AZ

Kreml İrəvanda oyunu dəyişir - yeni lider kim olacaq?

Ermənistanda 7 iyunda baş tutacaq parlament seçkiləri yaxınlaşdıqca proseslər yeni mərhələyə qədəm qoymaqdadır. Hakimiyyət uğrunda mübarizə artıq təkcə daxili siyasi rəqabət çərçivəsindən çıxaraq böyük güclərin təsir savaşı fonunda formalaşmaqdadır. Heç şübhəsiz ki, burada əsas diqqətlər Rusiyaya yönəlib.

İrəvanda hakimiyyət uğrunda yarışan qüvvələrdən hansı daha çox Moskvanın maraqlarına uyğundur?

Rusiyaya yaxınlığı ilə tanınan iş adamı Samvel Karapetyanın seçki kampaniyasında əsas fiqurlardan biri kimi görünməsi təsadüfi qəbul olunmur.

Kreml Ermənistan üçün yeni favorit üzərindəmi dayanıb? Burada daha da irəli gedən iddialardan biri Rusiya prezidenti Vladimir Putinin Karapetyanın siyasi səhnəyə çıxışı üçün dolayı və ya birbaşa təsir göstərməsi ilə bağlıdır. Onun həbsdən azad olunmasında bilavasitə Kreml sahibinin əlinin olduğu da iddialar sıradındadır.

Digər tərəfdən, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan da yenidən siyasi səhnədə kifayət qədər aktivdir. Onun illərdir Rusiya ilə yaxın münasibətləri fonunda bu sual aktuallaşır: Köçəryan Kremlin ənənəvi namizədi olaraq qalır, yoxsa Moskva artıq yeni fiqurlara üstünlük verir?

Bütün bu proseslər fonunda hazırkı baş nazir Nikol Paşinyanın son Moskva səfəri, aprelin 1-də Putinlə Kreml sarayındakı görüşü diqqət mərkəzində saxlanılmaqdadır.

Paşinyan bu səfərlə Kremlin etimadını yenidən qazana bildimi? Yoxsa Rusiya artıq onunla siyasi gələcək qurmaq niyyətində deyil?

Seçki gündəminin digər mühüm xətti isə Ermənistanın xarici siyasət kursu ilə bağlıdır. Xüsusilə, ötən il 8 avqustda ABŞ lideri Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında əldə olunan paraflanma sənədi ətrafında müzakirələr durmadan artır.

İrəvan bu sənəddən geri çəkilə bilərmi?

Bütün bu suallar fonunda əsas məsələ açıq qalır: 7 iyun parlament seçkilərində Rusiyanın real namizədi Samvel Karapetyan, Robert Köçəryan, yoxsa Nikol Paşinyandır?

MEHEMMED.jpg

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a açıqlamasında hazırkı Ermənistan cəmiyyətini bu cür xarakterizə edib:

“Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi sistem iki qütbə bölünüb. Bir qisim rusiyayönümlüdür. Bunların tezisi ondan ibarətdir ki, Ermənistan Rusiyanın strateji müttəfiqi olacaq. Azərbaycanla sülh prosesinə yenidən baxılacaq. TRIPP layihəsi ilə bağlı dəyişikliklər ediləcək. Bu da Qarabağla bağlı yenidən məsələləri gündəmə gətirir. Qərbyönümlü siyasi sistem isə sülhü təşviq edir. Yeni reallıqlara uyğun olaraq qonşularla sülh və rifah şəraitində yaşamağı təbliğ edir. Birinci qrup Rusiyaya bağlı oliqarx Karapetyanın partiyasi olan "Güclü Ermənistan" və Robert Köçəryanın "Respublika" partiyasıdır. Bunlar birbaşa təminatı Kremldən alır. Məhz Paşinyanla Putin görüşündə Karapetyanın azad olunması və onların siyasi proseslərdə aktiv olması üçün birbaşa təzyiq dilində danışdı. Putin Ermənistanda daxili siyasi proseslərə müdaxilə edir və çalışır ki, dəstəklədiyi qüvvələr qələbə əldə etsin.

Ümumiyyətlə, Putin Paşinyanı dəyişmək planına malikdir. Onunla işləmək istəmir. Düşünürəm ki, daha çox Karapetyana dəstək verir. Sorğularda Samvel Karapetyanın Köçəryandan daha üstün olduğu görünür. Köçəryanın hakimiyyətə gəlməyi mümkün deyil. Xalq onu qəbul etmir. Karapetyan ötən gün qeyd edib ki, Qarabağda etnik təmizləmə baş verib. Bu açıqlama göstərir ki, o, sülhü deyil, müharibəni seçir. Rusiyanın sifarişi ilə danışır. Xalqın da Karapetyanın Qarabağla bağlı mövqeyinə görə ona səs verə bilməsi mümkün deyil. Çünki Ermənistan xalqı sülhü dəstəkləyir. Paşinyanın mövqeyi daha güclüdür. Rusiya çalışacaq ki, seçki günü sabotaja əl atsın. 7 iyun region üçün həlledici olacaq. Rusiyanın ənənəvi siyasəti onun məğlubiyyətinə gətirəcək”.

Cavanşir ABBASLI
Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr