"Neftin qiymətində baş verən artımlar neft istehsal edən ölkələrə əlavə gəlirlər qazandırır. Azərbaycan neft ixrac edən ölkə olduğundan dövlət büdcəsi proqnozlaşdırılanda büdcədə neftin qiyməti 65 dollardan nəzərdə tutulub. Bu günün reallığı odur ki, baş verən hadisələr neftin qlobal bazarlardakı qiymətlərinin daha çox artmasına yol açıb".
Bunu "Unikal"a açıqlamasında deputat Azər Badamov deyib. O bildirib ki, Azərbaycan neft gəlirlərinin ədalətli idarəedilməsi üçün Dövlət Neft Fondu yaradıb:
"Təbii ki, neftin satışından gələn bütün gəlirlər ilk növbədə Dövlət Neft Fonduna daxil edilir. Bununla yanaşı neftin qiymətlərinin artımında bir sabitlik yaranmamış həmin gəlirlərin yenidən bölüşdürülməsi və dövlət büdcəsinə yenidən baxılması mümkün olmur. Əgər bu artımlar davamlı xarakter alarsa, təbii ki, dövlət büdcəsinə yenidən baxılması mümkündür. Bununla yanaşı qeyd etmək istəyirəm ki, neft gəlirlərinin artması işğaldan azad olunmuş ərazilərin bərpasının sürətlənməsinə, iqtisadiyyatın şaxələndirlməsinin genişləndirilməsinə və yeni sosial paketlərin icrasına fürsət qazandırır. Burada əsas məsələ gəlirin hamısını xərcləmək yox, balanslı bölüşdürməkdir".
Anar Kəlbiyev