AZ

Dövlət və özəl sektorun əməkdaşlığı kibertəhlükələrə qarşı müdafiədə əsasdır- ŞƏRH

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycanda son illərdə kibertəhlükəsizliyin gücləndirilməsi və informasiya resurslarının qorunması istiqamətində kompleks və sistemli tədbirlər həyata keçirilir. Bu sahə Azərbaycan Prezidentinin xüsusi diqqətindədir və dövlət başçısının tapşırıqlarına uyğun olaraq dövlət qurumları ilə özəl sektor birgə şəkildə müxtəlif layihələr reallaşdırır.

Bu barədə AZƏRTAC-a açıqlamasında azərbaycanlı startapçı, “Cybersign” MMC-nin icraçı direktoru Elvin Axundov bildirib.

“Hazırda maarifləndirmə tədbirlərindən tutmuş daha dayanıqlı və təhlükəsiz iş sistemlərinin qurulmasına qədər geniş təşəbbüslər həyata keçirilir. Bu proseslərdə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) üzvləri ilə yanaşı, digər şirkətlər də fəal iştirak edir”, – deyə E.Axundov qeyd edib.

Elvin Axundov vurğulayıb ki, bu səylərin əsas məqsədi dövlət qurumlarının, biznesin və bütövlükdə cəmiyyətin kibertəhdidlərdən qorunmasını təmin etməkdir.

Keçirilən tədbir barədə danışan E.Axundov bildirib ki, tədbirdə “Binalyze” şirkətinin məhsulları təqdim olunub və bu şirkətin Azərbaycandakı rəsmi distribütoru “TechPro DC”-dir. Təqdim edilən həllər rəqəmsal kriminalistika sahəsinə aiddir və kibermüdaxilələrin təhlilinə, o cümlədən hücumların mənbə və xarakterinin müəyyənləşdirilməsinə imkan verir.

İcraçı direktor kibertəhlükəsizlikdə insan faktorunun mühüm rol oynadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, insidentlərin əhəmiyyətli hissəsi məhz istifadəçilərin kifayət qədər məlumatlı olmaması ilə bağlıdır.

Bu kontekstdə o, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və digər aidiyyəti qurumların sosial platformalar və müxtəlif təşəbbüslər vasitəsilə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirdiyini qeyd edib.

E.Axundov əlavə edib ki, “Cybersign” şirkəti də bu istiqamətdə fəal iştirak edir. “Biz kiberməlumatlandırma və fişinq hücumlarına qarşı mübarizə üçün xüsusi portal hazırlamışıq və hazırda bir sıra qurumlara xidmət göstəririk. Eyni zamanda, sosial layihələr çərçivəsində regionlarda və universitetlərdə maarifləndirmə tədbirləri təşkil edirik”, – deyə o bildirib.

Elvin Axundov qeyd edib ki, dövlət və özəl sektorun əməkdaşlığı kibertəhlükələrə qarşı dayanıqlı müdafiə sisteminin formalaşdırılmasında və cəmiyyətin rəqəmsal savadlılığının artırılmasında əsas rol oynayır.

Müxbir – Pərvanə Qafarova
Seçilən
16
2
azertag.az

3Mənbələr