AZ

Zəngin elmi fəaliyyət, qazanılan uğurlar

ain.az, Yeniazerbaycan saytına istinadən bildirir.

İntiqam Quliyev

YAP Ağdam rayon təşkilatının sədr müavini 

Zərifə xanım Əliyevanın ömür yolu zəngin elmi fəaliyyət, qazanılan uğurlarla zəngindir. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Azərbaycanın dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şahtaxtı kəndində dövrünün görkəmli dövlət və ictimai-siyasi xadimi, elm fədaisi, böyük şəxsiyyət Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə institutu əla qiymətlərlə bitirib.

Həkim olmaq arzusu onu Moskva şəhərinə aparıb və Zərifə xanım Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda iki illik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq ixtisasına yiyələnib. O, ixtisaslaşdırma kursunu müvəffəqiyyətlə başa çatdırdıqdan sonra Vətənə qayıdıb, 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb.

Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Uğurlu tədqiqatların nəticələri Z.Ə.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edib. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilib və ölkəmiz bu xəstəlikdən xilas olub. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, həm də körpələri, balacaları sonsuz məhəbbətlə sevir, onları Tanrının ən müqəddəs payı hesab edirdi. Məhz bütün bu keyfiyyətlərinə görədir ki, Zərifə xanım hər zaman hamı tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr