Polis yalan məlumat verməkdə və bəzi hallarda zorakılıq törətməkdə şübhəli bilinən şəxslərin 10 gün ərzində baş verən bir neçə insident üzrə tutulduğunu açıqlayıb...
Poliqon xəbər verir ki, Tanzaniyada cinsiyyət orqanlarının oğurlanması ilə bağlı polisə müraciət edən 10 nəfər saxlanılıb. Nation Africa nəşrinin yaydığı məlumata görə, söhbət tək bir hadisədən deyil, 10 gün ərzində qeydə alınmış bir neçə ayrı insidentdən gedir. Saxlanılan şəxslərin yaşları 19-dan 55-ə qədərdir.
Məlumata əsasən, hadisələrdən biri aprelin 4-də baş verib. Gənc bir kişi avtobusla hərəkət edərkən kiminsə onun çiyninə toxunduğunu hiss edib. Bir müddət sonra isə həmin şəxsin onun cinsiyyət orqanını “oğurladığını” düşündüyünü bildirib və polisə müraciət edib.
Digər hadisədə saxlanılanların bir qismi həm də zorakılıq əməllərinə görə məsuliyyətə cəlb olunub. Bildirilir ki, yerli iş adamlarından biri taksi çağıraraq evinə gedib. Təxminən bir saat sonra bir qrup sürücü onun evinə gələrək, onlardan birinin cinsiyyət orqanını oğurlamaqda ittiham edib.
Məlumata görə, həmin şəxs evin içində gizlənərək qapını bağlasa da, hücum edənlər içəri daxil olublar, onu döyüblər, televizorunu aparıblar və əmlakına ziyan vurublar.
Nəşr qeyd edir ki, oxşar zorakılıq halları başqa insidentlərdə də qeydə alınıb. Özlərini zərərçəkmiş kimi təqdim edən bütün şəxslər polisə yalan məlumat vermək ittihamı ilə saxlanılıblar.
Aparılan tibbi müayinələr nəticəsində isə məlum olub ki, onların heç birinin cinsiyyət orqanı itməyib. Beləliklə, Tanzaniya polisi həm əsassız iddiaların, həm də bu iddialar fonunda baş verən zorakılıq hərəkətlərinin qarşısını almaq üçün hüquqi tədbirlər gördüyünü bildirib.
Poliqon.info