Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Qahirə, 13 aprel, AZƏRTAC
Misirdə Azərbaycan dilinə maraq günbəgün artır. Qahirə şəhərində fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyəti nəzdində Azərbaycan dili kurslarının yeni müdavimləri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Cəmiyyətin sədri və Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri, tədqiqatçı-alim Seymur Nəsirov tələbələrə Azərbaycanın tarixi, zəngin mədəni irsi, ədəbiyyatı və müasir inkişafı barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan dilinə artan marağın nəticəsi olaraq kurslara 200-dən çox müraciət daxil olub. Onlardan 45 nəfər üçün yeni qruplar təşkil olunub.
Qeyd olunub ki, kurs iştirakçıları arasında yalnız misirlilər deyil, müxtəlif ölkələrin vətəndaşları da yer alır.
Cəmiyyətdəki kurslarda Azərbaycan dilini tədris edən İnarə Osmanova tələbələrə dilimizin əhəmiyyəti və ərəb dili ilə oxşar xüsusiyyətləri barədə məlumat verib.
Hazırda Cəmiyyət nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.