AZ

Restoranlardakı servis haqqı kimin cibinə gedir? AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Restoranlarda müştərilərdən əlavə olaraq alınan servis haqqı son illərdə geniş yayılmış üsullardan biridir. Bu ödəniş adətən xidmətin keyfiyyətinə görə hesabda göstərilir və müştəri tərəfindən məcburi şəkildə ödənilir. Lakin bir çox hallarda müştərilər bu vəsaitin kimə çatdığı, ofisantların bundan faydalanıb-faydalanmadığı barədə kifayət qədər məlumata malik olmur. Bəzi restoranlarda servis haqqı işçi heyət arasında bölüşdürülsə də, digər hallarda bu məbləğ birbaşa müəssisənin gəlirinə daxil edilir.Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Demokrat.az-a bildirib ki, Azərbaycanda “servis haqqı” və “çay pulu” məsələsi son illərdə ictimai iaşə sektorunda formalaşmış və müəyyən mənada bazar tərəfindən qəbul olunmuş praktikaya çevrilib:“Xüsusilə bahalı və yüksək xidmət göstərən restoranlarda servis haqqının tətbiqi geniş yayılıb. Bunun əksinə olaraq, “fast food” və ya dönər tipli daha sadə iaşə obyektlərində bu cür ödənişlərə demək olar ki, rast gəlinmir. Bu da xidmət səviyyəsi ilə qiymət siyasəti arasında formalaşmış qeyri-rəsmi bir balansın göstəricisidir. Eyni zamanda, “çay pulu” məsələsi də müxtəlif restoranlarda fərqli şəkildə tətbiq olunur. Bəzi müəssisələrdə toplanan məbləğ bütün heyət arasında bölüşdürülür, digərlərində isə hər bir ofisiant bu pulu özü üçün saxlayır. Bu fərqliliklər göstərir ki, məsələ tamamilə müəssisədaxili qaydalarla tənzimlənir. Servis haqqının kimə çatdığı isə daha mürəkkəb sualdır. Praktikada bu məbləğin bəzən işçilər arasında bölüşdürüldüyü, bəzən isə birbaşa müəssisənin ümumi gəlirinə daxil edildiyi müşahidə olunur. Qanunvericilikdə bu barədə konkret və məcburi tələbin olmaması bu qeyri-müəyyənliyi daha da artırır”.O deyib ki, Azərbaycanda servis haqqını və ya çay pulunu birbaşa tənzimləyən xüsusi qanun və ya normativ sənəd mövcud deyil:“Mövcud hüquqi baza isə yalnız ümumi prinsipləri müəyyən edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun, ticarət və ictimai iaşə qaydaları, eləcə də Vergi Məcəlləsi əsas çərçivəni təşkil edir. Bu sənədlərə əsasən, göstərilən xidmətin qiyməti əvvəlcədən və aydın şəkildə müştəriyə təqdim olunmalıdır. Hər bir ödəniş qəbzdə ayrıca göstərilməli və gizli ödənişlərə yol verilməməlidir. Bu baxımdan servis haqqının tətbiqi qanunsuz sayılmır, lakin onun şəffaf şəkildə təqdim olunması vacib şərt kimi çıxış edir. Problem isə məhz bu şəffaflığın hər yerdə təmin olunmamasıdır. Bəzi hallarda hesabın üzərinə əvvəlcədən bildirilmədən 5-15 faiz servis haqqının əlavə olunması həm yerli müştərilərin, həm də turistlərin narazılığına səbəb olur. Bu cür hallar isə ölkənin qonaqpərvərlik imicinə mənfi təsir göstərir.Müasir turizm standartlarında qiymət şəffaflığı əsas prinsiplərdən biri hesab olunur. Digər tərəfdən, restoran biznesini sistemli şəkildə tənzimləyən vahid dövlət qurumunun olmaması da bu sahədə boşluqlar yaradır. Mövcud qurumlar yalnız müəyyən aspektlərə nəzarət edir və xidmət siyasətinə birbaşa müdaxilə etmirlər. Bu isə vahid standartların formalaşmasına mane olur. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanda servis haqqı praktikası formalaşsa da, onun hüquqi və institusional tənzimlənməsi hələ də yetərli səviyyədə deyil. Mövcud vəziyyət bazar mexanizmləri ilə idarə olunur, lakin bu da bəzən qeyri-şəffaflıq və narazılıqlara səbəb olur. Servis haqqının tətbiqi özü problem deyil, əsas məsələ onun necə tətbiq olunmasıdır. Əgər bu ödəniş əvvəlcədən açıq şəkildə göstərilərsə və istehlakçı tərəfindən aydın qəbul olunarsa, həm müştəri məmnuniyyəti təmin edilər, həm də sektorun ümumi imici güclənər”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
demokrat.az

1Mənbələr