ABŞ hərbi qüvvələri Sakit okeanda ölkə sərhədlərinə yaxınlaşan gəmilərə qarşı həyata keçirilən iki ayrı əməliyyat zamanı beş nəfəri zərərsizləşdirib.
VAXT.AZ xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Məlumata görə, ABŞ qüvvələri ölkə sərhədlərinə doğru hərəkət edən gəmilərə qarşı iki zərbə endirib. Birinci gəmiyə zərbə zamanı iki nəfər öldürülüb, bir nəfər isə sağ qalıb. İkinci gəmiyə zərbə nəticəsində isə üç nəfər zərərsizləşdirilib.
ABŞ rəsmiləri zərərsizləşdirilən şəxsləri “narko-terrorçu” kimi xarakterizə edib.
Məlumata görə, əməliyyatlardan sonra ABŞ-ın Cənub Komandanlığı (USSOUTHCOM) sağ qalan şəxsin tapılması üçün ABŞ Sahil Mühafizəsini axtarış-xilasetmə əməliyyatına cəlb edib.
“Fox News”un məlumatına görə, bu cür əməliyyatlar ABŞ sərhədlərinə doğru hərəkət edən narkotik qaçaqmalçılığı ilə əlaqəli qruplara qarşı aparılan daha geniş tədbirlərin tərkib hissəsi hesab olunur.