AZ

Türk ekspert: Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan Xəzər hövzəsindəki iqtisadi, ticarət və nəqliyyat potensialı ilə faktiki olaraq sabitlik adası kimi çıxış edir. Həm şimal, həm də cənub istiqamətlərində davam edən müharibələr fonunda yaranan ciddi qeyri-müəyyənliklər və risklər Azərbaycanın geostrateji və geoiqtisadi rolunu daha da artırır.

Bunu AZƏRTAC-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Halit Hamzaoğlu bildirib.

O, qeyd edib ki, Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyə və Avropaya uzanan Orta Dəhlizin inkişafı institusional baxımdan müstəqil xarakter daşıyır. Bu xətt Mərkəzi Asiya, Qafqaz və Türkiyə iqtisadiyyatları üçün transformativ potensiala malikdir. Şərqlə Qərb arasında mühüm yer tutan Azərbaycan Orta Dəhlizdə strateji rol oynayır, nəqliyyat infrastrukturuna sərmayə yatırır və regional əməkdaşlığı təşviq edən siyasət həyata keçirir.

“Azərbaycanın Orta Dəhliz boyunca strateji mövqeyi qlobal ticarət şəbəkələrində rolunu gücləndirmək və iqtisadi şaxələndirməni təşviq etmək üçün geniş imkanlar yaradır. Bakı limanı daha böyük yük həcmlərini qəbul etmək və səmərəliliyi artırmaq məqsədilə inkişaf etdirilir, müasir logistika texnologiyaları tətbiq olunur. Orta Dəhliz üzrə yük axınının artması isə qlobal geosiyasi dəyişikliklər fonunda bu marşrutu daha da cəlbedici edir. Orta Dəhliz region dövlətlərinin çoxşaxəli xarici siyasət məqsədləri ilə də uzlaşır. Bu dəhliz vasitəsilə ölkələr ticarət, iqtisadiyyat və nəqliyyat siyasətlərini şaxələndirmək imkanı əldə edirlər. Bununla da qlobal qeyri-müəyyənlik dövrünün yaratdığı geosiyasi çağırışlar sabitlik yaradan mexanizmlər vasitəsilə neytrallaşdırılır. Azərbaycanın Orta Dəhlizi strateji prioritetə çevirməsi isə regional əməkdaşlıq mexanizmlərinin dərinləşməsinə şərait yaradır. Azərbaycan xarici siyasətində sabitlik yaradan amilləri əsas prioritet kimi müəyyənləşdirib. Bu amillər ölkənin balanslı və proqnozlaşdırıla bilən siyasəti nəticəsində yaranan imkanları əhatə edir. Bu kontekstdə Azərbaycanın nəqliyyat dəhlizlərinə yönəlik strategiyası yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş coğrafiya üçün əhəmiyyət daşıyır. Azərbaycanın geoiqtisadi mövqeyini gücləndirən əsas amillərdən biri məhz onun proqnozlaşdırıla bilən və balanslı xarici siyasətə malik olmasıdır. Bu siyasət nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda etibarlı tərəfdaş kimi qəbul olunur. Geosiyasi qeyri-müəyyənliyin hökm sürdüyü bir dövrdə sabit, balanslı və praqmatik siyasət xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan təhlükəsizlik və iqtisadi sabitlik balansını uğurla təmin edir və illərdir həyata keçirdiyi ardıcıl siyasət nəticəsində Şərq–Qərb və Şimal–Cənub istiqamətlərində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirib”, - deyə o vurğulayıb.

Halit Hamzaoğlunun sözlərinə görə, hər iki nəqliyyat xəttinin funksionallığı baxımından Azərbaycan artıq açar ölkəyə çevrilib və bu mövqeyini daha da gücləndirmək üçün həm regional, həm də qlobal aktorlarla “qazan-qazan” prinsipi əsasında yeni əməkdaşlıq mexanizmləri formalaşdırır.

“Ukrayna və İran ətrafında baş verən müharibələr Azərbaycanın quru nəqliyyat marşrutları baxımından əhəmiyyətini daha da artırır. Bu şəraitdə Azərbaycan uzun illərdir həyata keçirdiyi balanslı xarici siyasətin verdiyi üstünlükləri strateji fürsətə çevirə bilir”,- deyə Halit Hamzaoğlu qeyd edib.

Müxbir - Səbinə Əlizadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
2
azertag.az

3Mənbələr