AZ

Orbanı uduzduran gəlin

Macarıstanda parlament seçkisi keçirildi, müşahidəçilər sırasında ölkəmizdən MSK sədri Məzahir Pənahovun başçılığı altında nümayəndə heyəti də var idi. İlkin nəticələr artıq rəsmən açıqlanmışdır, Məzahir müəllimin müşahidələrinə əsasən Budapeştdə Razi Nurullayev, bölgələrdə isə Zahid Oruc qalib gəlmişdir.

Doğrudur, Macarıstanın hazırkı başçısı Viktor müəllim uduzduğunu, Piter Madyarın müxalifət partiyasının qalib gəldiyini etiraf etmişdir, lakin biz qətiyyətlə əminik ki, Məzahir müəllim həmişə haqlı çıxır. Gözləyək. Ola bilsin yaxın günlərdə onun hesabatını hamı qəbul edəcəkdir.

Bəlkə də Məzahir müəllimin başı ailədaxili seçki saxtakarlığına (bildiyiniz kimi, onun gəlini boşanıb və Məzahir müəllimgili müxtəlif ağır cinayətlərdə ittiham edir) qarışmasaydı Orban özü də şıppıltı ilə keçərdi. Ötən illərdə həmişə belə olurdu. Məzahir müəllim macar seçkilərinə gedirdi, Orbanı təbrik eləyib qayıdırdı. Bu dəfə hətta Trampın Vensi elçi salmağının da xeyri olmadı, Orbanın 16 illik hakimiyyəti çökdü. Bəlkə dünyada heç kəsin ağlına gəlmir ki, bu boyda mərəkə adi bir boşanma davasının nəticəsidir.

Blez Paskalın ünlü afyorizmini yada salsaq, “Kleopatranın burnu azca qısa olsaydı, dünya tarixi başqa cür olardı”. Tarixi təsvirlərdə Kleopatra donqar və nisbətən uzun Roma burnu ilə göstərilib, ona görə də Romadan kim onu görsə aşiq olurmuş. Nəsə, axırda ilan çalır, arvad ölür, uzun söhbətdir, kimə lazımdırsa özü tapsın oxusun, biz qayıdaq indiki günlərə.

İndiki günlərimiz isə həddən artıq xoş keçir. Məsələn, yemək-içmək o qədər çoxdur ki, milli futbol çempionatının oyunlarında stadionlara kabab tüstüsü verirlər. Düzdür, məşhur qeyri-standart Quba stadionunda qapının toru yamaqlı imiş, bu isə mənə köhnə sovet anekdotunu xatırlatdı. Xruşşov iclasda çıxış edir, deyir Amerikaya çatıb, ötməliyik. Yerdən bir nəfər deyir, yoldaş katib, çatmağımıza etiraz etmirik, ancaq yaxşı olar ötməyək. Xruşşov soruşur niyə, adam cavab verir: “Ötsək şalvarımızın dalındakı yamağı görərlər”.

Bəs Quba stadionunun toru harda imiş? Belə ehtimal var ki, Şabran balıqçıları gəlib aparıblar, növbəti oyunlarda osetrin kababının tüstüsü altında oynamaq sifarişi edilmişdir.

Sözgəlişi, bu vəziyyətin də afyorizmi var, ancaq bu dəfə Kleopatranın və Paskalın müəllifliyi ilə yox, uca millətimizin yaradıcılıq məhsuludur. Milli ata sözümüzdə deyilir: “Gəldik kabab tüstüsünə, gördük eşşək dağlayırlar”.

Təki yemək-içmək bol olsun, nə deyə bilərik. Bəlkə bu dəqiqə hansısa saytda eşşək ətinin faydaları barədə yazı hazırlanır. Səbr etmək lazımdır. Səbr edən dərviş, muradına ərmiş. Səbr ilə halva bişər qoradan, bəsləsən atlas olar tut yarpağından. Hərçənd, baramaçılığın inkişafına bəslədiyimiz ümidlər də nəsə kəpənək kimi uçdu getdi. Məsələn, 2021-ci ildə 500 ton barama istehsal eləmişik, 2024-də 240 ton. Belə templə davam etsək 2030-cu ildə 20-30 kilo ipəyimiz olacaqdır, ondan da Fatıya tuman çıxmayacaq, biabır olacağıq.

Yəqin inzibati tədbirlər lazımdı. Bulvarda zanbaqları ayaqlayıb sosial şəbəkələr üçün səydəş fotolar çəkdirən kaprondodaq zənənləri, kinoteatrın divarına cızmaqara edən pırpızbaş gədələri toplayıb ipəkqurdu istehsalına yönəltsək yenə Sovetin vaxtındakı kimi 4-5 min ton barama hazırlamaq olar.

Məzahir müəllimi də ipəkçiliyə cəlb etmək vacibdir. Bununla yazımı bitirirəm.

Seçilən
1
3
musavat.com

10Mənbələr