstərilən məsələlərdən biri də İranla bağlıdır. İranın da, Amerikanın da ortaya qoyduğu hədəflər düzgün deyil, dünya üçün təhlükə yaradır və qeyri-normal xarakter daşıyır. İranla bağlı dünya dövlətlərinin mövqeyi birmənalı olmalıdır. Hazırda onlar hücuma məruz qalır, itkilər çoxdur. Rəsmi açıqlamalara görə, itkilər 3000 nəfər civarındadır, lakin bəzi məlumatlara əsasən daha çoxdur. Bu, insan itkiləridir, dinc əhalinin, uşaqların və qadınların qətlə yetirilməsi yolverilməzdir. Bu cinayətlərə görə Amerika və İsrail cavab verməlidir. Digər tərəfdən, İranın da öz iddialarından geri çəkilməməsi və dünyanı iqtisadi böhran riski ilə üz-üzə qoyması doğru deyil. Hörmüz boğazına yaxınlığı və təsir imkanları İran və Oman üçün müəyyən üstünlük yaradır, lakin bu, dünya dövlətlərinə qarşı şantaj vasitəsinə çevrilməməlidir. İranın bu boğazdan şantaj aləti kimi istifadə etməsi yolverilməzdir".

A.Nağının fikrincə, Amerikanın dünya hökmranlığı iddiası da normal hal deyil.

"Bu səbəbdən dünya güclərinin bir araya gəlməsi və bu iddiaların qarşısının alınması vacibdir. Əgər bunun qarşısı alınmasa, ən azından elə bir sistem formalaşdırılmalıdır ki, qlobal təhlükələr yaranmasın. Dünya ölkələri bu istiqamətdə birgə hərəkət etməlidir. Hazırkı vəziyyətdə İran və Amerika arasında hələ də uyğunlaşmayan məsələlər qalır. Elə bir təsəvvür də yaranır ki, tərəflər arasında müəyyən oyun gedir və hər kəs öz maraqları çərçivəsində hərəkət edir. Hətta belə ehtimallar da var ki, tərəflər müəyyən məsələlərdə razılaşdırılmış şəkildə davranır və bundan mənfəət götürür. Bəzi fikirlərə görə, Hörmüz boğazına birgə nəzarət və birgə qazanc əldə etmək kimi yanaşmalar da mövcuddur. Buna baxmayaraq, tərəflərin mövqeləri ciddi şəkildə fərqlənir və razılığa gəlmə ehtimalı çox aşağıdır. Yenidən hərbi əməliyyatların başlanması ehtimalı isə daha yüksək görünür. Hər iki tərəf bu danışıqları fasilə və nəfəs dərmək mərhələsi kimi qiymətləndirir, yeni qarşıdurmaya hazırlaşır. Qüvvələr yenidən qiymətləndirilir, əvvəlki qarşıdurmanın nəticələri analiz olunur, güclü və zəif tərəflər müəyyənləşdirilir. Bu isə göstərir ki, yaxın gələcəkdə qarşıdurmanın yeni mərhələsi başlaya bilər", - deyə o qeyd etdi.

NURİYYƏ

Seçilən
3
1
redaktor.az

2Mənbələr