AZ

Qeyri müəyyənliklər çağında dünya Əbülfəz Süleymanlı Sosioloji baxış

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əbülfəz SüleymanlıProfessor [email protected]

Müasir dünyanın getdikcə daha çox “qeyri-müəyyənliklər çağı” kimi xarakterizə olunması təsadüfi deyil. Çünki bu gün əsas problem təkcə böhranların artması deyil, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinin, mövcud qaydaların nə dərəcədə işlək qalacağının və gələcəyin hansı məntiq üzərində qurulacağının getdikcə daha çətin proqnozlaşdırılmasıdır. İqtisadi, siyasi və geosiyasi qərarlar artıq sabit institutlar və oturuşmuş qaydalar daxilində deyil, dəyişkən və gərgin şəraitdə qəbul olunur. Bu isə göstərir ki, məsələ yalnız artan böhranlarda deyil, birgəyaşayışın və gələcəyin hansı əsaslar üzərində qurulacağı ilə bağlı qeyri-müəyyənliyin dərinləşməsindədir.

Uzun illər beynəlxalq münasibətlər sistemi güc balansı, ittifaqlar və iqtisadi qarşılıqlı asılılıq kimi anlayışlarla izah olunurdu. Lakin artıq həmin çərçivə mövcud reallığın mürəkkəbliyini əvvəlki qədər əhatə etmir. Dünya yalnız gücün necə bölüşdürülməsi ilə deyil, siyasi və institusional sabitliyin necə aşınması ilə də səciyyələnir. İttifaqlar əvvəlki dayanıqlığını itirir, qaydalar daha asan pozulur, siyasi proseslər isə ani istiqamət dəyişikliklərinə daha açıq hala gəlir.

Bu kontekstdə “geopolitika” anlayışının yenidən ön plana çıxması da təsadüfi deyil. Çünki müasir mərhələdə güc hələ də mövcuddur, lakin onun nəticə yaratmaq qabiliyyəti zəifləyib. Münaqişələr uzanır, nəticələr qeyri-müəyyən qalır və heç bir tərəf klassik mənada tam qalib kimi görünmür. Bu isə yalnız güc balansının dəyişməsi deyil, həm də qlobal idarəetmə mexanizmlərinin təsir gücünün azalması deməkdir.

Digər tərəfdən, beynəlxalq sistemin əsas dayaqları hesab olunan hüquq və institutlar da əvvəlki təsirini itirməkdədir. Qaydalar formal olaraq qalır, lakin getdikcə daha çox istisnalar vasitəsilə işləyir. Belə olduqda dünya qaydalarla deyil, istisnalarla idarə olunmağa başlayır. Bu isə qlobal nizamın legitimlik dilinin aşınmasına gətirib çıxarır.

Bu mənzərəni daha dərindən anlamaq üçün qeyri-müəyyənliyi yalnız siyasi hadisələrin nəticəsi kimi deyil, riskin gündəlik həyatın strukturuna çevrilməsi kimi də oxumaq lazımdır. Müasir insan artıq təkcə baş vermiş böhranlarla deyil, hər an baş verə biləcək sarsıntılar ehtimalı ilə yaşayır. Üstəlik, texnoloji və siyasi dəyişikliklərin sürəti insanın onları mənimsəmə sürətini çoxdan geridə qoyub. Zaman sanki sıxlaşıb; qərarlar tez köhnəlir, sabitlik hissi zəifləyir, gələcək isə əvvəlki kimi uzunmüddətli planlaşdırılan sahə deyil, daha çox ehtiyatla keçilən naməlum məkana çevrilir.

Qloballaşmanın yaratdığı qarşılıqlı asılılıq da artıq əvvəlki kimi yalnız yaxınlaşma və əməkdaşlıq vədi daşımır. Eyni əlaqələr indi zəiflik, təzyiq və asılılıq mənbəyinə də çevrilə bilir. Dünya bir-birinə bağlandıqca, eyni zamanda bir-birinə qarşı daha həssas hala gəlir. Bu isə qarşılıqlı asılılığın paradoksunu ortaya çıxarır: əlaqələr artdıqca sabitlik yox, bəzən daha böyük qeyri-müəyyənlik yaranır.

Texnologiyanın rolu bu prosesdə ayrıca vurğulanmalıdır. Bir zamanlar təhlükəsizlik və rifah vədi ilə təqdim olunan texnoloji tərəqqi bu gün daha çox nəzarət, rəqabət və silahlanma imkanlarını genişləndirir. Artıq yalnız böyük dövlət olmaq üstünlük təmin etmir; daha çevik və texnoloji baxımdan hazırlıqlı aktorlar da təsir imkanları qazana bilir. Bu isə ənənəvi güc anlayışını sarsıdır və daha mürəkkəb bir dünya mənzərəsi yaradır.

Bütün bu proseslərin sosial və psixoloji təsiri də az əhəmiyyətli deyil. Qeyri-müəyyənlik yalnız dövlətləri deyil, cəmiyyətləri və fərdləri də dəyişdirir. İnsanlar gələcəyi planlaşdırmaqda çətinlik çəkir, uzunmüddətli sabitliyə inam zəifləyir, müvəqqətilik hissi isə güclənir. İnformasiya bolluğu paradoksal şəkildə etimadı azaltmaqla bu prosesi daha da dərinləşdirir.

Beləliklə, qarşı-qarşıya olduğumuz mənzərə klassik mənada yeni dünya nizamının meydana çıxması deyil. Əksinə, bu, köhnə nizamın izah gücünü itirdiyi, yenisinin isə hələ tam formalaşmadığı bir keçid dövrüdür. Bu dövrün əsas xüsusiyyəti sabitlik deyil, məhz qeyri-müəyyənlikdir.

Bəlkə də yaşadığımız dünyanı ən doğru şəkildə nizamın dəyişməsi kimi deyil, izahların gecikdiyi bir vəziyyət kimi oxumaq lazımdır. Çünki artıq məsələ yalnız güc mərkəzlərinin yer dəyişməsi deyil; daha dərin problem ondan ibarətdir ki, dünya köhnə anlayışlarla dərk olunmur, yeni anlayışlar isə hələ kifayət qədər yetkinləşməyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
525.az

1Mənbələr