Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) Qazaxıstan Respublikasının bir qrup dövlət qulluqçusu üçün təlim-təcrübə proqramı təşkil edib.
DİA-dan AZƏRTAC-a bildirilib ki, təlim proqramı çərçivəsində dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, gender bərabərliyi siyasəti, turizm siyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər mövzularında mühazirələr və təqdimatlar təşkil olunub. Həmçinin proqram çərçivəsində iştirakçıların Milli Məclis, ASAN İnnovasiya Mərkəzi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında görüşləri baş tutub.
Təlim-tədris proqramının bağlanış mərasimində DİA-nın rektoru akademik Urxan Ələkbərov Azərbaycan və Qazaxıstan arasında tarixən formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin bu gün ən yüksək səviyyədə inkişaf etdiyini qeyd edib. O, xüsusilə dövlət idarəçiliyi sahəsində kadr hazırlığının, dövlət qulluqçularının peşə bilik və bacarıqlarının artırılmasının, eləcə də beynəlxalq təcrübə mübadiləsinin müasir dövrdə mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Rektor çıxışında Azərbaycan n Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Eyni zamanda, əldə olunmuş bu təcrübənin beynəlxalq müstəvidə maraq doğurduğunu bildirərək, belə təlim proqramlarının müxtəlif ölkələrin dövlət idarəçiliyi institutları arasında əməkdaşlığın dərinləşdirilməsinə, qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və qabaqcıl idarəçilik təcrübələrinin paylaşılmasına xidmət etdiyini qeyd edib.
Təlim proqramının Qazaxıstandan olan iştirakçıları isə Bakıda olduqları müddət ərzində müxtəlif dövlət qurumlarında keçirilən görüşlərin və təqdimatların onların peşəkar inkişafı baxımından çox faydalı olduğunu bildiriblər. Onlar Azərbaycanın dövlət idarəçiliyi sahəsində tətbiq etdiyi innovativ yanaşmalar, rəqəmsal transformasiya istiqamətində həyata keçirilən islahatlar və vətəndaş yönümlü xidmət modelləri ilə yaxından tanış olmaq imkanı əldə etdiklərini vurğulayıblar. Qonaqlar qeyd ediblər ki, Qazaxıstan Prezidenti yanında İdarəçilik Akademiyasının dövlət qulluqçuları üçün nəzərdə tutulmuş magistr proqramı çərçivəsində təhsil alanlar üçün hər il müxtəlif ölkələrdə – İsveçrə, Latviya, Litva, Estoniya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Malayziya və Özbəkistanda analoji təlim proqramları təşkil olunur. Bu ildən etibarən Azərbaycanın da həmin siyahıya daxil edilməsi xüsusi məmnunluqla qarşılanıb, ölkəmizin bu istiqamətdə qazandığı nailiyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisi kimi qiymətləndirilib. İştirakçılar belə proqramların gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq, əldə etdikləri bilik və təcrübələrin onlara töhfə verəcəyini bildiriblər.