AZ

Təxminən 300 gün dənizdə: ABŞ-ın superaviadaşıyıcısı sonsuz missiyada ilişib qalıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin ən yeni nüvə aviadaşıyıcısı – USS "Gerald R. Ford" müasir donanma tarixində ən uzunmüddətli yerləşdirmə rekordunu qırmağa hazırlaşır...

Poliqon Forbes-ə istinadən xəbər verir ki, bu həftə etibarilə gəmi dənizdə ən azı 294 gün keçirəcək və 2019–2020-ci illərdə eyni müddətdə səfərdə olmuş USS "Abraham Lincoln"u geridə qoyacaq.

Missiyanın ümumi müddətinin 300 günü keçəcəyi və hətta Vyetnam müharibəsi dövründə xidmət etmiş USS "Midway"in tarixi rekorduna yaxınlaşacağı gözlənilir.

2025-ci ilin iyununda Norfolk bazasından yola düşən aviadaşıyıcı bir neçə bölgədə fəaliyyət göstərib. Əvvəlcə o, Şimal dənizində yerləşdirilib və Norveç də daxil olmaqla müttəfiqlərlə birlikdə Arktika regionunda NATO təlimlərində iştirak edib.

Daha sonra gəmi Aralıq dənizinə, ardınca isə "Cənub nizəsi" adlı antinarkotik əməliyyatda iştirak etmək üçün Karib hövzəsinə göndərilib. Həmin dövrdə o, ABŞ qüvvələrinin Venesuela rəhbərliyinə qarşı səs-küylü addımlar atdığı "Qətiyyətli iradə" əməliyyatına da cəlb olunub.

2026-cı ildə aviadaşıyıcı yenidən Aralıq dənizinə qaytarılıb və İrana qarşı yönəlmiş "Epik qəzəb" əməliyyatında iştirak edir.

Rekord göstəricilərə baxmayaraq, yerləşdirmə ciddi çətinliklərlə müşayiət olunub. Mart ayında gəmidə baş verən böyük yanğın təxminən 30 saat davam edib və yüzlərlə dənizçini istirahət yerlərindən məhrum edib.

Bundan əlavə, ekipaj texniki problemlərlə üzləşir: avadanlıqların aşınması, dəniz suyunun yaratdığı sızmalar və hətta sanitar sistemlərdə kütləvi nasazlıqlar qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, bu qədər uzun yerləşdirmələr normal sayılmır və ABŞ-ın aviadaşıyıcı çatışmazlığını göstərir. Formal olaraq donanmanın 11 superaviadaşıyıcısı olsa da, onların bir hissəsi təmirdədir və ya USS “Nimitz” kimi istismardan çıxarılmağa hazırlanır.

Yeni USS "John F. Kennedy" gəmisinin xidmətə qəbulunda yaranan gecikmələr də vəziyyəti daha da çətinləşdirir.

Gözlənilir ki, USS "Gerald R. Ford" ən azı USS "George H. W. Bush" aviadaşıyıcısı gələnədək Aralıq dənizində qalacaq. Lakin İran ətrafında gərginliyin artması və Hörmüz boğazının bağlanması ehtimalı missiyanın daha da uzanmasına səbəb ola bilər.

Poliqon.info

Seçilən
31
poliqon.info

1Mənbələr