AZ

İsmayıllı “DOST Evi”nə yeni benefisiarların qəbulu yekunlaşıb

Bakı, 13 aprel, AZƏRTAC

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı “DOST Evi” filialına yeni benefisiarların qəbul prosesi yekunlaşıb.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı və Şamaxı rayonlarından müraciət etmiş həssas əhali qruplarına aid 19 vətəndaşın bacarıqları Qiymətləndirmə Komissiyası tərəfindən fərdi şəkildə dəyərləndirilərək yoxlanılıb.Yaradıcılıq potensialı müsbət qiymətləndirilən 18 nəfər müəssisədə müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib. Bununla da, filialda xidmətlərdən yararlanan şəxslərin sayı 57 nəfərə çatıb. Onlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, toxuma və tikmə, misgərlik və un məmulatları emalatxanalarında həmin istiqamətlər üzrə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər. Təlim prosesi ilə yanaşı, vətəndaşların cəmiyyətə inteqrasiyasını və sosial adaptasiyasını gücləndirmək məqsədilə filialda müxtəlif layihələr həyata keçirilir.

Qeyd edək ki, əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvləri İsmayıllı “DOST Evi”nə qəbul üçün müraciət edə bilərlər. Qeydiyyat üçün DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə yaxınlaşmaq olar. Mərkəzin rəsmi sosial media hesabları və ya "142" Çağrı Mərkəzi vasitəsilə əlavə məlumat almaq mümkündür.

Seçilən
35
1
azertag.az

2Mənbələr