Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun dəvətilə Şanxay şəhərinə işgüzar səfərə gedib.
Səfər çərçivəsində Baş prokurorla Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq arasında ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin strateji tərəfdaş dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb.
Kamran Əliyev qeyd edib ki, son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq həddinə çatıb. Hər iki ölkənin prokurorluq orqanları arasında da möhkəm əməkdaşlıq əlaqələri qurulub.
Daha sonra cinayətkarlığın müxtəlif formalarına qarşı mübarizə, praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın genişləndirilməsi perspektivləri, prokurorluq əməkdaşlarının Çin Xalq Respublikasının ali təhsil müəssisələrində təhsilə cəlb edilməsi ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.
Kamran Əliyev, həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədilə həmkarını ölkəmizə səfərə dəvət edib.
XQ