Sherg.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Çin və Rusiya geri çəkilsə, Tehran danışıqlara məcbur qalacaq”
Yaxın Şərqdə artan gərginlik fonunda İran-ABŞ-İsrail xəttində baş verən hadisələr beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Münaqişə qlobal təhlükəsizlik və enerji bazarları baxımından da ciddi narahatlıq doğurur. Bölgədə baş verən proseslər təkcə tərəflər arasında hərbi-siyasi qarşıdurma ilə məhdudlaşmır, eyni zamanda böyük güclərin- xüsusilə Çin və Rusiyanın mövqeyi ilə də sıx şəkildə əlaqəlidir.
İsrail Baş naziri Benyamin Netanyahunun açıqlaması da diqqər çəkib. O, İran və ABŞ arasında atəşkəsin pozula biləcəyini açıqlayıb. Baş nazir qeyd edib ki, ABŞ İranın atəşkəsi pozmasına dözməyəcək. Onun sözlərinə görə, İran atəşkəsdən dərhal sonra Hörmüz boğazını açmalı olsa da, hələ də bunu etməyib.
Mövcud vəziyyətin necə inkişaf edəcəyi isə həm diplomatik addımlardan, həm də tərəflərin qarşılıqlı davranışlarından asılı olaraq müəyyənləşəcək.
Politoloq Sədrəddin Soltan ABŞ-İsrail-İran arasındakı mövcud vəziyyətlə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Müharibə nə vaxta qədər davam edə bilər?
-Birinci ssenariyə görə, müharibə İran rejiminin tam təslim olmasına və ABŞ-nin şərtlərini qəbul etməsinə qədər davam edə bilər. Bu şərtlərə xüsusilə nüvə proqramının dayandırılması, zənginləşdirilmiş uranın satılması və ya təhvil verilməsi, eləcə də Hörmüz boğazı ilə bağlı məsələlərin həll olunması daxildir.
Digər tərəfdən, müharibənin davam etməsi və ya İran hakimiyyətinin ABŞ-nin şərtlərini qəbul etməsi, eyni zamanda Çin və Rusiyanın Tehrana dəstəyinin zəifləməsi və ya tamamilə dayandırılması ilə də bağlıdır. Bu ölkələrin İran hakimiyyətinə danışıqlara getməyi tövsiyə etməsi və ya təkid göstərməsi də mühüm rol oynaya bilər. Çünki bu münaqişədə Tehran hakimiyyətinin arxasında Çin və Rusiyanın dayandığı müxtəlif fəaliyyətlər və davranışlarla təsdiqlənir.
Məsələn, ötən gün İspaniyanın baş naziri Çini həm Rusiya-Ukrayna müharibəsinin, həm də İranla bağlı münaqişələrin dayandırılmasında daha aktiv rol almağa çağırıb. Ukrayna müharibəsində Çin Rusiyanın arxasında dayanır, eyni zamanda İran-ABŞ-İsrail qarşıdurmasında da Tehrana dəstək verir. Bütün bu proseslərin arxasında Çinin dayandığı və ya ən azı ciddi rol oynadığı ehtimal edildiyinə görə diqqətlər davamlı olaraq Çin Xalq Respublikasına yönəlir. Çünki Çin regionda güc, təsir və nüfuz sahibi olmaq istəyini gizlətmir.
-Atəşkəs elan olunsa da pozulub. Bəs davamlı atəşkəs olması üçün hansı addımlar atılmalıdır?
-Hazırda İran ilə ABŞ və İsrail arasında atəşkəs rejimi mövcuddur. Bu rejimin iki həftə davam edəcəyi bildirilir. İran hakimiyyəti Livan ərazisindəki “Hizbullah”a qarşı da atəşkəsin tətbiq olunmasını istəyir. Lakin ABŞ və İsrail bunun İranla bağlı razılaşmaya aid olmadığını bildirir.
İranla ABŞ və İsrail arasında atəşkəs rejiminin davamlı olması daha çox Tehran hakimiyyətinin təxribatçı addımlar atmamasından asılıdır. Eyni zamanda ABŞ-nin irəli sürdüyü şərtlərə əməl olunması da həlledici faktor kimi çıxış edir.
Fikrimcə, bu atəşkəs rejimi kifayət qədər kövrəkdir və istənilən an tərəflərdən birinin təxribat xarakterli addımları nəticəsində pozula bilər.
-Hörmüz boğazı ilə bağlı problemlər bir çox dövlətləri narahat edir. Bu məsələnin sonu necə olacaq?
-Hörmüz boğazı ABŞ ilə İran arasında danışıqların başlıca mövzusudur. ABŞ ənənəvi olaraq bəyan edir ki, bu boğazdan birbaşa istifadə etmir. Lakin NATO çərçivəsində olan müttəfiqləri, Avropa ölkələri və ümumilikdə Qərb blokuna daxil olan tərəfdaşları bu boğazdan geniş şəkildə istifadə edirlər.
Ona görə də Tehranı fakt qarşısında qoymaq məqsədilə bu gün Bakı vaxtı ilə saat 18:00-dan etibarən ABŞ-nin Hörmüz boğazını blokadaya alacağı bildirilir. Boğaza aparan bütün yolların bağlanması və beləliklə ikiqat blokada vəziyyətinin yaranması ehtimal olunur. Bu isə xüsusilə Avropa ölkələrini, eləcə də Çin, Yaponiya, Cənubi Koreya və Hindistanı ciddi şəkildə narahat edir.
Çünki Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Avropa ölkələri neft və neft məhsullarının böyük bir hissəsini məhz Hörmüz boğazı vasitəsilə idxal edirlər. Hesab edirəm ki, İran Hörmüz boğazını ABŞ-yə qarşı ən güclü təsir vasitələrindən biri kimi qiymətləndirir.
-Əvvəllər Hörmüz boğazı ilə bağlı məsələlərdə daha çox ABŞ ittiham olunurdusa, indi beynəlxalq ictimaiyyət bu məsələdə İran hakimiyyətini məsuliyyətli hesab etməyə başlayıb.
-Çünki danışıqlar zamanı ABŞ İranın bir sıra şərt və təkliflərinə razılıq verib. Hətta sanksiyaların yumşaldılması və bank hesablarının sərbəstləşdirilməsi kimi məsələlərdə də müəyyən addımlar atılıb.
Lakin İran hakimiyyəti ABŞ-nin irəli sürdüyü əsas şərtləri- nüvə proqramı, zənginləşdirilmiş uran və Hörmüz boğazı ilə bağlı təklifləri qəbul etməyib. Bu şərtlərin qəbul olunmaması Tehran hakimiyyətinin region ölkələrinə və beynəlxalq ictimaiyyətə meydan oxuması kimi dəyərləndirilə bilər.
Hesab edirəm ki, perspektivdə İran hakimiyyəti Hörmüz boğazını açmağa məcbur olacaq.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.