AZ

“Biz qan davası etmədik, aramızda namus söhbəti olmayıb” – Deputatdan həmkarı barədə ŞOK açıqlamalar

Deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, tarix elmləri doktoru Fəzail İbrahimli Musavat.com-a xeyli maraqlı məqamlarla zəngin müsahibə verib. Dünən 75 yaşını qeyd edən tarixçi alimlə keçdiyi həyat yolundan, siyasi fəaliyyətindən, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı ilə münasibətlərdən tutmuş, sabiq deputat Vahid Əhmədovla Milli Məclisdə yaşanan gərginliyə qədər bir çox məsələlərdən danışdıq.

Müsahibəni təqdim edirik:

- Fəzail müəllim, yubiley yaşınızı təbrik edirik. Uzunömürlülər diyarı kimi tanınan məmləkət üçün 75 il ömür yaşamaq elə də çox sayılmaz, amma qlobal məkanda baş verənlərə diqqət yetirsək, az da hesab edilə bilməz. Siz özünüz yubilyar olaraq 75 ili necə sərf-nəzər edərdiniz?

- Təşəkkür edirəm. Birinci, mən təbii ki, suala cavab verəcəyəm. Amma əvvəlcə deyim ki, siz 75 yaşa çatanda bugünkü sualın cavabını özünüzdə hiss edəcəksiniz. Bunu hiss etmək lazımdır. İnsan 75 yaşa çatanda düşüncəsində, əxlaqında - filanda deyirlər dəyişiklik olur, o, yalan söhbətdir. Əgər insanın zəkası, düşüncəsi, əxlaqı düzgündürsə, genetik kodunda müsbət elementlər, ancaq yaxşılığa meyl edən diktələr varsa, o, gəncliyindən müsbət yol tutur. Bizdə çox qəribədir; bəzən gözləyirik ki, insan gəlib bir yaşa çatsın, 60-a, 70-ə çatsın, sonra biz onu ağsaqqal deyək. Amma rusların sözün həqiqi mənasında dahi yazıçısı Dostoyevskinin bir sözü var: deyir ki, 27 yaşlı ağsaqqal içəri daxil oldu. Burada böyük fəlsəfə var. İnsan gənc yaşından əgər duyursa, ətrafını görürsə, məsafədən özünə baxa bilirsə, o, kifayət qədər yüklənir. Nə ilə yüklənir? Davranışla. Bu olar, bu olmaz, münasibətlə və sair. Bu, özünü göstərir. Mənə də Tanrı elə bir tale qismət edib ki, gənc yaşımdan üzərimə müəyyən yüklər düşüb. Həm ailə, qohum-əqrəba içərisində, həm də cəmiyyət içərisində. Yəni Bakı Dövlət Universitetinin müəllimi olmaq kimi tarixi bir missiya hər kəsə nəsib olmurdu. Mən gənc yaşımdan Bakı Dövlət Universitetinin müəllimi oldum. Əvvəl aspirant, sonra müəllimi oldum və o, mənim həyatıma məhdudiyyətlər yox, müəyyən hüdudlar qoydu. Məsələn, mən çox yaxşı bilirdim ki, əgər sən yüz tələbəyə dərs deyirsənsə, o küçədən gedənlərin ikisi-üçü sənin tələbələrin ola bilər. Küçədə, həyatda davranış, çayxanalarda oturub, laqqırtı vurmamaq və s. mənim həyatımı nizama saldı. Və mən, artıq tam kamil dövrümdə də, 49 yaşında Milli Məclisin deputatı oldum...Artıq bu yük elmi yükdən rəsmi - siyasi yükə çevrildi. Müəyyən məhdudiyyətlər var. Millət vəkili necə olmalıdır? Toylarda, yaslarda, küçədə, məclislərdə, elmi konfranslarda hər kəs sənin üzünə baxır və danışdığın sözlə, atdığın addımlarla, davranışlarla sənə dəyər verirlər. Bütün bunlar insanı cilalaya-cilalaya gətirib çıxarır müəyyən yaşa. 75 yaşımda Allahımdan çox razıyam ki, mən bu yaşa gümrah, sağlam gəlib çatmışam. Adətən, 75 yaşda çoxu əsa götürür və yaxud yaddaşında problem olur, yerişində, qamətində əyilmə olur. Bunların hamısını Tanrı görünür mənə bir pay verib: qamətim düz, sifətimdə həmişə təbəssüm var. Dövlət tərəfindən də kifayət qədər qiymətləndirilmişəm. Məsələn, 70 yaşında “Şöhrət” ordeni almışam, bu da dövlətin, cənab Prezidentin mənə olan diqqətidir. Yəni çox razıyam. Hətta jurnalistlərdən də çox razıyam. Müəyyən istisnalar olmaqla, bu günə qədər haqqımda mənfi rəy formalaşdıran bir yazı olmayıb. Müəyyən şeylər, müəyyən siyasi çalarlar olub, amma bütövlükdə götürəndə jurnalistlərin mənə olan münasibətini çox yüksək qiymətləndirirəm.

95.jpg

- Adətən, köhnə kişilər haqqında “ağır taxtalı kişilər” deyirdilər, belə ifadələri xatırlayırsınız yəqin ki…

- Bəli, bəli.

- Belə bir ömür yaşamaq bəzən məhdudiyyətlər hesabına başa gəlir. Deyək ki, sizi görürlər, izləyirlər, tələbələriniz qarşınıza çıxa bilər. Belə hallarda digərlərinə həsədlə baxıb, sadə bir vətəndaş olaraq yaşamaq istəməmisiniz ki?

- Mən deyim ki, əslində o sıxıntılar insanın şəxsiyyətinə xidmət edən sıxıntılardır. Bir misal deyim. Cəbhə hakimiyyəti dövrü idi, o vaxt bir az qıtlıq var idi. Mən maşınla gedəndə gördüm ki, universitetdəki həmkarlarımdan biri çörəyi mağazadan alıb, görünür acdır, evə çatana qədər səbr eləyə bilməyib və çörəyi kəsib, küçədə yeyə-yeyə gedir. Mən fikirləşdim ki, bax, tələbə buradan keçəndə onu o vəziyyətdə görərsə, o müəllim tələbələrin qarşısında tamam şuxluğunu itirər. O məhdudiyyətlər əslində şəxsiyyətə xidmət edən məhdudiyyətlərdir. Bəlkə də o məhdudiyyətlər olmasaydı, adam gedib çayxanada oturardı, siqaret çəkərdi və s. Mən o məhdudiyyətlərdən inciməmişəm. Əslində elə adi vətəndaş kimi də yaşamışam. Uzun müddət piyada gəzmişəm, sonradan maşınım olub, yəni elə də təmtəraqlı həyat yaşamamışam. Milli Məclisə 10-15 il sadə bir “Jiquli” maşını ilə gedib-gəlmişəm. Bilirsiniz necədir? Tanrının yaratdığı birinci varlıq məleykələrdir. Allah onlara nəfs verməyib, ağıl verib. Nəfsi olmayan adamlar günahsız olur. Məleykələr göylərə çəkilib. Bu, deyimdir, amma içində böyük fəlsəfə, məntiq var. Allahın ikinci yaratdığı qarışqadan - filə qədər canlılardır, bunlarda ağıl yox, nəfs var. Onlar həyatını xaosla yaşayır. Üçüncü bizik, insanlar. Tanrı bizə həm ağıl, həm də nəfs verib. Deyir: buyur, istəsən, ağlın yolu ilə get, mələklər səviyyəsinə də qalxmasan, ən aşağısı Yerdə səni qəbul edəcəklər. Ya nəfsinin dalınca get, şirə, canavara dön, yırtıcı ol! Bax, insan bu yolda öz yolunu seçir. Ya nəfsin bələdçiliyi ilə yaşayıb, yırtıcı olmalısan, ya da ağlının bələdçiliyi ilə mənzilbaşına çatmalısan. Ağlım kəsəndən bəri məni tanıyan hər kəs bilir. Tələbələrimin içində üzüm ağdır, sizin gözünüzün qabağında həyat tərzim məlumdur. Ona görə də bəzən millət vəkillərindən kimsə ağlaşma quranda kənardan çox gülünc görünür. Mən çox rəvan yaşamışam, qudurğan həyat tərzinə heç vaxt qibtə etməmişəm. Qapım döyüləndə çox böyük məmnuniyyətlə açıram, çünki ya qohumumdur, ya da qayğısı olan bir insandır, yanıma gəlib. Qapıdan o adamlar qorxur ki, onlar səksəki içində yaşayır. Ya maddi münasibətlər, yaxud əxlaqsızlıq müstəvisində elə problemlər yaradıb ki, o, evində də səksəki yaşayır. Əgər insan evində rahat yaşayırsa, qapı döyüləndə çox rahat nəfəs alırsa, bu, ən gözəl, ən rəvan həyatdır. Mən də o həyatı yaşayıram.

111.jpg

- Professor, 12 aprel insanın ilk dəfə kosmik fəzaya uçduğu tarixdir...Siz bu tarixdən 10 il əvvəl dünyaya gəlməsəydiniz, fikirləşərdim ki, fəzaya ilk uçuşun şərəfinə sizin adınız Fəzail qoyulub. Açığı, bilmirəm, bu barədə sizə sual verilib, yoxsa yox. Adınızın tarixçəsi barədə nə deyə bilərsiniz? Bu uyğunluq nədən irəli gəlir?

- Yox, burada heç bir qanunauyğunluq yoxdur. Təsadüfən, aprelin 12-si dünyaya gəlmişəm, Qaqarin də 10 il sonra kosmosa uçub. Amma burada heç bir qanunauyğunluq yoxdur. Sadəcə olaraq bunun bir yaxşı tərəfi var ki, məni tanıyanların hamısının yaddaşında bu tarix qalır: kosmonavtika günüdür. Mənim taleyimdə bu cür tarixi anlar çoxdur. Məsələn, özüm kosmonavtika günü anadan olmuşam. Namizədlik dissertasiyamı Fevral Burjua İnqilabı günü - fevralın 27-də müdafiə etmişəm. Doktorluq dissertasiyamı aprelin 22-də müdafiə etmişəm, Leninin anadan olduğu gündür. Evləndiyim gün avqustun 23-dür - Hücum etməmək haqqında Sovet -Alman Paktının imzalandığı gündür. Oğlum İkinci Dünya müharibəsi başlayan gün - 22 iyunda dünyaya gəlib. Bunların hamısı təsadüfdür, amma tarixdir.

- Amma bir tarixçi ömrü üçün çox maraqlıdır…

- Bəli. Ola bilsin mən tarixçi olmasaydım, bəlkə bu günləri də bilməzdim. Tarixçilərdən başqa fevral inqilabını kim xatırlayır? Hətta Leninin anadan olduğu tarix də yaddan çıxıb.

- Yardımlının Çanaqbulaq kəndindən Milli Məclisin sədr müavinliyinə qədər və Bakı Dövlət Universitetində uzun illər keçilən yolu qısa xülasə edəndə çoxmu keşməkeşli olub? Qarşınızı kəsən maneələr olubmu?

- Deyim ki, sözün həqiqi mənasında kifayət qədər keşməkeşli həyat olub. Əgər 16 yaşında bir uşaq - mən orta məktəbi bir il tez bitirmişdim - əlinə bir çanta alır, heç kimsəsiz gəlir, ali məktəbə daxil olursa və ali məktəbi qırmızı diplomla bitirirsə, bu, asan yol deyil. Valideynlərini ardınca süründürmür, hər dəfə “zaçotnik”ı aparıb, onlara əlaçı olduğunu göstərəndə, yaxud qırmızı diplomla valideynlərin qabağına çıxanda dünyada bundan şərəfli iş olmur. Sonra aspiranturaya qəbul olunda kifayət qədər mürəkkəb dövr idi. Bir yerə bir neçə iddiaçı olurdu. Tanrının verdiyi zəka və zəhmət sayəsində bu mərhələləri də rahat keçmişəm. Müdafiələrimdə də müəyyən çətinliklər, süründürməçilik olub. Məsələn, 1994-cü ildə doktorluq dissertasiyamı bitirdim, amma təsdiqini 4 ildən sonra ala bildim. Bu süründürməçiliklə üz-üzə qalmışam. Yaxud namizədlik dissertasiyamda da oxşar vəziyyət oldu. Elmi rəhbərimlə sovetin sədri arasında olan münaqişədə mən bir hədəfə çevrildim. Təsəvvür elə, 1982-ci ildə namizədlik dissertasiyamı təqdim etdim, yalnız 1987-ci ildə müdafiə edə bildim. Doktorluğum da eynilə…Yəni bu maneələr olub, amma mən mən dəf etdim. Kömək, xahiş olmadan. Deyirlər ki, haqq əzilər, amma üzülməz. Təbii ki, bütün bunlara görə həyatımdan, əsəblərimdən getdi, saçlarım vaxtından tez ağardı. Amma bütün bunlarla yanaşı, atdığın addımlar uğurludursa, qalib gəlmisənsə, kiminsə yanında üzükölgəli deyilsənsə, onda sən Mayakovskinin “Sovet pasportu” şeirində deyir e “Alın a, yana-yana qalın a…” Mən o diplomlarımı almışam, hər iki valideynlərimin qarşısına namizədlik və doktorluq diplomlarımı aparıb qoymuşam. Maraqlısı bilirsiniz nədir: biz üç qardaş ard-arda ali məktəbə daxil olmuşuq. Bu intervalla namizədlik və doktorluq müdafiə etmişik. Qardaşlarım Rusiyada, mən isə burada müdafiə etdim. Hətta Rusiyada məndən 2 il sonra müdafiə edən kiçik qardaşım təsdiqini məndən qabaq alıb. 9 il mənim ömrümə bir növ sitəm olunub. Bundan başqa mənim çətinliyim olmayıb. Çətinlik nədir? Tutaq ki, sən bir dəst kostyumla institutu bitirə bilərsən. Yaxud hökmən deyil gedib restoranda oturasan, əhli-kef olasan, evində nə var, onu yeyib, yaşaya bilərsən.  Amma ləyaqətini, şəxsiyyətini qorumalısan. İnsanın tərcümeyi-halına bir ləkə düşsə, gələcəkdə onu silə bilməzsən. Nə gizləyək, o vaxtlar Bakı Dövlət Universitetdə xahişlər də var idi, rüşvət də, tələbələrdən pul alanlar da var idi. Amma bu, istisna hallar idi. Bir anlıq Allah eləməsin, sən orda o əməllə məşğul olmusansa, gəlib Milli Məclisə düşəndən sonra, yaxud televiziya ekranında görənəndə nə qədər insan səni lənətləyər. Allah mənə kömək oldu ki, bu cür şeylərdən uzaq oldum. Nə varsansa, odur. Nə yaxşı ki, Allah mənə güc, qüdrət verdi, nəfsimə sahib ola bildim, tərcümeyi-halıma qara ləkə yazdırmadım. Bu gün əgər cəmiyyət içərisində üç nəfər sənə hörmətlə yanaşırsa, sən varlı adamsan.

- Vətəndaş Həmrəyliyi Partiyasında uzun illərdir Sabir Rüstəmxanlı ilə birgə yola davam edirsiniz. Bu il Sabir bəyin də 80 illik yubileyidir. Heç aranızda söz-söhbətlər olubmu?

- Bizim 5 yaş fərqimiz var. Bizim bəlkə də siyasi partiyalar içərisində ən səmimi, ən duyğulu, çox mehriban münasibətimiz olub. Birinci, mən Sabir Rüstəmxanlıya həmişə el-obanın ağsaqqalı kimi baxmışam. Əgər sən özündən böyüyə hörmətlə yanaşırsansa, təkcə o hörmət olunan şəxs qazanmır, həm də sən tərbiyəli görünürsən. Mən ömür boyu ona insan kimi, vətəndaş kimi, dost kimi, ağsaqqal kimi baxmışam. O məndən 5 il böyük olub, cəmiyyətdə məndən tez tanınıb. Mən bu siyasi partiyaya gələnə qədər universitet divarlarından kənarda tanınmırdım. Bir az beynəlxalq səviyyədə çıxışlarım olmuşdu, o da çox qısa idi. Partiyaya gələndən sonra artıq cəmiyyətə çıxmağa başladım. Bizim Sabir müəllimlə… Təbii, qardaşlar arasında da müəyyən fikir ayrılıqları olur. Bizim münasibətimizdə bəzən xırda mübahisə olubsa, eyni məqsəd üstündə olub. Eyni məqsəd üçün addım atmışıq. Sadəcə olaraq hansı yolu seçmək məsələsində fərqli düşüncələr olub. Amma münasibətlərimiz həmişə uğurlu olub. Bu uğurun 60 faizi Sabirin, 40 faizi isə mənimdir. Niyə? Çünki o, çox səbrli insandır. Sabirin səbri məndə yoxdur. Mənim xarakterimdə emosional cizgilər var. Sabir müəllim isə çox səbrli yanaşır. Mənim hissiyyatıma toxunan məsələlər olur, amma o, bunları səbrlə həzm edir. Biri var islahat yolu, biri də var inqilab yolu. İslahat yolu daha uğurlu olur. Ona görə də münasibətlərimiz həmişə davamlı olub. İndi artıq bizim yaşımız o yaş deyil ki, hansısa məsələ üstündə mübahisə edək. O, böyükdür. Bəzən elə olub ki, onun dediyi kimi etmişəm. Onun nüfuzunun qorunması üçün mən də əlimdən gələni əsirgəməmişəm.

52893.jpg

- Sizdən bir neçə bayram böyük olan sabiq millət vəkili Vahid Əhmədovla aranızdakı mübahisə də tez-tez xatırlanır. Vahid müəllimlə eyni ayda dünyaya gəlmisiniz, 2 aprel onun, 12 aprel sizin gününüzdür. Həmin mübahisədən sonra münasibətlər necədir, bir-birinizi təbrik edirsinizmi?

- Vahid Əhmədovla olan o mübahisə mənim siyasi həyatımda yaddaqalan hadisə oldu. Mən danışdım, dedim. Sadəcə bu, mətbuat üçün müəyyən üfiq açdı, mövzu oldu. Məni müdafiə edənlər də oldu, əleyhimə danışanlar da. Əksəriyyət əleyhimə danışdı. Mən səmimi adamam. Vahid Əhmədovla mənim mübahisəm heç bir mənafe üzərində qurulmamışdı. Bu, siyasi xarakterli mübahisə idi. Vahid Əhmədovun düşüncələri ilə mənim düşüncələrim uyğun gəlmədiyi üçün orda öz sözümü dedim. Biz qan davası etmədik, aramızda namus söhbəti olmayıb, bu, maddi məsələ də deyildi. Vahid Əhmədova mənim böyük hörmətim var. O, ağlı, düşüncəsi yerində olan adamdır. Sadəcə olaraq Milli Məclislə bağlı fikirlərinə toxunmaya bilməzdim. Mənim Milli Məclislə bağlı mövqeyim belədir. “Məndən ötdü, qardaşımıza dəydi”, prinsipindən uzağam. Ora bizim evdir, siyasi ocağımızdır. Orada kimsə haqqında mənfi danışmaq düzgün deyil. Axı, Milli Məclisə hörmət gətirməyən şeylər… “Mənim nəyimə lazımdır” prinsipindən mən xaraktercə uzağam. Mən orda sözümü dedim. Hesab edirəm ki, bu, siyasi diskussiya, siyasi mübarizə idi. Amma əgər Vahid Əhmədov yenidən Milli Məclisə seçilsəydi, onu ilk təbrik edənlərdən biri mən olacaqdım. Milli Məclisə gələndə əlini sıxıb, deyəcəkdim: hörmətli Vahid müəllim, sizi təbrik edirəm, amma siyasi mövqedə çarpazlaşma yaransa, yenə də mən öz mövqeyimdə dayanacağam.

vahid-ehmedov-fezail-ibrahimli.jpg

- Fəzail bəy, sizin Dövlət Himnimizlə bağlı çıxışınız da yaddaqalan oldu. Bəziləri istəyirdi ki, himnin sözlərini dəyişdirsinlər. Ondan sonra himn mövzusuna demək olar ki, toxunulmur…

- Mən ona görə anonim danışmıram ki, çəkinirəm. Milli Məclisdə bəziləri var idi, istəyirdi himnin sözlərini özü yazsın, bəziləri istəyirdi kimsə himnə musiqi bəstələsin. Bu, dünyadan nakam getmiş insanların ruhuna bir hücumdur. Himnin yazılması üçün vaxtilə dövlət tərəfindən müsabiqə elan olunmuşdu. Az vəsait qoyuldu. Burada himn qəbul olunmadı. İkinci müsabiqədə isə 50 min rubl miqdarında mükafat elan olundu və bugünkü himnimiz yazıldı. Mayın 28-də bu himn oxunacaqdı, qəbul olunacaqdı və dövlət himninə çevriləcəkdi. Amma 27 apreldə ruslar gəlib bizi işğal etdilər, o himn qəbul edilmədi, yarımçıq qaldı. Bax, taleyi, düşüncəsi, milli sevgisi yarımçıq qalan, ruhu incimiş gedən insanların ruhu qarşısında biz axı, borcluyuq. Onlar respublika qurdular, bizə bu dövləti qoyub getdilər, dünyanın siyasi xəritəsində Azərbaycan adında dövlət yaratdılar. Bunlar da şəhid oldular. Tiflisdə vurub Xoyskini öldürdülər, digərləri qəzaya uğradıladı, şəhid oldular, digərləri xaricdə yaşaya bilmədi. Bizim onların ruhu qarşısında hesabatımız olmalıdır. O mənə toxunduğu üçün içimdəki duyğularımı bölüşdüm. Nə yaxşı ki, bölüşdüm, məndən ötrü düzgün addım olub.

Elşad Paşasoy,
Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr