ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şəhər yollarında və yaşayış komplekslərinin həyətində avtomobili harada gəldi saxlayıb gedən sürücülərin sayı artmaqdadır. Nəqliyyat vasitəsinə nə əlaqə nömrəsi qoyan, nə də uzaqdan nəzarət edən bu şəxslər ucbatından digər sürücülər saatlarla vaxt itirməli olurlar. Xüsusilə naşı sürücülərin maşını əyri saxlaması və ya qaraj girişlərini bağlaması ciddi narazılıq yaradır.Məsələ ilə bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a bildirib ki, qarajların qarşısında nəqliyyat vasitələrinin saxlanılması birmənalı şəkildə düzgün davranış hesab olunmur:“Çünki bu cür hallar digər hərəkət iştirakçıları üçün ciddi problemlər yaradır. Nəticədə insanlar işə gecikir, təcili işi olanlar çətin vəziyyətə düşür, hətta xəstəsi olan şəxslər üçün bu, daha ciddi fəsadlara səbəb ola bilir. Xüsusilə yaşayış komplekslərinin qaraj girişlərinin bağlanması məsələnin nə qədər ciddi olduğunu açıq şəkildə göstərir. Ümumilikdə, yol hərəkətində bu kimi maneələr nəqliyyat axınının pozulmasına gətirib çıxarır. Bu isə artıq təkcə fərdi narahatlıq deyil, ümumi sistem probleminə çevrilir. Avtobuslarla bağlı problemlərə gəldikdə isə, əsas nüanslardan biri yollarda hərəkət intensivliyinin düzgün tənzimlənməməsidir. Burada yalnız nəqliyyat vasitələrinin sayı deyil, həm də onların bir-biri ilə olan məsafəsi, qarşılıqlı hərəkət mədəniyyəti və manevr qaydalarına riayət olunması mühüm rol oynayır. Nəqliyyat vasitələri arasında ara məsafəsinin düzgün seçilməməsi, məcburi dayanma halları nəzərə alınmadan hərəkət edilməsi sıxlığa və əlavə maneələrə səbəb olur”.O qeyd edib ki, belə vəziyyətlər nəqliyyat axınının səmərəliliyini aşağı salır və ümumi hərəkət potensialına mənfi təsir göstərir:“Digər hərəkət iştirakçılarına mane olmaq artıq mənfi tendensiyanın başlanğıcı kimi qiymətləndirilə bilər. Qanunvericilik baxımından isə bu kimi hallara görə inzibati məsuliyyət nəzərdə tutulur. Dayanma və durma qaydalarının pozulmasına görə cərimələr tətbiq edilir, qəza şəraiti yaratdıqda isə daha yüksək məbləğdə maliyyə sanksiyaları tətbiq oluna bilər. Lakin məsələ yalnız cərimələrlə məhdudlaşmır. Bu, daha çox ümumi hərəkət mədəniyyəti və cəmiyyətin nəqliyyat davranışı ilə bağlı prinsipial məsələdir. Yol hərəkətinin düzgün təşkili təkcə qaydaların mövcudluğu ilə deyil, həmin qaydalara riayət olunması ilə mümkündür. Bu isə həm fərdi məsuliyyət, həm də cəmiyyət olaraq ortaq yanaşma tələb edir”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.