AZ

Görkəmli baletmeyster, Xalq artisti Maqsud Məmmədov vəfat edib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 aprel, AZƏRTAC

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov aprelin 13-də, ömrünün 97-ci ilində vəfat edib.

Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Maqsud Davud oğlu Məmmədov 1929-cu il mayın 30-da Gəncədə anadan olub. Erkən yaşlarından rəqslə məşğul olmağa başlayıb. Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Maqsud Məmmədovun yüksək sənət göstəriciləri nəzərə alınaraq Moskva Xoreoqrafiya Məktəbinə göndərilib və 1950-ci ildə bu təhsil ocağını bitirib. 1951-ci ildən taleyini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına bağlayıb.

Qısa müddət ərzində özünü istedadlı, işgüzar, səhnəyə böyük məhəbbətlə bağlı, daim axtarışda olan sənətkar kimi göstərən Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları – Ziqfrid (“Qu gölü”), Albert (“Jizel”), Bazil (“Don Kixot”), Polad (“Qız qalası”), Azad (“Gülşən), Fərhad (“Məhəbbət əfsanəsi”), Lenni (“İldırımlı yollarla”) və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Onun həyat yoldaşı, görkəmli balerina, Xalq artisti Rəfiqə Axundova ilə birgə quruluş verdiyi Tofiq Bakıxanovun “Xəzər balladası”, Fərəc Qarayevin “Qobustan kölgələri”, “Kaleydoskop”, Rauf Hacıyevin “Azərbaycan süitası”, Nazim Əliverdibəyovun “Muğam”, Aqşin Əlizadənin “Babək” baletləri istedadlı baletmeysterə böyük şöhrət qazandırıb.

Maqsud Məmmədov yaradıcılıq fəaliyyəti boyunca Misir, Yəmən, Əlcəzair, Türkiyə və İsveçdə də çalışıb, milli xoreoqrafiya sənətimizin təbliğinə böyük töhfələr verib.

Milli mədəniyyətimizin inkişafında xidmətlərinə görə Maqsud Məmmədov 1955-ci ildə “Əməkdar artist”, 1970-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2019-cu ildə “Şöhrət” ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Allah rəhmət eləsin.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
26
azertag.az

10Mənbələr