Son günlər Azərbaycanda müşahidə olunan insanlarda narahatlıq yaradıb. Aparılan müşahidələr göstərir ki, baş verən təkanların əksəriyyəti zəif və ya orta güclü olub, lakin bəzi hallarda daha nəzərəçarpan zəlzələlər də qeydə alınıb.
Son bir həftə ərzində Azərbaycan ərazisində və ona yaxın seysmik zonalarda 20-dən çox zəlzələ baş verib. Bu təkanların böyük hissəsi 2-3 maqnitudalı zəif zəlzələlər olsa da, daha güclü hadisələr də qeydə alınıb. Belə ki, aprelin 8-də Lənkəran yaxınlığında, Xəzər dənizində təxminən 5.6 bal gücündə zəlzələ baş verib. Bundan əlavə, aprelin 12-də eyni istiqamətdə 4.6 maqnitudalı digər bir zəlzələ də qeydə alınıb. Bu hadisələr əsasən cənub bölgəsi və Xəzər akvatoriyası üçün xarakterik hesab olunur.
Yada salaq ki, fevralın sonunda Şamaxıda da 5 bala yaxın zəlzələ baş vermişdi, hətta zəlzələ nəticəsində bir sıra yaşayış evləri və obyektlərə ziyan dəymişdi. Şamaxı bölgəsinin əsrlər boyu dağıdıcı zəlzələlərlə üzləşdiyini nəzərə alsaq, bu da narahat olmağa rəvac verir. Regionda, xüsusilə Türkiyədə də oxşar vəziyyət müşahidə olunur. Son bir ay ərzində orada da demək olar ki, hər gün kiçik maqnitudalı zəlzələlər qeydə alınır. Aprelin əvvəlində Van bölgəsində baş verən təxminən 5.1 bal gücündə zəlzələ isə daha çox diqqət çəkən hadisələrdən olub. Türkiyə ərazisi aktiv tektonik zonada yerləşdiyi üçün bu cür təkanlar tez-tez baş verir və bu, ümumi seysmik dinamikanın tərkib hissəsi sayılır.
Qlobal miqyasda isə hər gün yüzlərlə zəif zəlzələ baş verir. Ay ərzində orta hesabla 10–20 arası 5 baldan yuxarı zəlzələlər qeydə alınır ki, bu da Yer qabığında gedən təbii proseslərin nəticəsidir...
Bütün bunlar bir sıra sualları ortaya çıxarır? Son aylarda baş verən tektonik dəyişikliklər Azərbaycanda böyük zəlzələnin xəbərçisi sayılırmı? Xüsusilə də Bakıda, Abşeron yarımadasında güclü zəlzələlər gözlənilirmi?
Mediaya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, aprelin 8-də Xəzər dənizi akvatoriyasında baş verən 5.3 maqnitudalı zəlzələdən sonra artıq 500-dən çox afterşok qeydə alınıb və proses hələ tam dayanmayıb. Onun sözlərinə görə, təkanlar davam edəcək, bununla belə 5-dən yuxarı maqnitudalı zəlzələ gözlənilmir.

Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:
“Son günlər, xüsusilə ötən həftədən etibarən Xəzər dənizində ardıcıl şəkildə müxtəlif maqnitudalı zəlzələlər qeydə alınır. Bunların arasında 3–4 bal gücündə, eləcə də 4-dən yuxarı, hətta 5 bala çatan təkanlar da olub. Bu barədə daha əvvəlki müsahibələrimdə də qeyd etmişdim ki, belə hallara seysmologiyada “seysmik sürü”, yəni ardıcıl təkanlar deyilir. İngilis terminologiyasında isə bu “earthquake swarm” kimi tanınır və aktiv fazanı ifadə edir. Bu aktiv mərhələ fonunda tez-tez baş verən ardıcıl zəlzələlər bəzən “seysmik fırtına” adlandırılır. Bu isə əslində tamamilə normal geodinamik prosesdir.
Bunun müsbət tərəfi ondan ibarətdir ki, kiçik və orta güclü zəlzələlər ocaqda yığılan enerjinin tədricən boşalmasına səbəb olur. Yəni enerji hissə-hissə azaldığı üçün nəzəri baxımdan daha böyük, dağıdıcı zəlzələlərin baş vermə ehtimalı müəyyən qədər zəifləyə bilər. Bununla belə, ocaqda gərginliyin tam aradan qalxdığını demək də doğru olmaz. Müəyyən gərginlik hələ də qalır. Xəzər dənizi ümumilikdə geodinamik, tektonik və seysmik baxımdan olduqca mürəkkəb və aktiv regiondur. Burada çoxsaylı geoloji qırılmalar, pozuntular və onların kəsişmə nöqtələri mövcuddur ki, bu da ərazidə seysmik ocaqların zənginliyini göstərir. Başqa sözlə, bu proseslər təbiidir və regionun xüsusiyyətindən irəli gəlir.
Mövcud vəziyyəti nəzərə alaraq demək olar ki, hazırda böyük və dağıdıcı zəlzələnin baş vermə ehtimalı aşağıdır. Ümumiyyətlə, Azərbaycanda hiss olunan (4.5-5 bal) zəlzələlər qaçılmazdır və bu, normal hal hesab olunur. 2026-cı ilin ilk aylarında Şamaxı və İsmayıllı ərazilərində, eləcə də indi Xəzər dənizində qeydə alınan təkanlar göstərir ki, seysmik aktivlik müəyyən müddət davam edə bilər”.
Abşeron yarımadasına gəldikdə seysmoloq bildirib ki, bu ərazi seysmik baxımdan potensial olaraq 8-9 bal gücündə zəlzələlərə hesablanmış zonadır: “Lakin burada “risk” anlayışı yalnız zəlzələnin gücü ilə məhdudlaşmır. Riskə təsir edən digər amillər də var: tikililərin keyfiyyəti, xüsusiyyətləri, əhalinin sıxlığı və sosial-iqtisadi faktorlar və s. Bu baxımdan Bakı və Abşeron yarımadasında seysmik risk hər zaman mövcuddur. Nəticə etibarilə, son günlər Xəzər dənizində müşahidə olunan ardıcıl zəlzələlər normal geodinamik aktivliyin göstəricisidir. Buna görə də hər hansı təşvişə ehtiyac yoxdur. Bu cür proseslər təbiidir və müəyyən dövrlərdə baş verir. Ardıcıl seysmik fırtına şəkildə zəlzələlər böyük zəlzələlərin xəbərçisi kimi qələmə verilə bilər. 2026-cı ilin ilk ayları göstərir ki, Azərbaycan üçün hiss olunan zəlzələ qaçılmazdır”.

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri dosent Ənvər Əliyev də mövzu ilə bağlı Musavat.com-a cavab verib: “Əvvəllər 2–3 bal gücündə olan bu cür zəif titrəyişlər zəlzələ kimi təqdim olunmurdu, daha çox adi yer titrəyişi kimi qiymətləndirilirdi. Hətta 4 bala qədər olan təkanlar da əksər hallarda xüsusi diqqətə çatdırılmırdı. Halbuki Azərbaycanda bu cür zəif seysmik hadisələr hər il yüzlərlə, hətta minlərlə dəfə baş verir. Qeyd etmək lazımdır ki, yerləşdiyimiz region Yer kürəsinin əsas seysmik zonalarından biridir. Bu zonalarda yer qabığını təşkil edən nəhəng litosfer tavaları (təxminən 50–60 km dərinlikdə) bir-biri ilə toqquşur və nəticədə zəlzələlər baş verir. Bu proseslər təbiidir və dünya üzrə üç əsas seysmik qurşağın birinə daxil olan ərazilərdə daha çox müşahidə olunur. Azərbaycan da məhz belə aktiv zonalardan birində yerləşir.
Bəzən müşahidə olunan zəif təkanlar “aftershock”, yəni əsas zəlzələdən əvvəl baş verən kiçik titrəyişlər kimi də qiymətləndirilə bilər. Bu cür təkanlar xüsusi seysmik cihazlarla qeydə alınır və müəyyən proseslərin getdiyini göstərə bilər. Lakin bundan sonra mütləq şəkildə güclü zəlzələ olacaq demək doğru deyil. Eyni zamanda, böyük zəlzələlərdən sonra baş verən “aftershock”, yəni təkrar təkanlar da təbiidir və müəyyən müddət davam edə bilər.
Hazırda narahatlıq doğuracaq ciddi bir vəziyyət müşahidə olunmur. Xəzər dənizi akvatoriyasında, xüsusilə Bakı ətrafında çox güclü zəlzələlərin baş verməsi tez-tez rast gəlinən hal deyil. Daha aktiv seysmik zonalar əsasən şimal-şərq istiqamətində – Dağıstan tərəflərində və bəzi cənub ərazilərində yerləşir. Bu bölgələrdə nisbətən daha yüksək maqnitudalı zəlzələlər baş verə bilər, lakin hazırda belə bir təhlükə qeydə alınmayıb.
Şəhər ərazisində mövcud olan tarixi tikililərin uzun illərdir qorunub saxlanması da göstərir ki, son dövrlərdə dağıdıcı gücə malik zəlzələlər baş verməyib. Əks halda, bu abidələrin mövcudluğu mümkün olmazdı. Ümumilikdə, zəlzələnin dəqiq vaxtını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Bu, nə sabah, nə bir il sonra, nə də daha uzun müddət sonra baş verə bilər. Dəqiq söyləmək mümkün deyil. Ona görə də cəmiyyətdə əsassız qorxu yaratmağa ehtiyac yoxdur. Mövcud vəziyyət stabildir”.